AZ

Rusiya Paşinyan hökumətinə qarşı təzyiqləri artıracaq ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu fəallıq Cənubi Qafqazda geosiyasi maraqların necə bölüşdürülməsi ilə bağlı məsələləri əhatə edəcək

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi gərginlik artır. Rusiyalı politoloq Yevgeni Krutikov Ermənistan KİV-ə açıqlamasında qeyd edib ki, hakimiyyət seçkilər öncəsi siyasi rəqiblərlə mübarizəni gücləndirəcək və bu, ölkədə vəziyyətin tədricən gərginləşməsinə səbəb olacaq: “Seçkiqabağı dövrdə yeni siyasi qüvvə və partiyaların meydana çıxması mümkündür. Bu, mütləq seçkilər üçün olmaya da bilər. Bunlar yeni, uzunmüddətli siyasi qüvvələr ola bilər. Əminəm ki, Ermənistan Baş naziri Nikol Paşinyan seçkilər ərəfəsində özünün təmizlədiyi siyasi meydanda yeni oyunçuları görməyə hazır deyil. Düşünürəm ki, yeni siyasi qüvvələrin yaradılmasına qarşı cəhdlər olacaq, məsələn, Samvel Karapetyan ətrafında. İndi də məhz bu baş verir”.

Krutikovun fikrincə, Ermənistan hakimiyyəti siyasi meydanda bu cür dəyişikliklərə kəskin və sərt reaksiya verəcək. Rusiyalı politoloq İrəvanın qərbyönlü kursunun doğurduğu risklərə də diqqət çəkib: “Avropa İttifaqının perspektivlərinə gəlincə, bu, acınacaqlı görünür. Ora can atmaq qəribə görünür. Paşinyan və “biz Avropa İttifaqına daxil olarıq, bəlkə sonra NATO-ya da qəbul edərlər” deyə düşünən başqalarının mövqeyinə gəlincə, məncə, hələ bir az gözləmək lazımdır və ya heç olmasa, arzuları bir qədər azaltmaq gərəkdir, yoxsa Tanrı qorusun, birdən gerçəkləşər. Orada isə hər şey soyuq və rütubətlidir”.

Siyasi ekspert Aqşin Kərimov “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistanda prezident seçkiləri yaxınlaşdıqca Rusiyanın Qərblə müəyyən razılaşmalara getmək ehtimalları artır. Lakin analitik hesab edir ki, bu razılaşmalar, o cümlədən Donald Tramp və Vladimir Putin arasında aparılan danışıqlar fonunda gündəmə gəlsə belə, tərəflər arasındakı rəqabət davam edir: “Ermənistandakı seçkilər Rusiyanın gələcək perspektiv hədəflərini müəyyənləşdirən əsas amillərdən biri olacaq. Seçkilər yaxınlaşdıqca Moskvanın Ermənistandakı fəallığını artıracağı gözləniləndir. Bu fəallıq Cənubi Qafqazda geosiyasi maraqların necə bölüşdürülməsi ilə bağlı məsələləri əhatə edəcək. Rusiya bu bölgüdə maksimum geosiyasi qazanc əldə etməyi hədəfləyir. Rusiya Cənubi Qafqazda həyata keçirdiyi kəşfiyyat fəaliyyətlərində bir sıra uğursuzluqlarla üzləşib və Ermənistan parlament seçkiləri fonunda yeni uğursuzluqların ortaya çıxması istisna edilmir”.

A. Kərimovun sözlərinə görə, Rusiyanın Ermənistandakı seçkilərə hansı formada müdaxilə edəcəyi və alternativ olaraq hansı variantları gündəmə gətirəcəyi hazırda müzakirə mövzusudur:

“Moskvanın ictimai rəyə təsir göstərmək məqsədilə əsasən yumşaq güc alətlərindən istifadə etməyə çalışacağı gözlənilir. Artıq Rusiyanın Ermənistanda gənclər üzərindən müəyyən təşkilatlanma cəhdləri ilə bağlı məlumatlar yayılmaqdadır. Rusiyanın 102-ci hərbi bazanı Ermənistan hakimiyyətinə qarşı təzyiq aləti kimi istifadə etməyə çalışa biləcəyi ehtimal olunur. Lakin Gümrüdəki bazanın birbaşa dövlət çevrilişi cəhdində iştirak edəcəyi real görünmür. Hazırda Rusiya əlavə geosiyasi risklərə getmək niyyətində deyil. Rusiya, Ermənistana təzyiqlərini artırmaq məqsədilə Zəngəzur dəhlizi məsələsində İrəvandan müəyyən güzəştlər tələb edə bilər. Rusiya Azərbaycana qarşı hər hansı bir şərt və ya güzəşt irəli sürə bilmir, çünki Azərbaycanın geosiyasi mövqeyi və prinsipial siyasəti buna imkan vermir. Ermənistanla bağlı vəziyyət isə fərqlidir və seçkilər fonunda Moskvanın Paşinyan hökumətinə qarşı təzyiqlərini artırması mümkündür”. 

Siyasi ekspert qeyd edib ki, başqa bir vacib məqam ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı Rusiyaya təqdim edə biləcəyi mümkün razılaşmalardır. O həmçinin əlavə edib ki, belə razılaşmalar Azərbaycanın iradəsi xaricində həyata keçirilə bilməz: “Dəhliz üzrə əməliyyat modelinə qərar verəcək əsas tərəf məhz Azərbaycandır. Azərbaycan–Rusiya münasibətlərində müəyyən intensiv danışıqların aparılması ehtimalı mövcuddur ki, bu da Ermənistandakı parlament seçkiləri fonunda Azərbaycanın diplomatik manevr imkanlarını və geosiyasi diapazonunu müəyyən edən əsas faktorlardan biri olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
sherg.az

1Mənbələr