AZ

Azərbaycanda palataların fəaliyyətinin müstəqil hüquqi çərçivədə tənzimlənməsi təklif olunur

Azərbaycanda palataların fəaliyyətinin ayrıca hüquqi çərçivədə tənzimlənməsi məqsədilə "Palatalar haqqında" müstəqil qanunun qəbul edilməsi təklif olunur.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti tərəfindən yeni dövrün hədəfləri müəyyənləşdirilərkən əsas prioritetlərdən biri qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyasıdır: "Türkiyə də daxil olmaqla bir çox ölkələrin təcrübəsi göstərir ki, real sektorun inkişafında palataların xüsusi rolu var. Sənaye, ticarət və xidmət sektorlarında fəaliyyət göstərən palatalar biznesin inkişafına mühüm töhfə verir. Bir sıra ölkələrdə sahibkarlıq subyektləri fəaliyyət göstərdiyi sahə üzrə palatanın üzvü olmadan hətta vergi qeydiyyatına belə alına bilmir. Artıq oxşar təcrübə Qazaxıstan və Özbəkistanda da tətbiq olunmağa başlanıb".

Deputat qeyd edib ki, Azərbaycanda əksər palataların fəaliyyəti hazırda "İctimai birliklər haqqında" qanunla tənzimlənir:

"Lakin nəzərə almaq lazımdır ki, əksər ölkələrdə palatalar ictimai təşkilat deyil, ayrıca institut kimi fəaliyyət göstərir. Onlar qeyri-dövlət qurumları olsalar da, fəaliyyətləri xüsusi olaraq "Palatalar haqqında" qanunla tənzimlənir. Çünki palataların əsas funksiyalarından biri qeyri-neft sektorunda real sektorun dəstəklənməsi və hökumətlə birbaşa dialoqun qurulmasıdır".

V.Bayramovun sözlərinə görə, bu baxımdan Azərbaycanda da "Palatalar haqqında" ayrıca qanunun qəbul edilməsi məqsədəuyğun olardı: "Bu, bir tərəfdən Prezidentin real sektor üçün müəyyənləşdirdiyi biznes-hökumət dialoqunun güclənməsinə, digər tərəfdən isə palataların səlahiyyətlərinin genişləndirilməsinə xidmət edər. Eyni zamanda, xüsusilə sənaye, ticarət və xidmət sektorlarında yeni yaradılacaq palataların funksiyalarının daha da artırılmasına imkan yaradar". (Report)

Seçilən
48
fed.az

1Mənbələr