AZ

"Apple" süni intellektlə işləyən geyilə bilən cihazlar hazırlayır

Müəllif:Mehin Qasımova,Banco.az

"Apple" şirkətinin süni intellektə əsaslanan yeni geyilə bilən cihaz üzərində işlədiyi bildirilir.

Banco.az xəbər verir ki, ilkin mərhələdə olan bu məhsul istifadəçinin ətrafını “hiss edə bilən” kameralar və mikrofonlarla təchiz olunacaq.

Məlumata əsasən, cihaz ölçü baxımından AirTag-ə bənzəsə də, bir qədər qalın olacaq və nazik, düz, dairəvi dizayna malik olacaq. Geyimə bərkidilməsi üçün nəzərdə tutulan bu süni intellekt cihazının ötən il bazara çıxan "Humane AI Pin" modelinə oxşayacağı qeyd edilir.

Sızdırılan texniki detallara görə, cihazda iki kamera (standart və geniş bucaqlı), üç mikrofon, inteqrasiya olunmuş dinamik, fiziki düymə və simsiz şarj dəstəyi olacaq. Kameralar foto və video çəkməyə imkan verəcək.

Apple-ın bu məhsulu təxminən 2027-ci ildə bazara çıxarmağı planlaşdırdığı bildirilir. İddialara görə, şirkət rəqabət təzyiqi səbəbindən layihəni sürətləndirir və cihazın 20 milyon ədədə qədər istehsal edilə biləcəyi istisna olunmur.

Qeyd edək ki, Apple-ın bu addımı şirkətin proqram təminatında süni intellekt transformasiyası ilə paralel gedir.

Bildirilir ki, Apple Siri-ni daha fərdiləşdirilmiş və kontekstual süni intellekt köməkçisinə çevirməyi, eləcə də onu "iPhone", "iPad" və "Mac" üçün inteqrasiya olunmuş "AI" çatbotu kimi təqdim etməyi planlaşdırır.

Seçilən
28
1
banco.az

2Mənbələr