AZ

Agentlik: Ötən il icbari tibbi sığorta barədə genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilib

Bakı, 23 yanvar, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası”na uyğun olaraq əhali arasında icbari tibbi sığorta sistemi barədə məlumatlılığı artırmaq məqsədilə ötən il də genişmiqyaslı tədbirlər həyata keçirib.

Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, qurumun prioritet fəaliyyət istiqamətləri çərçivəsində müxtəlif layihələr icra olunub. Əhali agentliyin təkmilləşdirilmiş rəsmi internet saytı və “e-Tabib” mobil tətbiqindəki yeniliklər barədə mütəmadi olaraq televiziya, radio və sosial media vasitəsilə məlumatlandırılıb. “Tibb müəssisələrinin axtarışı” bölməsi, interaktiv xəritə, abunəlik xidməti və məmnuniyyət sorğusu funksiyası barədə ətraflı məlumat verilib.

Əhalini qurumun fəaliyyəti və icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər barədə məlumatlandırmaq məqsədilə 104 məlumat paylaşılıb, televiziya, radio və internet kanallarında 282 veriliş və süjet yayımlanıb. Mediadan daxil olan 528 sorğu və sosial media üzərindən göndərilən 2971 sorğu cavablandırılıb. Sosial media hesablarında icbari tibbi sığortadan istifadə qaydaları, Xidmətlər Zərfi, sağlam həyat tərzi, gender zorakılığı, erkən nikah, qohum evliliyi və digər istiqamətlərdə 3279 paylaşım edilib.

Əhali ilə birbaşa ünsiyyət tədbirləri də geniş şəkildə təşkil olunub. Dövlət və qeyri-dövlət qurumlarının əməkdaşları, ali və orta təhsil müəssisələrinin pedaqoji heyəti, tələbələr, məktəblilər və valideynlər üçün icbari tibbi sığorta sistemi, Xidmətlər Zərfi, göndərişlərin verilməsi qaydaları, ailə həkimi və sağlam həyat tərzi mövzusunda təşkil edilən 295 maarifləndirmə tədbirində 17 min 759 nəfər məlumatlandırılıb. Həmçinin media və vətəndaş cəmiyyəti nümayəndələrini icbari tibbi sığorta sistemi və tibbi xidmətlərin xəstəxanalarda təşkili barədə daha dolğun məlumatlandırmaq məqsədilə agentlik və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən 4 mediatur və 2 təlim keçirilib. Bundan əlavə, agentliyin Çağrı mərkəzinin fəaliyyəti ilə tanışlıq məqsədilə “Açıq qapı” günü təşkil edilib. Tədbirlərdə ümumilikdə 252 nəfər iştirak edib.

Reklam və informasiya kampaniyaları maarifləndirmə işinin əsasını təşkil edib. DOST TV ilə əməkdaşlıq çərçivəsində “Sığorta vaxtı” verilişinin 32 buraxılışı yayımlanıb. Agentliyin feysbuk və instaqram səhifəsində ümumilikdə 24 canlı yayım təşkil olunub. ARB TV-də icbari tibbi sığortaya həsr olunmuş həftəlik “Güvənli sabah” verilişinin 11, Real TV ilə əməkdaşlıq nəticəsində isə “İnsan” verilişinin 4 buraxılışı yayımlanıb. Eyni zamanda, ASAN Radio ilə əməkdaşlıq çərçivəsində həftə içi gündə 5 dəfə “1 sual, 1 cavab” rubrikasında dinləyicilərə icbari tibbi sığorta sistemi barədə məlumat verilib.

Bununla yanaşı, respublika üzrə 30 “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri, 7 DOST Mərkəzi, Bakı Regional Məşğulluq Filialı, Dövlət İdman Akademiyası, Sumqayıt Olimpiya İdman Kompleksi, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi və 79 tibb müəssisəsi ilə əməkdaşlıq çərçivəsində 817 monitor vasitəsilə 2 formatda və 8 müxtəlif məzmunda məlumatlandırıcı videoçarxlar nümayiş etdirilib. Eşitmə məhdudiyyəti olan şəxslər üçün işarə dilində 10 video hazırlanıb, görmə qabiliyyəti məhdud şəxslər üçün Brayl əlifbası ilə 2000 sayda 2 təlimat kitabçası çap edilib.

İcbari tibbi sığorta sistemi, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər barədə bukletlər və TƏBİB-lə birgə əməkdaşlıq çərçivəsində sağlam həyat tərzinə dair flayerlər çap olunub. Ümumilikdə 26 növ maarifləndirici çap materialı ilə bağlı nəşr edilən 28 min poster, 31 min buklet, 56 min flayer TƏBİB tabeli və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında paylanılıb. Habelə, brayl əlifbası ilə çap olunmuş 1700 sayda kitabça Sosial Xidmətlər Agentliyi, TƏBİB və Bakı şəhər 5 nömrəli internat tipli xüsusi ümumi təhsil məktəbinə paylanılıb. Metronun 18 stansiyasında 40 reklam və məlumatlandırma lövhəsi nümayiş etdirilib.

Seçilən
67
3
azertag.az

4Mənbələr