AZ

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası hüquqi və mədəni inkişafın strateji yol xəritəsidir

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2026-cı il 14 yanvar tarixində təsdiq edilən “Azərbaycan Mədəniyyəti - 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası ölkəmizin mədəni inkişaf tarixində mühüm tarixi, hüquqi və mədəni hadisə kimi qiymətləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, Konsepsiya qlobal və daxili çağırışlar nəzərə alınmaqla Azərbaycanın milli kimliyinə əsaslanan müasir mədəniyyət modelinin formalaşdırılması, inkişaf etdirilməsi və 2040-cı ilədək digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədi daşıyan strateji planlaşdırma sənədidir. Sənəd mədəniyyət sahəsində vahid, sistemli və dayanıqlı dövlət siyasətini təmin edir.

Zaur Əliyev qeyd edib ki, Konsepsiya mədəniyyət sahəsinin vahid mövqedən çıxış etməsini nəzərdə tutur ki, bu da Azərbaycanın beynəlxalq arenada güclü və dayanıqlı regional aktor kimi mövqeyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki mədəniyyət milli suverenliyin qorunmasında həlledici amildir və hər bir xalqın mövcudluğu ilk növbədə onun dili və mədəni kimliyi ilə bağlıdır.

Bu baxımdan Konsepsiyada Azərbaycan dilinin milli kimliyi müəyyən edən əsas mədəni ünsür kimi təqdim olunması yüksək qiymətləndirilməlidir. Sənəd, eyni zamanda, mədəniyyət diplomatiyasının inkişafını, mədəniyyətdən beynəlxalq münasibətlərdə “yumşaq güc” aləti kimi istifadəni və qloballaşma dövrünün çağırışlarına adekvat cavab mexanizmlərini nəzərdə tutur.

O bildirib ki, Konsepsiya mədəniyyətə sistemli yanaşma sərgiləyir və Azərbaycan mədəniyyətinin əsas sahələrini - Azərbaycan dili, davranış mədəniyyəti, bilgi mədəniyyəti, ədəbiyyat, incəsənət və mədəni irsi əhatə edir: “Xüsusilə davranış və bilgi mədəniyyətinin ayrıca istiqamət kimi müəyyən edilməsi mühüm yenilikdir. Sənəddə mədəniyyətin həm mənəvi, həm də iqtisadi tərəfləri qarşılıqlı şəkildə təqdim olunur, mədəni və yaradıcı sənayenin inkişafının əhəmiyyəti vurğulanır. Mədəniyyətlə hüququn vəhdəti əsas prinsip kimi çıxış edir, mədəni fəaliyyətin hüququn aliliyi və insan hüquqları kontekstində həyata keçirilməsi ön plana çəkilir.

Konsepsiyanın mühüm cəhətlərindən biri də mədəni hüquqların canlandırılması, onların təbliği və qorunmasıdır. Bu hüquqlar III nəsil insan hüquqlarının əsas komponentlərindən biri olmaqla uzun müddət kölgədə qalmış sahə hesab olunurdu”.

Zaur Əliyev vurğulayıb ki, Konsepsiya hüququn ali prinsiplərindən olan insan ləyaqətinə hörmət prinsipini də özündə ehtiva edir: “İnsan hüquqları məhz ləyaqətdən irəli gəlir və ləyaqətin əsasını mədəniyyət təşkil edir. Bu prinsip həm Azərbaycan Respublikası Konstitusiyasında, həm də beynəlxalq hüquqi sənədlərdə təsbit olunub. Konsepsiya multikulturalizm, tolerantlıq və mədəniyyətlərarası dialoqu Azərbaycanın əsas dəyərləri kimi təqdim edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir və bu yanaşma Konsepsiyada da öz əksini tapır.

Sənəddə mədəniyyətin rəqəmsallaşdırılması, rəqəmsal mədəniyyətin inkişafı, bilgi mədəniyyətinin təşviqi və bilik cəmiyyətinə keçid kimi məsələlər xüsusi yer tutur. Bu yanaşma UNESCO-nun müasir çağırışları ilə tam uzlaşır və rəqəmsal bərabərsizliyin aradan qaldırılmasına xidmət edir”.

Dekan bildirib ki, Konsepsiyanın hədəfləri Bakı Dövlət Universitetinin Hüquq fakültəsi üçün də mühüm əhəmiyyət daşıyır. Fakültədə artıq ikinci ildir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Mədəniyyət hüququ” üzrə magistratura ixtisaslaşması uğurla tədris olunur. Konsepsiya bu sahədə hüquqşünas kadrların hazırlanmasına və mədəniyyət hüququnun elmi əsaslarla inkişafına mühüm töhfə verəcək.

Seçilən
44
2
azertag.az

3Mənbələr