AZ

Yeni mexanizm gənclərin təhsildən kənarda qalmasının qarşısını alır

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödəniləcəyi hallar konkretləşir. 

Bu dəyişiklik sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsilə əlçatanlığının artırılmasına hansı töhfəni verəcək?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Elnarə Akimova qeyd edib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi hesabına ödəniləcəyi halların konkretləşdirilməsi mühüm və sosial ədalətə əsaslanan bir addımdır:

"Bu dəyişiklik ilk növbədə həmin kateqoriyadan olan şəxslərin təhsilə əlçatanlığını artırır, maddi maneələri aradan qaldırmaqla onların ali və orta ixtisas təhsilinə cəlb olunmasına real imkan yaradır. Nəticə etibarilə, bu yanaşma onların cəmiyyətə daha fəal inteqrasiyasına, gələcəkdə əmək bazarında rəqabətqabiliyyətli kadrlar kimi formalaşmasına xidmət edir.

Eyni zamanda mexanizmin dəqiq və konkret çərçivədə müəyyən edilməsi dövlət dəstəyinin həqiqətən ehtiyacı olan şəxslərə yönəlməsini təmin edir, subyektiv yanaşmaların qarşısını alır və büdcə vəsaitlərinin daha səmərəli istifadəsinə imkan yaradır. Sosial statusun müəyyən edilməsində vahid meyarların tətbiqi, elektron məlumat bazaları üzərindən yoxlama mexanizmlərinin gücləndirilməsi, ali təhsil müəssisələri ilə aidiyyəti qurumlar arasında operativ məlumat mübadiləsi bu prosesin daha şəffaf və effektiv qurulmasına xidmət edir.

Bu kontekstdə tez-tez səsləndirilən “aşağı balla təhsilin kütləviləşməsi” ilə bağlı narahatlıqların da əsaslı olmadığını düşünürəm. Çünki söhbət qəbul tələblərinin yumşaldılmasından deyil, təhsil haqqının ödənilməsi ilə bağlı sosial dəstək mexanizmindən gedir. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər də digər abituriyentlər kimi mövcud qəbul qaydaları və minimum bal tələbləri çərçivəsində təhsil müəssisələrinə qəbul olunurlar. Burada akademik meyarlar dəyişmir və keyfiyyət prinsipləri qorunur".

Digər tərəfdən bu mexanizm məhdud və konkret sosial kateqoriyaları əhatə etdiyindən onun kütləvi xarakter alması mümkün deyil:

"Əksinə, məqsəd potensialı olan, lakin maddi imkanları məhdud olan gənclərin təhsildən kənarda qalmasının qarşısını almaqdır. Unutmaq olmaz ki, aşağı nəticələr çox zaman sosial bərabərsizliyin nəticəsi olur və dövlət dəstəyi bu fərqi qəbul mərhələsində deyil, məhz təhsil prosesində kompensasiya etməyə yönəlib.

Beləliklə, bu dəyişikliklər bir tərəfdən sosial ədalət prinsipinin güclənməsinə, digər tərəfdən isə akademik keyfiyyətin qorunmasına xidmət edir. Əsas məqsəd təhsili imtiyaz deyil, hər kəs üçün bərabər imkan kimi formalaşdırmaq və sosial dövlət anlayışını praktik müstəvidə daha da möhkəmləndirməkdir".

Seçilən
17
azedu.az

1Mənbələr