AZ

"Hyundai"ın həmkarlar ittifaqı robotlardan istifadəyə etiraz edir

"Hyundai"ın həmkarlar ittifaqı robotlardan istifadəyə etiraz edir

"Hyundai Motors"un həmkarlar ittifaqı işçilərin razılığı olmadan humanoid robotların istehsal xətlərinə buraxılmasına etiraz edib.

AFN.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi həmkarlar ittifaqının açıqlamasına istinadən məlumat yayıb.

"İşçilər və idarəetmə razılığı olmadan heç bir humanoid robot istehsal xətlərinə buraxılmayacaq", – deyə ittifaq nümayəndələri bildiriblər. "Hyundai"ın Cənubi Koreyada təxminən 40 min üzvü olan həmkarlar ittifaqı "Atlas" adlı yeni robotun CES 2026 sərgisində nümayişinin sənaye nümayəndələrində iş yerlərinin gələcəyi ilə bağlı narahatlıq yaratdığını vurğulayıb.

İttifaq qeyd edib ki, şirkət əmək xərclərini azaltmaq məqsədilə süni intellektlə işləyən robotların tətbiqinə gedir, lakin hər hansı yenilik yalnız ittifaqın razılığı ilə qəbul ediləcək. Robot "Boston Dynamics" tərəfindən hazırlanıb və "Hyundai Motors"un planına görə, 2028-ci ilədək ABŞ-da ildə təxminən 30 min belə robot istehsal ediləcək. Sonra onlar tədricən istehsal prosesinə daxil olunacaq, ilk növbədə ABŞ avtomobil zavodlarında.

Atlas robotu bir gün ərzində əksər tapşırıqları öyrənə bilir, ənənəvi sənaye robotlarından daha sərbəst hərəkət edə bilir və mürəkkəb əməliyyatlar həyata keçirə bilir. Robot batareyası azaldıqda özü enerji stansiyasına gedə və sonra işə qayıda bilir.

Qiymətləndirməyə görə, bir robot təxminən 200 milyon von (136 min ABŞ dolları), illik xidməti isə 14 milyon von (9,5 min dollar) dəyərindədir. İnsan işçilərin illik xərci isə 130 milyon von (88,2 min dollar) təşkil edir. Robot 18–24 saat işləyə bilir, insan işçi isə 8–10 saatlıq iş günündə fəaliyyət göstərir.

Seçilən
120
afn.az

1Mənbələr