AZ

TRAMP DÜNYANI YENİDƏN NECƏ DİZAYN EDİR? Yeni dünyanın baş memarı ABŞ olacaq

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp dünyada indiyədək mövcud olan diplomatik və siyasi rəftar qaydalarına qətiyyən uyğun gəlməyən davranışlarıyla hamıya sanki xaotik və proqnozlaşdırılması müşkül olan dövrə qədəm qoyduğumuzun mesajını verir.

Davos Ümumdünya İqtisadi Forumuna getməmişdən öncə Trampın Norveçin Baş naziri Yonas Störeyə göndərdiyi məktub xüsusilə diqqət çəkicidir. Tramp bu məktubda mövqeyini ortaya qoyur və demək istəyir ki, mən hamıya yaxşılıq edib sülh yaradırdım, siz isə mənə Nobel Sülh Mükafatı vermədiniz və ona görə də bundan sonra sülh barəsində öhdəlik hiss etməyəcəm, Amerika üçün yaxşı və faydalı olan işlər haqqında düşünəcəyəm.

Tramp həmin məktubda Qrenlandiyaya iddiasını belə ifadə edib: ”Əgər Qrenlandiya üzərində tam və mütləq nəzarətimiz yoxdursa, dünyada təhlükəsizlik olmayacaq”. Başqa bir maraqlı məqam isə Trampın “Truth” sosial şəbəkəsində paylaşdığı şəkildir. Həmin şəkildə Oval ofisdə Makron, Merts, Van der Leyen, Rütte, Stubb, Meloni və Zelenski diqqətlə Trampa baxırlar. Tramp onlara Kanada və Qrenlandiyanın ABŞ ərazisinə məxsus olduğu xəritəni göstərir.

Trampın Qrenlandiya və o cümlədən Kanadaya iddia etməsi ABŞ və Avropa arasında meydana gəlmiş hərbi ittifaqın - NATO-nun dağılması ilə yekunlaşa bilər. Amma bu, Ağ Evi qətiyyən narahat etməyəcək. Elə Trampın başlıca məqsdlərindən biri də ABŞ-nin mövcud öhdəliklərini təftiş etmək, onlardan yaxa qurtarmaqdır.

Sözsüz ki, ABŞ qlobal liderliyini sürdürmək və digər güc mərkəzlərini özünə tabe etdirmək niyyətindədir. Düzdür, bu olduqca çətin və mürəkkəb işdir və hətta ABŞ-nin özündə vahid və yekdil fikir yoxdur, ölkə demək olar ki, ideolji baxımdan iki yerə ayrılıb. Ancaq ABŞ-dəki hadisələrin dinamikası göstərir ki, Tramp ölkənin fövqəldövlət statusuna zərbə vuran daxildəki dualizmə də son qoymağa çalışır və Minnesota ştatında yaşananlar bunun bariz əlamətidir.

ABŞ-nin yeni qlobal dizayna rəhbərlik etməsinin başlıca səbəbi heç şübhəsiz ki, hərbi qüdrətlə yanaşı beynəlxalq ticarətdə ABŞ dollarının emisiyasına bağlıdır və bu səbəbdən də Tramp beynəlxalq ticarətdəki mənfi saldodan öz xeyrinə istifadə edir. ABŞ-nin maliyyə gücü enerji resurslarının, bütün növ metalların, strateji qida məhsullarının qiymətinin dollar ilə müəyyənləşməsidir. Dünyanın bütün aparıcı valyutalarının dəyəri, məzənnəsi ABŞ dollarının birjadakı vəziyyətinə uyğun səviyyədə tənzimlənir.

1971-ci ilin 15 avqust tarixinə kimi ABŞ dollarının dəyəri qızıla bağlıydı, amma Prezident Riçard Nikson bu bağlılığı qoparıb atdıqdan sonra dolların arxasına nefti “pərçimlədilər” və beləliklə, FRS-in emisiya vahidi şəriksiz dünyanın baş valyutasına çevrildi. Əgər dünya səviyyəsində iri miqyaslı geostrateji güc mərkəzləri formalaşacaqsa, onda mütləq beynəlxalq ticarətin mübadilə və ölçü aləti sayılan ABŞ dollarının statusu da müəyyənləşməlidir. Hazırda dünya bazarı bir dövlətin milli valyutasına fiksasiya olunub, iyirmi ildir ki, onun əvəzlənməsinə çalışsalar da, heç bir nəticə hasil edilməyib. Digər yandan, untmayaq ki, Böyük Britaniya funt-sterlinqi, yapon yenası və avro da dolların möhkəmlənməsində maraqlıdırlar, çünki onların hələlik alternativləri yoxdur.

Deməli, məntiqlə belə çıxır ki, dünyanın geostrateji baxımdan dəyişikliyə uğramasıyla yanaşı, onun iqtisadi-maliyyə sistemi də yenilənməlidir. Amma deyəsən, bu məsələdə ABŞ öz maliyyə-valyuta üstünlüyünü kimlərləsə bölüşmək fikrində deyil, ələlxüsus da Avropayla. Vaşinqton Avropanı neytrallaşdırmaq məqsədiylə qlobal meydana bir oyunçu kimi iqtisadi və texnoloji cəhətdən distofik olan Rusiyanı də qoşmaq istəyir.

ABŞ Ukraynada gedən müharibənin Avropa ilə Rusiya münaqişəsi kontekstindən kənara çıxmasını istəmir və beləliklə, Rusiya vasitəsilə Avropaya təsir etməyə çalışır. Bildiyimiz kimi, Rusiya Ukraynada taqətdən salma strategiyasından istifadə edir, amma ABŞ Kiyevin nə güclənməsinə, nə də məğlub olmasına imkan verməyəcək. ABŞ Avropanı nəzarətindən buraxmayacaq. Elə bu səbəbdən də Tramp bütün vəchlə Rusiyanı liderlər sırasına daxil etmək istəyir. Rusiya bir dövlət kimi həyatda qalmasına və Hitler Almaniyasına qalib gəlməsinə, sənaye yaratmasına görə yalnız ABŞ-yə minnətdar olmalıdır. İndi isə onu Avropanın üzərinə salıblar.

Tarixdən o da yaxşı məlumdur ki, ABŞ-nin yüksəlməsinin səbəbi Almaniya, Fransa, Britaniya və SSRİ (Birinci Dünya müharibəsində Rusiya) kimi nəhənglərin müharibələrlə özlərini tükəndirmələrilə əlaqədardır. Dünyanın bu günkü şəkil almasının səbəbi son 500 il ərzində Avropada gedən proseslərə bağlıdır. Müasir inkişafın mənbəyi birmənalı olaraq Avropadır. Amma bir nüansı qətiyyən yaddan çıxarmayaq: ABŞ nə qədər Avropa mədəniyyətinin, siyasətinin və iqtisadi münasibətlər sisteminin törəməsi olsa da, o, özünəməxsus müstəqil bir subyektdir. Hazırda dünyanın bütün parametrlər üzrə fundamental yenilənməsinə məhz həmin subyektin - ABŞ-nin rəhbərlik edəcəyinin təzahürlərini görürük. Sözügedən qlobal yenilənmə ssenarisi haqda hələ 2001-ci il 11 sentyabr terror aktından sonra danışılmağa başlanmışdı.

Ümumiyyətlə, konkret və möhkəm sistemli dünya nizamı tarix boyu heç zaman olmayıb, sadəcə müəyyən zaman kəsimlərində iri güclər arasında təsir zonalarına toxunmamaq barədə şifahi və ya hər hansı müqavilələrlə təsbitlənmiş konsensus olub. Dünyada dövlətlərin ilk dəfə vahid siyasi sistemə, nizama bağlanması müqaviləsi 1648-ci ildə “Vestfaliya sülhü” əsasında Avropada baş tutub. Birinci Dünya müharibəsi bitəndən sonra “Millətlər Liqası” yaradılmışdı, lakin həmin təşkilatın fəaliyyəti uğursuzluqla yekunlaşdı. İkinci Dünya müharibəsindən sonra beynəlxalq münasibətlər və təhlükəsizlik arxitekturası mükəmməlikdən uzaq olan Birləşmiş Millətlər Təşkilatı adı altında yenidən quruldu. Dünyanın iqtisadi-maliyyə və siyasi sistemi isə iki qütbə bölündü. 1991-ci ildə SSRİ-nin dağılmasıyla ikiqütblü dünya öz yerini ABŞ hegemonluğuna verdi. Zaman keçdikcə təbii olaraq dünyadakı siyasi, iqtisadi, texnoloji dəyişmələrin baş verməsi də labüdləşir.

Xülasə, belə görünür ki, gələcək dünya nizamının qurulması çox mürəkkəb atmosferdə keçəcək və onun baş memarı ABŞ olacaq. Qlobal siyasi dizayna təsadüflərdən doğan zərurət kimi baxılması sadəlövhlükdür. Öncədən planlaşdırılmış, lakin müxtəlif fəndgirliklə gizlədilən layihələrin reallaşdırılması prosesinə əslində xeyli müddətdir ki, start verilib, indi sadəcə biz onun sürətlənmə mərhələsindəyik. Beynəlxalq qaydaların yeni şərtlərlə əvəzlənməsi olduqca ağrılı və dolaşıq iqtisadi-siyasi hadisələr burulğanına girəcək və illər ərzində norma kimi qəbul olunmuş münasibətlər sistemi bünövrədən söküləcək. Ona görə də sözügedən prosesin işləməsi mexanizmi yalnız Trampın davranışlarına məxsus tərzdə gedə bilər, çünki əks halda, köhnə standartlara uyğun siyasi mədəniyyət nümunəsi ilə “köhnəni silmək, yenisini yazmaq” formatını gerçəkləşdirmək mümkün deyil.

Əgər indi ABŞ Avropa ilə mübahisə etməlidirsə, deməli, ünsiyyət üslubu da dalaşqan ritorika üzərində qurulmaldır. Şübhəsiz ki, Tramp həmin nəhəng prosesin şərtlərinə uyğun fiqurdur və o, öz funksiyasının öhdəsindən gəlir. Trampın siyasəti ümumi ssenarinin tərkib hissəsi olmaqla yanaşı, müəyyən mənada şou xarakter daşıyır.

Vaqif NƏSİBOV

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
azpolitika.info

1Mənbələr