AZ

ABŞ Norveç və Kanada ilə müdafiə əməkdaşlığını davam etdirir-ÖZƏL

ABŞ Norveç və Kanada ilə müdafiə sahəsində mövcud razılaşmaların icrasını, Qrenlandiyanın potensial olaraq ABŞ-a birləşdirilməsi ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, davam etdirir. Olaylar.az xəbər verir ki, bu barədə həftəlik Defense News qəzeti məlumat yayıb.
Məlumata görə, söhbət, ilk növbədə, 2021-ci ildə imzalanmış ABŞ-Norveç müdafiə paktından gedir. Həmin saziş ABŞ-a Norveç ərazisində yerləşən onlarla hərbi obyektə maneəsiz çıxış imkanı yaradır. Norveç Müdafiə Nazirliyinin nümayəndəsi Aseyr Spange Brekke bildirib ki, Müdafiə Sahəsində Əlavə Əməkdaşlıq Sazişi (SDCA) iki ölkə arasında müdafiə əlaqələrinin inkişafında mühüm rol oynamaqda davam edir. Onun sözlərinə görə, ABŞ Norveçin Rügge kommunasında yerləşən aviabazanın modernləşdirilməsinə 188 milyon dollar sərmayə yatırmağı planlaşdırır. Layihə çərçivəsində dörd qırıcı təyyarə anqarının tikintisi, anbar sahələrinin yaradılması, döyüş sursatlarının saxlanma imkanlarının genişləndirilməsi, təhlükəsizlik hasarlarının quraşdırılması və obyektə aparan yolun çəkilməsi nəzərdə tutulur. İşlər plan üzrə davam edir.
Məqalədə qeyd olunur ki, mövcud ziddiyyətlər Kanadanın ABŞ-dan 11 ədəd MQ-9B SkyGuardian pilotsuz uçuş aparatı almasına dair razılaşmalara da təsir göstərməyib. İlk dronların 2028-ci ilin sonunadək Kanada Silahlı Qüvvələrinin istifadəsinə verilməsi planlaşdırılır. Kanadalı hərbçilərin təlimi isə ABŞ ərazisində keçiriləcək. Dron istehsalçısı General Atomics şirkətinin nümayəndəsi Mark Brinklinin sözlərinə görə, Kanada ilə müdafiə sahəsində əməkdaşlıq "son dərəcə möhkəm olaraq qalır" və müqavilə əvvəlki kimi icra edilir.
Bundan əvvəl Pentaqona məxsus Stars and Stripes qəzeti yazmışdı ki, təxminən 3 min ABŞ dəniz piyadası 2026-cı ilin martında Norveçdə keçiriləcək Cold Response təlimlərində iştirak edəcək. Təlimlərdə, həmçinin ABŞ xüsusi təyinatlıları, P-8 Poseidon kəşfiyyat təyyarələri, F-35A qırıcıları və digər hərbi texnika cəlb olunacaq. Avropa ölkələri və Kanadadan isə ümumilikdə 25 minə yaxın hərbçinin təlimlərə qatılması gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr