AZ

Azərbaycan regional təhlükəsizliyə və sülhə yüksək səviyyədə töhfə verir - RƏY

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində artan rolundan xəbər verir. Şübhəsiz ki, bunun arxasında Prezident İlham Əliyevin böyük əzmi, iradəsi və uzaqgörən siyasi strategiyası dayanır. Azərbaycan tam və ədalətli qələbə qazanmaqla uzun illərdir BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların həll edə bilmədiyi münaqişəni məhz öz gücünə həll etmiş oldu, bununla regiona sülh və barış gətirdi.

Bunu AZƏRTAC-a açıqlamasında “Azərbaycan-Amerika Gəncləri” İctimai Birliyinin sədri Vüqar Əhmədov söyləyib.

V.Əhmədov bildirib ki, hazırda dünyada və regionda bir sıra münaqişə, müharibələr hökm sürürr. Dünyanın aparıcı beynəlxalq təşkilatları münaqişələrə son qoymaq gücündə olmadıqlarına görə yeni yollar axtarılır: “Amerika Prezidenti Trampın Sülh Şurası məhz bu təşəbbüsün davamı kimi sayıla bilər. Azərbaycan dünyada sayılıb seçilən çox azsaylı regional ölkələrdəndir ki, məhz bu Şuraya artıq öz ərazisində münaqişəni həll etmiş və regiona sülh gətirmiş bir dövlət kimi daxil olur.

Ekspert bildirir ki, hələ 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq beyin mərkəzləri və qlobal media təmsilçiləri ilə keçirdiyi görüşlərdə dünyanın düşdüyü münaqişəli vəziyyətlərdən çıxış yolları ilə bağlı Prezident İlham Əliyevə suallar ünvanlanırdı. Bu da başadüşüləndir. Dövlətimizin başçısının yürütdüyü sülhpərvər siyasət artıq bütün region, dünyanın sülh modeli kimi qəbul edilir.

Onun sözlərinə görə, sülhü sözdə deyil, əməldə gerçəkləşdirən Prezident İlham Əliyev sülhün iqtisadi dayaqlarını formalaşdıraraq əməkdaşlığa və rifaha xidmət etməsi üçün dünya birliyi ilə yaxından əməkdaşlığı davam etdirdi. Nəticədə ABŞ-nın paytaxtı Vaşinqtonda Donald Trampın iştirakı ilə tarixi bir sənədə imza atıldı: “Azərbaycanın münaqişədən əvvəl və postmünaqişə dövrü çox zəngin proseslərlə yadda qaldı və dünyada mövcud olan hərbi, texnoloji, humanitar missiyalar məhz Qarabağ münaqişəsinin həlli prosesində yüksək səviyyədə tətbiq olundu. Şübhəsiz ki, indi bu təcrübənin öyrənilməsi yeni yaranan və formalaşan dünya nizamında dünyaya daha dayanıqlı sülh, anlaşma və dialoq baxımından fayda gətirəcək. Azərbaycanla ABŞ-ın regional sülh və təhlükəsizliyin təmin olunmasında apardığı əməkdaşlıq Sülh Şurası çərçivəsində daha da genişlənərək dünyaya bir daha barış mesajını verəcək”, - deyə V.Əhmədov əlavə edib.

Seçilən
104
azertag.az

1Mənbələr