Orxan Pamukun “Qara kitab” romanı haqqında
əvvəli ötən saylarımızda
Yazıçı Şeyx Qalibin adını baş qəhrəmanına verməklə kifayətlənməyib - “Qara kitab” mövləvi şairin “Hüsnü-eşq” adlı mistik-alleqorik poemasının dekonstruksiyasıdır. Yenə Qisməti dinləyək:
“Bunu biləndən sonra tapıb həmin məsnəvini oxudum. “Hüsnü-eşq”in məzmunu belədir ki, Sevgioğulları qəbiləsində bir gecə iki uşaq dünyaya gəlir. Oğlana Eşq, qıza Hüsn adı qoyurlar, onları göbəkkəsmə eləyirlər, necə deyərlər, körpəlikdən bir-birinə nişanlayırlar. Həddi-büluğa çatanda onlar Ədəb məktəbinə gedirlər, burada Molla Cünun adlı müəllimdən dərs alırlar. Əksər klassik mətnlərdə olduğu kimi gənclər məktəbdə bir-birilərinə aşiq olurlar. Başlayırlar Məna adlı bağçada görüşüb söhbətləşməyə, bu bağçada Süxən (söz) adlı bir müdrik insan onlara kömək edir. Amma sonra Heyrət adlı bir nəfər aşiqlərin görüşməsinə mane olur. Gənclər məktublaşırlar, nəhayət, oğlanın böyükləri qərara gəlirlər ki, gedib qızı istəsinlər. Amma qızın ailəsi əvvəlcə söz versə də, sonra onların evlənməyinə razı olmur. Deyirlər ki, Eşq əgər Hüsnü sevirsə, Qəlb ölkəsinə gedib Kimyanı gətirməlidir. Kəsəsi, Eşq yola düşür, çətinliklərlə qarşılaşır, maneələrdən keçir və s. Pamukun romanı təsəvvüf simvolları ilə dolu, şifrələrlə zəngin bu məsnəvinin “sökülüb-yığılmasıdır”. Romanın qəhrəmanı Qalibin adı məsnəvi müəllifinin ismidir, romanda adı çəkilən yerlərdən biri - Şəhriqəlb apartmanı məsnəvidəki Qəlb ölkəsinə eyhamdır. Qalibin romanın əvvəlindəcə itən həyat yoldaşının adı - Röya da bu mənada əsərin, dekonstruksiya edilən ana mətnin, yəni məsnəvinin mistik məzmununa uyğundur. Bu, artıq üslubi simmetriyadır. Bir də, əlbəttə, romanda köşə yazılarını oxuduğumuz sirli qəhrəman Cəlal Salik var. Salik soyadı da təsadüfi deyil, mənası “təsəvvüf yolçusu” deməkdir. Xırdalığa çox getmək olar. Məncə, əsas məsələ odur ki, Pamuk bu romanda klassik, mistik bir Şərq mətnini dekonstruksiya edib və Floberdən Dostoyevskiyə, Edqar Podan Marsel Prusta qədər saysız-hesabsız irili-xırdalı Qərb müəllifləri ilə həmin mətnin arasında dialoq yaradıb. Bununla da iş bitmir, roman həm də Türkiyə haqqında dəhşətli həqiqətlərə işıq tutur...”
Yeri gəlmişkən, əgər “Qara kitab”da Orxan Pamuk Əttar, Mövlana, Nəsimi, Qalib kimi təsəvvüf yolçularıyla mistik əlaqə qurursa, sonrakı illərdə yazdığı “Mənim adım qırmızı” romanında Nizaminin “Xosrov və Şirin”, Caminin “Yusif və Züleyxa” poemalarına, “Qar” romanında isə Firdovsinin “Şahnamə” dastanlar silsiləsində yer almış “Rüstəm və Söhrab” poemasına istinad eləyir.
“Qara kitab”da əmisi oğlu Cəlal Salikin ömrünə səyahətə çıxan advokat Qalib o səfərin sonunda özünü tapır, Cəlalın güzgüsündə özünə baxa-baxa cəlallaşır - eynən Əttarın otuz quşu da Qaf dağına yetişəndə bir-birində güzgülənib əks olunur, hər quş başqalarının aynasında özünü görür, hər kəs başqalarında özüylə tapışıb özünə qovuşur, beləcə, özünü özgədə tapan, özgənin qəlbinə köçüb özgəsiləşən, bir-birində əriyib-itən otuz quşun birliyindən quşların padşahı Simurq, yəni Allah yaranır. Vəhdəti-vücud fəlsəfəsi Pamukun romanında öz ifadəsini belə tapır.
“Mənim adım qırmızı”da süjetin istiqamətini saray rəssamlarına verilən sifariş müəyyənləşdirir, kolliziyanın əsasında sultanın portretinin çəkilməsi dayanır, qətlə aparan konflikt nəqqaşlardan birinin bu sifarişi dinə müğayir saymasından qaynaqlanır - eynən Nizaminin Şirini də Xosrov şahın nəqqaş Şapurun fırçasından çıxmış rəsmini görəndən sonra qanlı-qadalı məhəbbət cəbhəsinin, sevgi intriqalarının episentrinə düşür, taleyinin buyurduğu istiqamətdə hərəkətə keçir, fədakar ölümünə, mərdanə qətlinə qədər sapmadan, büdrəmədən qismətinə doğru yol gedir.
“Qar”da mühafizəkar dindarlarla modernist cümhuriyyətçilər arasında atalar-oğullar qovğası gedir, bu ölüm-dirim savaşında dindarlar köhnəliyi (ataları), sekulyarlar yeniliyi (oğulları) təmsil eləyirlər - eynən Firdovsinin Rüstəm-Zalı da döyüş meydanında oğlu Söhrabla üz-üzə gəlir; fərq burasındadır ki, “Şahnamə” dastanında yaşlı, təcrübəli ata gənc, saf oğula qalib gəlib övladını qətlə yetirir, “Qar” romanında isə yaşlı, çinli oğullar silahlanıb atalar cəbhəsindəki gənclərə divan tuturlar: birində qoca keçmiş öz gələcəyini yeyir, o birində yaşlı gələcək növcavan keçmişindən qurtulur...
***
Qalib Cəlalın dünyasında dolaşdıqca cürbəcür macəralarla qarşılaşır, əmisi oğlunun əvəzinə telefon danışıqları aparır, ona ünvanlanan iradları, hədələri dinləyir, Cəlalın yerinə müsahibə verir, nəhayət, onun adından köşə yazıları yazmağa başlayır (Mövlana da qəzəllərini Şəmsin adından imzalayırdı). Qalibin Cəlalın ömrünə səyahəti Cəlalı tapmasıyla yox, özünün Cəlala çevrilməsiylə, dünyaya onun gözüylə baxmasıyla, cəlallaşmasıyla nəticələnir, yəni Qalib Cəlalı məhz bu üsulla, beləsinə tapmış olur. Bundan sonra axtarmağın anlamı qalmır - bundan sonra Cəlal tapılsa nolacaq, tapılmasa nolacaq...
Ancaq bu böyük kəşfinə qədər Qalib çox gərgin axtarışlar aparır, hürufilərin metoduyla İstanbulun ona verdiyi işarələri çözməyə, şəhəri açıq kitab kimi oxumağa çalışır, hər reklam mətnində, hər qəzet başlığında, maşın siqnalında, sellofan torbaların üstündəki yazılarda, qulağına ilişən rabitəsiz kəlmələrdə, məkan adlarında, bir sözlə, hər yerdə, hər şeydə gizli mənalar, örtülü mesajlar axtarır, bu yolla Cəlaldan bir soraq alacağına, Röyanın yerini bəlləyəcəyinə ümid bəsləyir. Eyni zamanda həm İstanbulun mənəvi tarixinə, həm də ruhuna heyran olduğu Cəlal Salikin mənəvi dünyasına çıxdığı mistik səfəri boyunca Qalib aradığı gerçəkləri hürufi rəmzləriylə insanların üzündən oxumağa çalışır. Fəsillərdən biri belə də adlanır: “Hərflərin əsrarı və sirrin itirilməsi”.
Səyahətinin sonunda Qalib Cəlalın otağına çəkilib onun paltarlarını geyinir, onun arxivini töküb-töküşdürüb onun masası arxasına keçir, başdan-ayağa Cəlalın qiyafəsinə bürünüb onun adından köşə yazmağa girişir. “Qəhrəman mən imişəm” (ikinci bölümün onuncu fəsli) adlı yazı belə başlanır: “Aynaya baxdım və üzümü oxudum. Ayna səssiz bir dənizdi, üzüm də dənizin yaşıl mürəkkəbiylə yazılı solğun bir kağız. Mən əvvəllər güzgüyə bu qədər boşuna baxanda sənin anan, sənin gözəl anan, mənim də bibim “Canım, üzün kağız kimi ağarıb” deyərdi mənə...” Üslubundan görünür ki, bu məktub-köşənin ünvanı Qalibin itkin düşmüş, qardaşı Cəlalla birgə qeybə çəkilmiş sevgilisi, əmisi qızı, arvadı Röyadır.
davamı növbəti sayımızda
F.UĞURLU