““Azəriqaz”, “Azərsu” və digər qurumların adları Azərbaycan sözündən götürülüb. “Azər” hissəsi nə anlama gəlirsə, qurumlara da onun əsasında adlar təyin edilib. Amma “Azəri” məsələsinin tarixçəsi var. Fərqli anlayışlardır. Belə hesab edirəm ki, “Azəriqaz” sözündəki “i” hissəsi iki samitin arasındakı sait olaraq əlavə edilib. Söhbət “Azəri”dən getmir. Bunu tam olaraq yanlış adlandıra bilmərəm”.
Bu sözləri Pravda.az-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru Dürdanə Rəhimzadə deyib.
O bildirib ki, sözügedən qurumlar Azərbaycana məxsusdur deyə belə adlandırılıb: ““Azəri dili” bir çox yerlərdə, xüsusilə Türkiyə türkcəsində deyilir. Etiraf edək ki, biz bunu qəbul etsək də, etməsək də bu ifadə işlənməkdə davam edir. Bir dəfə belə paylaşıma rast gəldim ki, “Azəri torpağının hamımız övladıyıq” mahnısına hamı əl çalıb oynayır, qəbul edir, ancaq türklər “azəri” dedikdə dərhal etiraz edirik. Dilimizlə bağlı o qədər böyük yanlışlıqlar baş verir, biz hamısını bir tərəfdə qoymuşuq. Əsas sözlərin düzgün yazılışının təsdiqinə diqqət yönəltmək lazımdır. Bu istiqamətdə görüləcək işlər çoxdur. Yeni anlayışlar, yeni sözlər, bunların dilə gətirilməsi, olduğu kimi adlandırılması, qarşılığının seçilməsi kimi o qədər önəmli məsələlər var. “Azər” hissəsi Azərbaycan sözünün tərkibində onsuzda var. Dünya təcrübəsində, dillərində də ölkə adının bir hissəsindən istifadə etmək var”.
Qeyd: Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aran deyib ki, “Azəri” sözünün bizə dəxli yoxdur, “Azəriqaz”ın qanuni adı düzəldilməlidir”: “Bizim bütün qurumlarımız belə adlanır: “Azərxalça”, “Azərsu” “Azərışıq” və s. Bəs “Azəriqaz” niyə? Hansı ağıllı bu sözü yazıb? “Azəri”sözünün bizə dəxli yoxdu. Tarix və həyat paradokslar yaradır. Bunu siz hansı ağılla “Azəriqaz” adlandırmısınız? Türklər bizə deyirlər ki, “azəri kardeşlerimiz”. Mən konsulluqda işləyəndə dəfələrlə deyirdim ki, bizə belə deməyin. “Azəri” sözünün bizə aidiyyəti yoxdur”.
Şəhanə Quliyeva