Bakı, 23 yanvar, AZƏRTAC
İsveçrənin Davos şəhərində hər il keçirilən Dünya İqtisadi Forumu müasir beynəlxalq sistemdə qlobal iqtisadi və siyasi qərarların formalaşdığı əsas platformalardan biri kimi çıxış edir. Bu forum qapalı və açıq siyasi-iqtisadi dialoqların aparıldığı, real təsir gücünə malik aktorların bir araya gəldiyi strateji məkandır. Burada qəbul edilən mövqelər və formalaşan konsensuslar sonradan beynəlxalq təşkilatların qərarlarında, regional strategiyalarda və transmilli layihələrdə öz əksini tapır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.
O bildirib ki, Davos Forumu, sadəcə, iqtisadi müzakirə meydanı deyil. Qlobal güc balansının dəyişdiyi, beynəlxalq hüququn selektiv tətbiq olunduğu və enerji, təhlükəsizlik, texnologiya kimi sahələrin geosiyasi alətə çevrildiyi bir dövrdə Davos yeni dünya nizamının konturlarının cızıldığı platformaya çevrilib. Enerji təhlükəsizliyi, yaşıl transformasiya, süni intellekt, iqlim siyasəti, regional münaqişələr və nəqliyyat dəhlizləri kimi mövzular bu forumun əsas gündəliyini təşkil edir.
“Belə bir mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı sıradan protokol hadisəsi deyil. Bu iştirak Azərbaycanın artıq regional obyekt deyil, qlobal proseslərdə subyekt kimi çıxış etdiyini göstərən siyasi faktdır. Prezident İlham Əliyev Davos platformasında çıxış edərək Azərbaycanın mövqeyini müdafiə etməklə yanaşı, beynəlxalq auditoriyaya real güc, real resurs və real siyasi iradə nümayiş etdirdi.
Prezident İlham Əliyevin çıxışlarında və müzakirələrdə vurğuladığı əsas xətt praqmatizmə, milli maraqlara və uzunmüddətli strateji düşüncəyə əsaslanır. Azərbaycan nə populist şüarlarla, nə də xarici təsir mərkəzlərinin diktəsi ilə hərəkət edir. Əksinə, ölkə öz enerji resursları, nəqliyyat imkanları və geosiyasi mövqeyi üzərində müstəqil siyasət quraraq tərəfdaşlıq modelini təklif edir. Davos Forumu çərçivəsində Prezident İlham Əliyevin dünya dövlətlərinin rəhbərləri, beynəlxalq maliyyə institutlarının başçıları və transmilli korporasiyaların rəhbərləri ilə keçirdiyi görüşlər formal xarakter daşımır. Bu görüşlər konkret iqtisadi, siyasi və təhlükəsizlik maraqlarına söykənir. Xüsusilə Avropa ilə enerji dialoqu fonunda Azərbaycanın etibarlı təchizatçı kimi mövqeyi daha da möhkəmlənir. Azərbaycan bu gün enerji təhlükəsizliyində boşluqları dolduran, riskləri azaldan və alternativ yaradan ölkə kimi qəbul olunur.
Eyni zamanda, Orta Dəhliz layihəsi çərçivəsində aparılan danışıqlar Azərbaycanın nəqliyyat və logistika baxımından strateji rolunu ön plana çıxarır. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə Azərbaycan Şərq ilə Qərb arasında əvəzedilməz keçid ölkəsinə çevrilir. Bu reallıq Davos kimi platformalarda artıq nəzəri tezis deyil, qəbul edilmiş fakt kimi dəyərləndirilir”, - deyə Y.Hacızadə vurğulayıb.
Politoloq qeyd edib ki, Davos İqtisadi Forumu Prezident İlham Əliyevin siyasi liderliyinin qlobal miqyasda təsdiqləndiyi, Azərbaycanın isə beynəlxalq sistemdə möhkəm yer tutduğunu nümayiş etdirdi. Azərbaycan artıq qlobal gündəliyi izləyən deyil, bu gündəliyin formalaşmasına təsir göstərən dövlətlər sırasındadır.
Prezident İlham Əliyevin beynəlxalq mükafata layiq görülməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xəttin ədalətə, humanizmə, qarşılıqlı münasibətə və sülhə əsaslandığını bildirən Y.Hacızadə dövlətimizin başçısının bu siyasətinin bir çox nüfuzlu şəxslər və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən təsis edilən “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi buna sübutdur. Prezident İlham Əliyev bu ali mükafatla sülhpərvər siyasəti, möhtəşəm sülh quruculuğunda xidmətləri və regional sabitliyin təmin olunmasına verdiyi töhfələrə görə təltif olunub.
Mükafatın verilməsi, ilk növbədə, Prezident İlham Əliyevin postmünaqişə dövründə bölgədə davamlı sülhün bərqərar olunması üçün nümayiş etdirdiyi siyasi iradə ilə əlaqələndirilir. Onilliklər ərzində davam etmiş münaqişədən sonra Azərbaycan liderinin sülh təşəbbüsləri, konstruktiv dialoqa çağırışları və real nəticələrə əsaslanan diplomatik xətti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
“Son illərdə Azərbaycan regional təhlükəsizlik və əməkdaşlıq məsələlərində sabitləşdirici və təşəbbüskar dövlət kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə sülh müqaviləsinin təşviqi, dövlətlərarası münasibətlərin normallaşdırılması, regional kommunikasiyaların açılması, humanitar və mədəni dialoqun genişləndirilməsi istiqamətində ardıcıl və prinsipial mövqe nümayiş etdirir. Məhz bu yanaşma Prezident İlham Əliyevi sülhü yalnız bəyanatlarla deyil, real siyasi addımlarla təmin edən lider kimi fərqləndirir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə verilməsi təkcə şəxsi mükafat deyil, Azərbaycan dövlətinin seçdiyi siyasi yolun – sülh, dialoq və əməkdaşlıq xəttinin beynəlxalq legitimliyinin təsdiqidir. Bu mükafat bir daha sübut edir ki, Azərbaycanın sülh strategiyası regional çərçivəni aşaraq qlobal dəyərə çevrilib”,- deyə politoloq əlavə edib.