AZ

Qlobal Sülh Arxitekturasının Transformasiyası Kontekstində Davos 2026 Sülh Şurası: Orta Güclər Diplomatiyası və Azərbaycan Təcrübəsi



Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik mühitinin mürəkkəbliyi və qeyri-sabitliyi yalnız siyasi və institusional baxımdan deyil, həm də fəlsəfi yanaşma ilə analiz olunmalıdır. Qlobal sülh mexanizmləri və çoxtərəfli institutlar insan cəmiyyətinin əxlaqi və normativ prinsiplərə əsaslanan idarəetmə ehtiyaclarını əks etdirir. Dövlətlərarası və dövlət-daxili münaqişələrin artması yalnız güc balansı və siyasi maraqların qarşılıqlı təsiri ilə izah edilə bilməz. Bu proses həm də ədalət, insan hüquqları və kollektiv məsuliyyət prinsiplərinin təzahürüdür. Klassik çoxtərəfli strukturların, o cümlədən BMT-nin institusional çatışmazlıqları və bürokratik əngəlləri yeni sülh təşəbbüslərinin formalaşmasını labüd edir. Bu kontekstdə, 2026-cı ildə Davosda Dünya İqtisadi Forumu çərçivəsində elan edilmiş Sülh Şurası (Board of Peace) təşəbbüsü yalnız siyasi və praktiki baxımdan deyil, həm də qlobal etik və normativ çərçivədə yeni institusional paradigmaya cavab olaraq ortaya çıxmışdır.

Bu baxımdan, Qəzza bölgəsindəki davamlı humanitar və siyasi gərginlik Sülh Şurasının gündəliyində nəzərdə tutulmuş prinsiplərin, insan hüquqları, kollektiv məsuliyyət və silahlı qarşıdurmaların qarşısının alınmasının praktik əhəmiyyətini ortaya qoyur. Azərbaycan və digər orta güclərin diplomatik təcrübəsi və post-münaqişə sülh quruculuğu modelləri, belə problemlərin həllinə, sülh və humanitar dəstəyin təşviqinə töhfə verə bilər.

Sülh Şurasının yaradılması və fəaliyyətinin fəlsəfi analizinə baxdıqda, onun mahiyyəti yalnız institusional çeviklik ilə ölçülmür. Liberal institusionalist yanaşmanın verdiyi izahlar institutların funksionallığını ön plana çıxarsa da, fəlsəfi prizma bu təşəbbüsü insanlığın kollektiv məsuliyyət və ədalət anlayışlarının beynəlxalq səviyyədə təcəssümü kimi qiymətləndirir. Sülh Şurası institutlararası qarşılıqlı təsirin optimallaşdırılmasını təmin etmək məqsədilə dizayn edilmiş olsa da, onun dayanıqlılığı və legitimliyi yalnız siyasi dəstəkdən deyil, həm də əxlaqi və normativ əsaslardan asılıdır. Bu təşəbbüsün əxlaqi imperativləri arasında silahlı qarşıdurmaların qarşısının alınması, insanların təhlükəsizliyinin qorunması, beynəlxalq hüququn və insan hüquqlarının müdafiəsi əsas prinsiplər kimi çıxış edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu prosesdə rolu həm praktik, həm siyasi, həm də fəlsəfi səviyyədə mühüm əhəmiyyət kəsb edir. Cənab Prezidentin Sülh Şurasının təsisçi iştirakçısı kimi yalnız formal tərəfdaş deyil; o, təşəbbüsün gündəliyində prioritet mövzuların müəyyənləşdirilməsində aktiv rol oynayır, Azərbaycanın regional və beynəlxalq sülh təcrübəsini paylaşaraq, yeni institusional modelin praktik və normativ çərçivəsini zənginləşdirir. Bu rol həm “orta güclər diplomatiyası” konsepsiyası çərçivəsində, həm də fəlsəfi baxımdan strateji liderliyin təzahürü kimi qiymətləndirilə bilər. Azərbaycan diplomatiyası təşəbbüsü həm dövlət maraqlarının qorunması, həm də qlobal sülh və etik prinsiplərin təşviqi məqsədini daşıyır.

Cənab İlham Əliyevin iştirakı xüsusilə post-münaqişə kontekstində Azərbaycanın empirik təcrübəsini beynəlxalq müstəviyə çıxarır. Son illərdə Azərbaycan tərəfindən həyata keçirilmiş işğaldan azad olunmuş ərazilərin bərpası, sosial inteqrasiya və təhlükəsizlik mühitinin təkmilləşdirilməsi sahələrində əldə edilmiş nəticələr Sülh Şurasına praktik töhfə verir. Cənab Prezidentin bu təcrübəni qlobal müzakirələrdə təqdim etməklə, Sülh Şurasının institusional formalaşmasını rəsmi çərçivə ilə üzv şəkilində ifadə edərək, onu real nəticələrə yönəlmiş mexanizmə çevirir. Bu, həm də liderin diplomatik kapitalının təşəbbüsün legitimliyi və qəbul olunmasında nə qədər əhəmiyyətli olduğunu göstərir.

Fəlsəfi prizmdən yanaşdıqda, cənab İlham Əliyevin rolu yalnız siyasi və institusional təsirlə məhdudlaşmır. Onun fəaliyyəti beynəlxalq hüquq, insan hüquqları və qlobal ədalət prinsiplərinin təşviqi ilə uzlaşır. Azərbaycan nümunəsi göstərir ki, orta güclərin diplomatiyası həm etik, həm də praktik tərəfdən qlobal sülhə təsir göstərə bilər. Cənab İlham Əliyevin təşəbbüsləri dövlət maraqlarının qorunması ilə yanaşı, həm də insan təhlükəsizliyi, kollektiv məsuliyyət və etik prinsiplərin qorunması üçün mühüm addım kimi çıxış edir. Bu baxımdan onun iştirakı Sülh Şurasının normativ və etik legitimliyini gücləndirir, təşəbbüsü universal sülh ideallarına uyğun institut kimi möhkəmləndirir.

Azərbaycanın Sülh Şurasındakı mövqeyi həm normativ, həm praktiki, həm də fəlsəfi səviyyədə əhəmiyyətlidir. Post-münaqişə dövründə bərpa və yenidənqurma, təhlükəsizlik və institusional idarəetmənin formalaşdırılması sahəsində əldə edilmiş təcrübə sülh quruculuğu nəzəriyyəsi baxımından empirik model olmaqla yanaşı, etik və humanitar prinsiplərin təzahürü kimi də qiymətləndirilir. Cənab Prezidentin rəhbərliyi ilə tətbiq olunan yanaşma beynəlxalq müzakirələrdə sülh quruculuğunun institusional, normativ və etik aspektlərini birləşdirən nümunə rolunu oynayır. Liderin diplomatik və strateji qərarları Sülh Şurasının institusional inkişafını sürətləndirir, onun legitimliyini və qlobal qəbulunu təmin edir, orta güclərin qlobal sülh gündəliyində rolunu artırır.

Davos 2026 Sülh Şurası təşəbbüsü beynəlxalq münasibətlər sistemində sülh quruculuğu mexanizmlərinin yenidən düşünülməsi, qlobal etik prinsiplərin tətbiqi və institusional innovasiyalar baxımından mühüm addım kimi qiymətləndirilir. Cənab İlham Əliyevin bu təşəbbüsdə fəal iştirakı, onun strateji liderliyi, praktiki töhfələri və normativ-etik mövqeyi isə orta güclərin qlobal sülh gündəliyində artan rolunu təsdiqləyən nümunədir. Azərbaycanın bu prosesdə lider mövqeyi həm institusional dayanıqlığın, həm də qlobal sülh və ədalət prinsiplərinin təşviqinin təmin olunmasına xidmət edir, ölkəni beynəlxalq sülh və təhlükəsizlik diskursunda daha fəal və məsuliyyətli tərəfdaş kimi möhkəmləndirir.

Rövşən Əliyev
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti




Seçilən
16
aia.az

1Mənbələr