Avropalı siyasətçilər Vaşinqtonu Kiyevə təhlükəsizlik zəmanəti verməyə inandırmağa çalışır...
Avropa İttifaqı ölkələrinin liderləri ABŞ prezidenti Donald Trampı Ukraynaya Amerika hərbçilərini göndərməyə razı salmaq üçün uzun və intensiv müzakirələr aparıblar.
Poliqon xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadla yazıb. Bildirilir ki, söhbət Ukrayna üçün təhlükəsizlik zəmanətləri çərçivəsində ABŞ hərbi kontingentinin mümkün yerləşdirilməsindən gedir.
Məqalədə qeyd olunur ki, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın baş naziri Kir Starmer də daxil olmaqla Avropa liderləri Tramp və onun komandasını inandırmaq üçün “saymaqla bitməyən saatlar” sərf ediblər. Avropalı siyasətçilərin fikrincə, Kiyevə Amerika hərbi komponentinin təqdim edilməsi Rusiyanı gələcəkdə mümkün yeni hücumlardan çəkindirməyin yeganə effektiv yoludur.
“Politico” vurğulayır ki, Avropa paytaxtlarında ABŞ-nin təhlükəsizlik zəmanətlərinin real dəyəri ilə bağlı ciddi suallar yaranıb. Nəşrin yazdığına görə, Donald Tramp administrasiyası özünü qitə üçün “etibarsız müttəfiq” kimi göstərib və bu da Aİ daxilində strateji narahatlıqları artırıb. Bir çox Avropa lideri hesab edir ki, Vaşinqtonun mövqeyi əvvəlki illərlə müqayisədə daha dəyişkən və proqnozlaşdırılması çətindir.
Məqalə müəlliflərinin qiymətləndirməsinə əsasən, Avropa İttifaqının qarşısında hazırda iki əsas vəzifə dayanır. Birincisi, Qrenlandiya və Ukrayna ətrafında yaranan geosiyasi gərginliklərə diqqəti cəmləşdirmək, ikincisi isə “tamamilə fərqli bir dünyada yaşamaq üçün” yeni strateji xətt formalaşdırmaqdır. Analitiklər qeyd edirlər ki, mövcud vəziyyət Aİ-ni təhlükəsizlik və müdafiə siyasətinə yenidən baxmağa məcbur edir.
Xatırladaq ki, bundan bir gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunduqdan sonra ölkə ərazisində Avropa dövlətlərinin hərbi kontingentlərinin yerləşdirilməsinin zəruri olduğunu bəyan edib. Onun sözlərinə görə, bu addım Ukraynanın təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaya bilər.
Poliqon.info