AZ

Yeni Sülh Şurası böyük müharibələrə təsir göstərə biləcəkmi? - AÇIQLAMA

"Sülh Şurası ideyası Prezident Trampın təklif etdiyi Qəzza bölgəsində sülhün təmin olunması layihəsinin imzalanmasından sonra meydana çıxdı. Bu şura Qəzza bölgəsində müqavilədə nəzərdə tutulan şərtlərin icrasına nəzarət etməli idi. Sonradan Sülh Şurasının fəaliyyətinin digər konfliktli bölgələrə də şamil olunması ilə bağlı təklif irəli sürüldü. Bu isə bir sıra dövlətlər tərəfindən müqavimətlə qarşılandı. Həmin dövlətlərin bir çoxu imzalanma mərasimində iştirak etmədi, çünki Sülh Şurasının BMT-ni sıradan çıxara biləcəyini güman edirdilər".

Bu fikirləri Redaktor.az-a dünən Davosda imzalanan “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədi haqqında danışan siyasi şərhçi Abutalıb Səmədov bildirdi.

Onun sözlərinə görə, hazırkı şəraitdə Sülh Şurasının Ukrayna müharibəsinə müdaxiləsi yalnız sülh sazişi imzalandıqdan sonra mümkündür:

"Sülh danışıqlarında isə bu şuranın iştirakı, yəqin ki, mümkün olmayacaq. Çünki onsuz da danışıqlar olduqca ağır gedir və bu mərhələdə çoxsaylı şəxslərin prosesə cəlb olunması, əksinə, danışıqlara mane ola bilər. Trampın Zelenski ilə görüşü, eyni zamanda Moskvada Trampın nümayəndələri ilə Putin arasında da danışıqlar oldu. Belə bir düşüncə formalaşıb ki, artıq sülhə xeyli yaxınlaşmaq mümkün olub. Bu isə təbii olaraq Zelenskinin güzəştləri hesabına baş verə bilər. Rusiya dayandığı mövqedən kəskin şəkildə geri çəkilmək niyyətində deyil. O, yalnız cüzi güzəştlərə gedə bilər, lakin ciddi güzəştlərin Zelenski tərəfindən edilməsi gözlənilir. Proseslər də onu göstərir ki, ya Zelenski bu güzəştləri etməyə məcbur qalacaq, ya da müharibə davam edəcək və Ukrayna gələcəkdə daha ağır şərtlərlə sülh müqaviləsi imzalamaq məcburiyyətində qalacaq. Hazırda Sülh Şurasının Ukraynadakı proseslərə müdaxilə etmək imkanı yoxdur. Üstəlik, şura yenicə təsis olunub və onun fəaliyyətə başlaması müəyyən vaxt tələb edir. Çox güman ki, həmin müddət ərzində Ukrayna ilə bağlı danışıqlarda artıq ciddi irəliləyiş əldə olunacaq".

Nuriyyə NATİQQIZI

Seçilən
8
redaktor.az

1Mənbələr