AZ

Qarşılıqlı etimad, əməkdaşlıq və dayanıqlı sabitlik modeli

Meydanəli Yolçiyev

YAP Daşkəsən rayon təşkilatının sədri

Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Artan geosiyasi qarşıdurmalar, beynəlxalq hüququn selektiv tətbiqi, iqtisadi risklər və enerji təhlükəsizliyi ilə bağlı qeyri-müəyyənliklər dövlətləri yeni reallıqlara uyğun strategiyalar müəyyənləşdirməyə vadar edir. Belə bir mürəkkəb dövrdə dövlət başçılarının qlobal platformalarda səsləndirdiyi mövqelər yalnız milli siyasətin deyil, bütövlükdə regional və beynəlxalq proseslərin istiqamətini müəyyən edən mühüm amilə çevrilir.

Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Müsahibədə səsləndirilən fikirlər beynəlxalq hüquq, təhlükəsizlik, sülh quruculuğu, enerji diplomatiyası və regional sabitlik kimi məsələlərə kompleks yanaşmanı ortaya qoyaraq dövlətin strateji kursunun mahiyyətini aydın şəkildə nümayiş etdirir.

Müsahibənin əsas məqamlarından biri müasir dövrdə beynəlxalq hüququn əvvəlki kimi mütləq norma kimi qəbul edilməməsi ilə bağlı idi. Qlobal müstəvidə müşahidə olunan ikili standartlar və seçici yanaşmalar beynəlxalq münasibətlər sistemində etimadı zəiflədən əsas problemlərdən biridir. Buna baxmayaraq, rəsmi Bakı öz siyasətini daim hüquqi prinsiplər əsasında qurmuşdur. Suverenliyin və ərazi bütövlüyünün bərpası, siyasi və iqtisadi inkişaf istiqamətində atılan addımlar beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun şəkildə həyata keçirilib. Bu yanaşma göstərir ki, milli maraqların qorunması ilə hüquqi legitimlik arasında tarazlıq qorunur.

Bu mövqe, əslində, güc amilinin ön plana çıxdığı yeni beynəlxalq mühitdə praqmatik və realist strategiyanın ifadəsidir. Hər bir dövlət öz potensialına uyğun siyasət yürütməli, həm regionda, həm də qlobal səviyyədə geniş tərəfdaşlıq şəbəkəsi formalaşdırmalıdır. Azərbaycanın son illərdə əldə etdiyi uğurlar məhz bu yanaşmanın nəticəsi kimi dəyərləndirilir.

Müsahibədə dövlətimizin başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi xüsusi qeyd olunub. Bu mükafat, bütövlükdə ölkənin multikulturalizm, tolerantlıq və humanitar həmrəylik siyasətinə verilən beynəlxalq qiymət kimi dəyərləndirilir. 30 ildən artıq davam edən münaqişə və qarşıdurmalardan sonra regional sülh mühitinin formalaşdırılması istiqamətində atılan addımlar artıq real nəticələr verir. Bu gün Cənubi Qafqazda yeni mərhələ başlanır. Münasibətlərin qarşıdurmadan əməkdaşlığa keçməsi regionun gələcəyi üçün mühüm fürsətlər yaradır. Kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası və humanitar təmasların genişlənməsi qarşılıqlı etimad mühitinin güclənməsinə xidmət edir. Bu proseslər yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün dayanıqlı sabitlik və inkişaf vəd edir.

Dövlətimizin başçısı vurğulayıb ki, ölkə daxilində potensial risklər mövcud deyil. Güclü ictimai-siyasi sabitlik, formalaşmış dövlət institutları və ardıcıl islahatlar dayanıqlı inkişafın əsasını təşkil edir. Potensial risklərin əsasən xarici mənbələrdən qaynaqlana biləcəyi nəzərə alınaraq qonşu mühitdə sabitliyin qorunması prioritet kimi qiymətləndirilir. Çünki regionda proqnozlaşdırıla bilən təhlükəsizlik mühiti həm iqtisadi tərəqqi, həm də sosial rifah üçün həlledici amildir. Sülh və sabitliyin ən böyük sərvət olduğu barədə səsləndirilən fikir uzun illər müharibə və işğalın ağır nəticələrini yaşamış bir cəmiyyətin real təcrübəsinə əsaslanır.

Müsahibədə dövlətimizin başçısı tərəfindən enerji siyasəti də vurğulanıb. Cənubi Qafqazda enerji resurslarına malik olan və eyni zamanda neft-qaz ixrac edən əsas ölkə kimi Azərbaycanın rolu getdikcə artır. Hazırda 16 ölkəyə təbii qaz ixrac edilməsi, onların əhəmiyyətli hissəsinin Avropa məkanına daxil olması, boru kəmərlərinin geniş coğrafiyanı əhatə etməsi ölkəni qlobal enerji təhlükəsizliyinin vacib aktoruna çevirib. Həmin reallıq tərəfdaş dövlətlər üçün etibarlı təchizat, ölkə üçün isə dayanıqlı iqtisadi gəlir deməkdir. Enerji marşrutlarının şaxələndirilməsi və yeni bazarlara çıxış siyasəti strateji çevikliyi daha da gücləndirir. Bu isə uzunmüddətli perspektivdə həm iqtisadi, həm də siyasi mövqeləri möhkəmləndirən amildir.

Avropa Parlamentinin davamlı tənqidlərinə münasibət də Prezident İlham Əliyev tərəfindən müsahibədə ifadə olunub. Qərəzli və siyasi motivli qərarlara artıq reaksiya verilməməsi müstəqil kursun göstəricisi kimi qiymətləndirilir. Seçici yanaşmalar və əsassız ittihamlar real əməkdaşlığa xidmət etmir. Buna görə də daha konstruktiv və praqmatik platformalarla əməkdaşlıq davam etdirilir. Bu yanaşma emosional reaksiyalardan uzaq, milli maraqlara söykənən diplomatik xəttin davamı kimi diqqət çəkir.

Ümumilikdə, Davosdan verilən mesajlar göstərir ki, Azərbaycan milli maraqlarını əsas götürən, beynəlxalq hüquqa hörmət edən, eyni zamanda praqmatik və çevik siyasət həyata keçirən aktor kimi formalaşıb. Regional sabitliyə töhfə verən, enerji təhlükəsizliyini gücləndirən və humanitar dəyərləri təşviq edən bu model qlobal müstəvidə də etimad qazanır. Bu yanaşma ölkəni yalnız regionun deyil, daha geniş coğrafiyanın strateji tərəfdaşına çevirir və qarşıdakı mərhələdə də dayanıqlı inkişaf üçün möhkəm zəmin yaradır.

Seçilən
8
yeniazerbaycan.com

1Mənbələr