AZ

MOK-da "Etik və psixoloji bacarıqlara güclü idmançı" layihəsinin təltifetmə mərasimi keçirilib

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında "Etik və psixoloji bacarıqlara güclü idmançı" layihəsinə həsr olunmuş təltifetmə mərasimi baş tutub.

Bu barədə XQ-yə MOK-dan məlumat verilib.

Tədbirdə komitənin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, idman idarəsinin müdiri Həsənağa Rzayev, Atletlər Komissiyasının sədri Fəridə Əzizova, Etika Akademiyasının rəhbəri Günel İbrahim, komissiya üzvləri, Olimpiya çempionları və mükafatçıları, eləcə də layihə iştirakçıları iştirak ediblər.

Fəridə Əzizova Etika Akademiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təlim proqramının uğurla yekunlaşdığını bildirib. O qeyd edib ki, layihə çərçivəsində idmançılar üçün etik davranış qaydaları, psixoloji dayanıqlılığın gücləndirilməsi, nitq qabiliyyətlərinin inkişafı və yarışlardan əvvəl stressə davamlılığın artırılmasına yönəlmiş həm nəzəri, həm də praktiki dərslər keçirilib.

Daha sonra Atletlər Komissiyasının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Günel İbrahim çıxışında layihənin əsas məqsədinin idmançılarda dəyərlərə sadiqlik, nitq mədəniyyəti, salamlaşma və protokol qaydalarının formalaşdırılması olduğunu vurğulayıb. O, bu bacarıqların gənc idmançıların həm idman, həm də ictimai fəaliyyətində mühüm rol oynadığını diqqətə çatdırıb.

Atletlər Komissiyasının üzvü Rafiq Hüseynov tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Olimpiya Komitəsinə və Etika Akademiyasına minnətdarlığını bildirib. O, layihənin təşəbbüsünü müsbət qiymətləndirərək, komissiya olaraq gələcəkdə də bu kimi faydalı layihələrin həyata keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Çingiz Hüseynzadə layihənin uğurlu nəticələr verdiyini vurğulayıb. O, layihə iştirakçılarının çıxışlarında nitq mədəniyyətinin inkişafının aydın şəkildə hiss olunduğunu bildirib. MOK rəsmisi gələcəkdə də Etika Akademiyası ilə əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.

Tədbirdə layihə iştirakçıları da çıxış edərək onlara yaradılan imkanlara görə minnətdarlıqlarını bildiriblər.

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub. Layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Günel İbrahimə MOK tərəfindən təşəkkürnamə təqdim edilib.

Qeyd edək ki, layihə Beynəlxalq Olimpiya Komitəsinin (BOK), Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının təşəbbüsü və Etika Akademiyasının dəstəyi ilə həyata keçirilib.

Seçilən
51
8
xalqqazeti.az

9Mənbələr