AZ

Ölkədə hansı xəstəliklər yayılıb? - AÇIQLAMA

“Hal-hazırda ölkəmizdə hamının qrip adlandırdığı müxtəlif viruslar yayılıb”.

Bu sözləri infeksionist Ləman Qalimova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, yayılan bütün xəstəliklər qrip deyil:
“Lakin onların hamısını qripə bənzədir. Çünki təxminən hamısında simptom kimi temperatur olur. Əsasən temperatur, öskürək, halsızlıq, qarın ağrısı, diareya və gözdə qızarma kimi şikayətlərlə qarşılaşırıq. Əfsuslar olsun ki, bu şikayətlərin hamısını qripə bağlayırlar. Hərçənd ki, son günlərdə ən çox yayılan viruslardan biri influenzadır”.

Həkim qeyd edib ki, sadəcə bir infeksiyanın adını eşidərək onun müalicəsində kim nə edirsə, onu təkrarlamaq doğru deyil:
“Əgər kiməsə antibiotik kömək və ya hansısa antiviral dərman kömək edibsə, hamı eyni qaydada onu istifadə etməyə başlayır. Ancaq bu şəkildə müalicə etmək qəti surətdə doğru bir şey deyil. Çünki kimdə hansı infeksiyanın olduğunu sadəcə həkim müayinə etdikdən, analizlərin nəticəsindən sonra bilər. Yalnız həkim xəstə hansı infeksiyaya yoluxubsa, düzgün diaqnoz qoyur və ona uyğun individual olaraq müalicəsini yazır”.

İnfeksionist onu da vurğulayıb ki, özbaşına hansısa dərman qəbul etmək olmaz:
“Məsələn, uşaqlar xəstədirsə, aktiv simptomları olan vaxtı məktəbə və ya bağçaya göndərməsinlər. Özləri də xəstə olanda işə getməsinlər, icazə alıb evdə otursunlar ki, digərlərini də yoluxdurmasınlar. 

Xəstə olanda qidalanmaya yaxşı fikir vermək, təmiz hava almaq və su içmək mütləqdir. Əgər temperatur 39 dərəcədən yuxarı qalxırsa və bu vəziyyət 2-3 gündən artıq davam edirsə, deməli bu temperatur salıcılara tabe olmayan qızdırmadır. Bu zaman mütləq şəkildə həkimə müraciət eləmək lazımdır”.

Pərviz

Seçilən
11
hit.az

1Mənbələr