AZ

Azərbaycan İdman Akademiyasında 15-dən artıq əcnəbi müəllim elmi rəhbər kimi fəaliyyət göstərir

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycan İdman Akademiyasına il ərzində 30-dan artıq əcnəbi müəllim dəvət olunur. Onların əksəriyyəti magistratura təhsil səviyyəsində tədris aparır. Bu ildən etibarən bir çox əcnəbi müəllimləri bakalavriat təhsil səviyyəsində də tədrisə cəlb etmişik. Eyni zamanda, 15-dən artıq əcnəbi müəllim elmi rəhbər kimi fəaliyyət göstərir. Əcnəbi müəllimlərin bir qismi yalnız tədris prosesinə cəlb olunsalar da, digər qismi həm tədris edir, həm də elmi rəhbərdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan İdman Akademiyasının tədris işləri üzrə prorektoru Ülkər Babayeva deyib.

O bildirib ki, təhsil proqramlarından asılı olaraq dərslər Azərbaycanda və tərəfdaş ölkələrdə/universitetlərdə keçirilir: “Məsələn, idman menecmenti tədrisi ingilis dilində aparılan təhsil proqramı çərçivəsində modul, Böyük Britaniyada, idman menecmenti tədrisi rus dilində aparılan təhsil proqramı çərçivəsində isə modul Moskva və Soçidə həyata keçirilir.

Böyük Britaniyanın Koventri Universiteti ilə həyata keçirdiyimiz proqram tələbələrə iki diplom almaq imkanı verir. Hazırda magistratura səviyyəsində idman menecmenti ixtisasında (ingilis dili) təhsil alan 10 tələbənin hamısının Koventri Universitetində təhsilini davam etdirmək imkanı var. Bu imkandan faydalanmaq tələbənin seçimindən asılıdır və onların müəyyən tələblərə cavab verməsi şərtdir. Tələbə birinci kursu Akademiyada bitirir, ikinci kursun birinci semestrində Koventri Universitetinin müəyyən etdiyi tələbləri uğurla ödədikdən sonra həmin universitetdə təhsilini davam etdirmək hüququ qazanır. Qeyd edim ki, 2025-ci ilin noyabr ayında rektor Fuad Hacıyev, mən və məzunlarımız Böyük Britaniyada məzuniyyət mərasimində iştirak etdik. Mərasimdə məzunların adları bir-bir səsləndirildi, onlara təşəkkür edildi və diplomları təqdim olundu. Əvvəlki illərdə idman menecmenti (ingilis dili) ixtisası üzrə yalnız 2 tələbəmiz Koventri Universitetində təhsil alırdısa, 2025-ci ildə 6 tələbəmiz bu universitetin məzunu oldu. Hazırda isə 8 tələbədən 3-ü Koventri Universitetinə getmək imkanı əldə edib”.

Ülkər Babayeva qeyd edib ki, Rusiyanın MGİMO Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramında (idman menecmenti ixtisası - tədrisi rus dili) isə qəbul olunduqları gündən etibarən tələbələr həm Azərbaycanda, həm də Rusiyada təhsil alırlar: “Qəbul qarşılıqlıdır, yəni hər iki ölkədən tələbələr bu proqrama qəbul olub tədrisdən faydalanırlar. Bu proqram çərçivəsində isə modullar az əvvəl bildirdiyim kimi, Bakı, Moskva və Soçidə keçirilir”.

 

Seçilən
77
azertag.az

1Mənbələr