Milli Məclis onkoloji yardım sahəsində özəl tibb müəssisələrinin də xidmət göstərə bilməsini nəzrdə tutan qanun layihəsini müzakirəyə çıxarıb. Hazırda onkoloji xidmət yalnız ixtisaslaşdırılmış dövlət müəssisələrində həyata keçirilir və xəstələr, əsasən, dövlət büdcəsi hesabına müalicə alırlar. Layihə qəbul olunarsa, onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələr də bu sahə üzrə xidmət göstərə biləcək.
“Digər ölkələrdə də onkoloji xəstələr həm xüsusi klinikalarda, həm də dövlət xəstəxanalarında müayinə, həm də digər tibbi prosedurlardan keçir. Bu baxımdan qanunvericiliyin dəyişdirilməsi müsbət addımdır".
Bunu “Yeni Sabah”a tibb üzrə fəlsəfə doktoru, onkoloq Fərid Müseyibov bildirib.
O, son illərdə onkoloji xəstələrin sayında say artımının olduğunuvurğulayıb:
“Xəstəlik həm də cavanlaşır. Bunun bir çox səbəbi var. Araşdırmalara görə, artımın təxminən 40-50%-i genetik amillərlə bağlıdır.
Bundan əlavə, spirtli içki və tütün məmulatlarının istifadəsi, hərəkətsiz həyat tərzi, stress və travmalar onkoloji xəstəliklərin yaranmasında mühüm rol oynayır. Gənclər arasında xəstəliklərin yayılmasının ən böyük səbəblərindən biri isə “fast food” qidalar və qazlı içkilərdir”.
F. Müseyibov bildirib ki, qanun layihəsi qəbul edildiyi təqdirdə onkoloji müalicənin əlçatanlığını artacaq:

"Onkoloji xəstəliklərdə ən vacib mərhələ erkən diaqnozdur. Erkən diaqnoz qoyulan xəstələrdə müalicə effektivliyi daha yüksək olur. Bu, həm xəstələrimiz, həm də həkimlərimiz üçün çox önəmlidir. Bəzi xəstələr sadə müalicələrlə sağalır, bəzi xəstələr isə kimyaterapiya və digər müalicələrə ehtiyac duyur.
Təəssüf ki, xəstələrin əksəriyyəti üçüncü və ya dördüncü mərhələdə müraciət edir. Buna görə də həm müalicə prosesi, həm də xəstəxanaların yükü uzanır və xərclər artır. Lakin son illərdə Azərbaycanda tibbi infrastruktur da ciddi şəkildə inkişaf edib. Yeni klinikalar və yüksək texnologiyalı avadanlıqlar sayəsində həm müayinə, həm də diaqnostika prosesləri daha keyfiyyətli aparılır.
Erkən diaqnoz sayəsində xəstələrin müayinəsi daha effektiv olur və müalicə prosesi həm həkimlər, həm də xəstələr üçün uğurlu nəticələr verir. Onkoloji xəstəliklər, adətən, yalnız əməliyyatla bitmir, əməliyyatdan sonra kimyaterapiya və müntəzəm müayinələr tələb olunur. Bu proses bəzən çətin və uzun olsa da, xəstələrin sağlamlığının qorunması üçün çox vacibdir”.
Qeyd edək ki, bu il onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsinin və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsinə 118 milyon manat vəsait yönəldiləcək.
Əsmətxanım Rzazadə
Telegram kanalımız