AZ

Yeni sülh missiyası

Bakı qlobal təhlükəsizliyin təminində rol alır

Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Qlobal güc mərkəzləri yenidən formalaşır, klassik təhlükəsizlik mexanizmləri isə yeni çağırışlar qarşısında bəzən təsirsiz qalır. Belə bir mürəkkəb geosiyasi mənzərədə regional aktorların qlobal proseslərə təsir imkanları artmaqda, etibarlı tərəfdaş anlayışı isə beynəlxalq siyasətin əsas meyarlarından birinə çevrilməkdədir. Məhz bu kontekstdə Azərbaycanın artan rolu xüsusi diqqət çəkir.

Son illər rəsmi Bakı təkcə regional sabitliyin təminatçısı kimi deyil, həm də qlobal təhlükəsizlik və sülh gündəliyinə töhfə verən məsuliyyətli aktor kimi çıxış edir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsi, multikultural dəyərlərin təşviqi və beynəlxalq dialoq platformalarının yaradılması Azərbaycanın yumşaq və sərt güc elementlərini balanslı şəkildə birləşdirdiyini göstərir. Bu siyasət ölkəmizi etibarlı vasitəçi və dialoq məkanı kimi ön plana çıxarıb.

Dayanıqlı sülhün, rifahın naminə birgə əməkdaşlıq

Yeri gəlmişkən, yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycan Respublikasını təşkilata Təsisçi Üzv Dövlət olmağa dəvət edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Azərbaycan Respublikası sözügedən dəvəti qəbul edərək, Sülh Şurasına Təsisçi Üzv Dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb. Ölkəmizin Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ tərəfinə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək. Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bununla bağlı Prezident İlham Əliyevə məktub ünvanlayıb. Tramp məktubunda Prezident İlham Əliyevi Yaxın Şərqdə sülhü möhkəmləndirmək üçün, eyni zamanda, qlobal münaqişənin həll olunmasına yeni yanaşma üsuluna qədəm qoymaq yolunda son dərəcə mühüm əhəmiyyət daşıyan tarixi və möhtəşəm fəaliyyətə qoşulmağa dəvət etməkdən böyük şərəf duyduğunu bildirib: “Şuranın Sədri kimi, Azərbaycan Respublikasını təsisçi üzv dövlət qismində qoşulmağa və Sizin təmsilçiliyinizlə Sülh Şurasının Nizamnaməsinə tərəf olmağa rəsmi şəkildə dəvət edirəm. Bu Şura bənzərsiz bir qurum olacaq - indiyədək buna oxşar heç bir qurum mövcud olmayıb! Hər bir üzv dövlət onun adından iclaslarda iştirak etmək və təmsil olunmaq üçün səlahiyyətli nümayəndə təyin edə bilər. Əlavədə əhatəli plan və hazırda imzalanma və ratifikasiya üçün açıq olan Şuranın Nizamnaməsi təqdim olunur. Gələcək illərdə dünyada dayanıqlı sülhün, rifahın və hamı üçün qüdrətin bərqərar olunması məqsədi naminə Sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm”.

Prezident İlham Əliyev də bununla bağlı Amerika Prezidentinə məktub ünvanlayıb və Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycan Respublikasını dəvət etdiyi üçün minnətdarlıq edib. Vurğulayıb ki, bu dəvəti Azərbaycan ilə ABŞ arasında qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığın, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul edir: “Azərbaycan Respublikası Sülh Şurasına qoşularaq, onun Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq. İnanıram ki, Sülh Şurası səmərəli beynəlxalq təşkilat olub, öz missiyasını uğurla yerinə yetirəcək. Sizin müdrik liderliyinizə və sülh quruculuğu səylərinizə səmimi təqdirimi qəbul edin. Sizə Sülh Şurasının Sədri vəzifənizdə uğurlar arzu edirəm”. Qeyd edək ki, artıq Sülh Şurasının uaradılması ilə bağlı sənəd imzalanıb.

Beləliklə, Bakının Sülh Şurasına üzv olması Azərbaycanın beynəlxalq nüfuzunun və artan strateji çəkisinin açıq göstəricisidir. Bu addım Azərbaycanın artıq yalnız regional təşəbbüslərlə kifayətlənmədiyini, qlobal sülhün tənzimlənməsində söz sahibi olan ölkələr sırasında yer aldığını təsdiqləyir. Sülh Şurasında təmsilçilik Bakıya beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşmasında daha fəal iştirak imkanı yaradır.

Azərbaycanın bu platformada yer alması eyni zamanda ədalətli mövqeyə, beynəlxalq hüquqa və suverenliyə əsaslanan siyasətinin qəbul edildiyini göstərir. Post-münaqişə dövründə sülh təşəbbüsləri ilə çıxış edən, qarşıdurma yox, əməkdaşlıq xəttini seçən Azərbaycan üçün bu üzvlük yeni siyasi mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu mərhələ ölkəmizin qlobal sülh və təhlükəsizlik proseslərində aparıcı aktorlardan birinə çevrilməsini daha da sürətləndirir.

Uzlaşdırıcı mövqe...

Azərbaycan bu gün üzvü olduğu siyasi təşkilatlarda, iqtisadi birliklərdə fəallığı ilə daim seçilir. Son 20 illik yolda BMT TŞ-ya sədrlik, Qoşulmama Hərəkatına rəhbərlik kimi çətin və məsuliyyətli vəzifələrin öhdəsindən gələn rəsmi Bakı özünün ədalətə əsaslanan, beynəlxalq hüquqa söykənən möqeyi ilə şöhrət qazanıb. Qlobal pandemiya dövründə davranışları, kolonializmdən əziyyət çəkən ölkələrə yardımları, qlobal iqlim dəyişikliyindən əziyyət çəkən dövlətlərin hüquqlarının müdafiəsi kimi mühüm fəaliyyət spektrləri Azərbaycanın beynəlxalq aləmdəki yerini müəyyənləşdirib. Bu, Bakının əhəmiyyətini, əməkdaşlıq üçün tam etimad edilən dövlət kimi qəbul olunduğunu göstərir. Müasir çağırışlar çoxtərəfliliyi təbliğ edir - xüsusilə, ticari-iqtisadi münasibətlərin diversifikasiya edilməsi ölkələrarası əlaqələrə rəngarənglik qatır. Azərbaycanın bütün qlobal mühit üçün alternativ enerji və nəqliyyat marşrutu kimi strateji əhəmiyyətinin artması faktaloji haldır - xüsusilə, Cənub Qaz Dəhlizi, yaşıl enerji layihələri və Zəngəzur dəhlizi kimi təşəbbüslər bu kimi məqamlarda ön plana çəkilir. Paralel olaraq təhlükəsizlik amili yeni dövrün əsas komponentlərindən biri kimi çıxış edir. Azərbaycanın siyasi praqmatizmə əsaslanan mövqeyi və regional sülh təşəbbüsləri iştirakçı ölkələr tərəfindən bütün mənalarda təqdir edilir. Bu isə Azərbaycanın regionda sülh və inkişafın əsas mənbəyi olmasını daha da qətiləşdirir.

Şərq ilə Qərbin kəsişməsində sülh platformasının memarı...

Təbii ki, bu cür uğura imza atmaq heç də asan olmayıb - müstəqillik qazandığı ilk illərdə bir sıra geosiyasi çətinliklərlə üzləşən Azərbaycan son iki onillikdə ardıcıl və müdrik siyasət nəticəsində beynəlxalq aləmdə etibarlı tərəfdaş statusunu möhkəmləndirib. Xüsusilə son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu Azərbaycanın nüfuzunu həm regionda, həm də dünya miqyasında gücləndirib. Qeyd edildiyi kimi, bu gün Bakı həm qlobal Şimalda, həm də qlobal Cənubda tərəfdaş kimi qəbul olunur, beynəlxalq təşkilatlarda fəallığı ilə seçilir və beynəlxalq statuslu problemlərin həllində konstruktiv mövqeyini nümayiş etdirir.

Azərbaycanın beynəlxalq nüfuzunun formalaşmasında bir neçə əsas faktor mühüm rol oynayıb. Əvvəla, ölkəmizin yerləşdiyi geostrateji məkan - Xəzər hövzəsi, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə Şərqi Avropanı birləşdirən yolayrıcında olması Bakını regionun əsas siyasi və iqtisadi aktoruna çevirib. Bu mövqedən səmərəli istifadə edən Azərbaycan transmilli enerji və nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış edərək həm regional sabitliyi, həm də beynəlxalq əməkdaşlığı möhkəmləndirib.

Eyni zamanda, Azərbaycan beynəlxalq arenada qarşılıqlı maraqlara söykənən siyasət yürüdür. Bu siyasət həm Qərb, həm də Şərq dövlətləri ilə etibarlı tərəfdaşlıq münasibətlərinin inkişafına şərait yaradır. Ölkəmiz bir tərəfdən Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində mühüm əməkdaşlıq edir, digər tərəfdən isə İslam dünyası, Asiya ölkələri və postsovet məkanında sıx əlaqələrini qoruyur. Bu, Azərbaycanın “çoxşaxəli diplomatiya” modelini formalaşdıraraq onu beynəlxalq münasibətlər sistemində sabitlik və etibarlılıq simvoluna çevirib.

Yeni dövrdə yeni stabilləşdirici rol...

XXI əsrin yeni mərhələsində dünya siyasətində qütblərarası rəqabətin kəskinləşməsi və enerji-logistika marşrutları uğrunda mübarizənin artması fonunda Azərbaycanın sabitləşdirici potensialı daha aydın görünməyə başlayıb. Bakı artıq yalnız region üçün deyil, həm də geniş Avrasiya məkanında siyasi dialoqun qorunması, təhlükəsizlik risklərinin idarə olunması və əməkdaşlıq mexanizmlərinin qurulması baxımından mühüm mərkəz” funksiyasını icra edir.

Azərbaycanın bu statusu təsadüfi deyil. Ölkənin xarici siyasət xətti hər zaman milli maraqlar prinsipinə, mehriban qonşuluq fəlsəfəsinə və qarşılıqlı fayda modelinə əsaslanıb. Bu siyasət regionu uzun müddət təhdid altında saxlayan güc qarşıdurmalarını neytrallaşdırmağa imkan verir. Təsadüfi deyil ki, postmünaqişə reallığı formalaşandan dərhal sonra Azərbaycan Ermənistanı sülh gündəliyinə dəvət edən tərəf oldu -  Bakı bölgəni ifrat hərbi-siyasi risklərdən azad edərək onu yeni iqtisadi və diplomatik əməkdaşlıq meydanına çevirdi.

P.İSMAYILOV

Seçilən
44
yeniazerbaycan.com

1Mənbələr