AZ

Niyə əllə yazmaq hələ də vacibdir? QHT sədrindən AÇIQLAMA

Hər ilin yanvar ayının 23-ü “Xətt Günü” və ya başqa sözlə, “Əl Yazısı Günü” (National Handwriting Day) qeyd olunur.

"Bu günün qeyd olunmasında əsas məqsəd insanlara əl yazısının unikallığını, hər bir insanın əl yazısının özünəməxsusluğunu və əllə yazmağın vacibliyini nəzərə çatdırmaqdır. Gözəl yazmaq bacarığı incəsənət hesab olunur və hal-hazırda bəzi ölkələri çıxmaq şərti ilə kalliqrafiya ustaları çox yüksək qiymətləndirilir. Çox az ölkə tapmaq olar ki, orada gözəl əl yazısı yüksək dəyər görməsin. Tarix boyu yaxşı xətt, gözəl əl yazısı hər bir məkanda hörmətə layiq görülüb və bu gün də belədir. Odur ki, belə bir günün qeyd olunması olduqca önəmlidir".

QHT.az xəbər verir ki, bu fikirləri “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri Esmira Rəhimova QHT.az-a bildirib. Onun sözlərinə görə, hal-hazırda kompüterlərin, elektron poçtların, SMS-lərin və digər sürətli ünsiyyət vasitələrinin ildən-ilə artması və ünsiyyətin elektronlaşması müasir insanı fikirlərini əli ilə yazaraq ifadə etməkdən uzaqlaşdırır. Ancaq şeir, xatirə dəftəri və ya məktub kimi şəxsi ifadələrin əllə yazılmasının hələ də üstünlükləri var:

"Bəlkə də yaxın gələcəkdə əllə yazılmış məlumatlar daha az istifadə olunacaq. Ümumiyyətlə, insanların əllə yazı yazmaq vərdişi texnologiyanın inkişafına və yazı vasitələrinin dəyişməsinə baxmayaraq, tamamilə yox olmayacaq. Sadəcə olaraq, onun üsulu, forması və funksiyası dəyişə bilər. Buna əsasən demək olar ki, təhsil və iş sahələrində rəqəmsal yazı daha çox üstünlük təşkil edəcək. Lakin əllə yazma vərdişi tədricən azalsa da, tamamilə itəcək bir ənənə deyil. Hətta bəzi hallarda əllə yazma üstünlük də qazana bilər".

QHT sədri həmçinin bildirib ki, eyni zamanda, tədqiqatlar göstərir ki, əllə yazmaq insanların məlumatları daha yaxşı yadda saxlamasına kömək edir. Nəticə etibarilə, əllə yazmaq insan mədəniyyətində özünəməxsus yerini qoruyub saxlamağa davam edəcəkdir.

 

Pərvanə Fərhadqızı

Seçilən
0
qht.az

1Mənbələr