BAKI, TurkicWorld, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq TurkicWorld üçün.
Müasir müsəlman ölkələrinin ən ciddi problemlərindən biri təşəbbüskarlığın zəifləməsidir. İnsanlar təşəbbüs göstərməyə meyilli deyillər. Halbuki təşəbbüs olmayan yerdə inkişaf da olmaz. Nə elmi inkişaf edər, nə sənət, nə iqtisadiyyat, nə də sağlam ictimai münasibətlər formalaşar.
Bir müəssisədə çalışan əməkdaş rəhbərin açıq-aşkar yanlış qərarına nəzakətlə, əxlaq və ədəb çərçivəsində etiraz edə bilmir. O, alternativ təklif irəli sürməkdən çəkinir. Elmi mühitlərdə yeni ideyalar və fərqli yanaşmalar irəli sürülmür. Çünki təşəbbüs göstərən adam “problemli şəxs” kimi damğalanmaqdan qorxur. Hamı yuxarıdan gələn göstərişi gözləyir. Bu, müasir müsəlman dünyasının acı reallıqlarından biridir.
Sonra da təəccüblənirik: “Niyə inkişaf etmirik?” Halbuki müzakirə yoxdursa, təşəbbüs yoxdursa, təklif mədəniyyəti formalaşmayıbsa, hansı inkişafdan danışmaq olar? İnkişaf yalnız itaətkarlıqla deyil, düşüncə ilə, sualla və alternativlə mümkündür.
Bəs Qurani-Kərim bizə bunu öyrətmirmi? Allahın Rəsulu Məhəmməd (s) bunu göstərməyibmi? İlahi kitabda və Peyğəmbər sünnəsində sağlam təşəbbüskarlıq açıq şəkildə təşviq olunur. Şura, müzakirə, birgə qərarvermə, məlumat mübadiləsi və fərqli fikirlərin dinlənilməsi İslam düşüncəsinin mərkəzində duran prinsiplərdir.
Halbuki biz bu gün “mənim başım salamat olsun”, “işimi itirməyim”, “kimsənin xətrinə dəyməyim”, “nəyimə lazımdır” prinsipi ilə yaşayırıq. Bu isə nə dini məsuliyyətlə, nə də tarixi təcrübə ilə uzlaşır. Çünki susqunluq da bir mövqedir. Təşəbbüsdən qaçmaq da bir seçimdir.
Ən sonda isə qaçılmaz bir sual ortaya çıxır: Allah qarşısında bu passivliyin, bu biganəliyin, bu “kənarda qalma” psixologiyasının hesabını verə biləcəyikmi?