AZ

İlon Mask Trampın “Sülh Şurası”nı istehza ilə şərh edib

Davos forumunda sahibkar “peace” və “piece” sözləri üzərindən siyasi eyham vurub...

Amerikalı milyarder və sahibkar İlon Mask ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış “Sülh Şurası” barədə zarafat edib.

Poliqon xəbər verir ki, Maskın reaksiyasına “Clash Report” Telegram kanalı diqqət çəkib. Mask çıxışını Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda edib və auditoriya onun sözlərini alqışlarla qarşılayıb.

İlon Mask zarafatını ingilis dilində səsləşən “peace” (sülh) və “piece” (parça, hissə) sözləri üzərində qurub. O bildirib ki, “Sülh Şurası”nın yaradılması haqqında eşidib və bunun guya “kiçik bir parça” ilə bağlı olduğunu düşünüb. Mask istehzalı şəkildə “bir az Qrenlandiya, bir az Venesuela – axı bizim istədiyimiz tək şey sülhdür” deyərək Tramp administrasiyasının son dövrlərdəki geopolitik planlarına eyham vurub.

Qeyd edək ki, yanvarın 22-də İsveçrənin Davos şəhərində “Sülh Şurası”nın Nizamnaməsinin imzalanma mərasimi keçirilib. Sənəd Vaşinqtonun təşəbbüsünü dəstəkləyən dövlətlərin liderləri və nümayəndə heyətləri ilə birgə təsdiqlənib. Nizamnaməni ümumilikdə 18 ölkənin nümayəndələri imzalayıb.

Həmin ölkələr sırasında Argentina, Türkiyə, Qazaxıstan, Monqolustan, Qətər, Kosovo, Macarıstan, Ermənistan, Özbəkistan, Paraqvay, Azərbaycan, İordaniya, Səudiyyə Ərəbistanı, Bolqarıstan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, İndoneziya və ABŞ yer alır.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr