AZ

Elmin inkişafı iqtisadiyyatın təməlidir - ŞƏRH

Bakı, 23 yanvar, AZƏRTAC

Ölkəmizdə elmi potensialın artırılması həm universitetlərimizin reytinq göstəricilərinin yüksəlməsinə, həm də iqtisadiyyatın real inkişafına müsbət təsir göstərir. Ekologiya, kənd təsərrüfatı, təhlükəsizlik sistemləri, sosial sahə və digər istiqamətlərdə inkişaf daha qabarıq şəkildə hiss olunur. Bu baxımdan elmi göstəricilər yalnız kəmiyyət deyil, eyni zamanda, keyfiyyət baxımından da yüksək olmalıdır. Belə ki, nüfuzlu elmi jurnallarda dərc olunan məqalələr beynəlxalq elmi aləmdə ölkəmizi layiqincə təmsil edir.

Bu sözləri AZƏRTAC-a açıqlmasında Bakı Dövlət Universitetinin (BDU) müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru Səbuhi Abdullayev deyib.

O, Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində Elmlər Akademiyası ilə bağlı söylədiyi fikirləri xatırladıb. Bildirib ki, Prezident dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsilin bir yerdə olmasının vacibliyinə diqqət çəkib. Dövlətimizin başçısı qeyd edib ki, indi struktur islahatları gedir. Bir çox elmi-tədqiqat institutları bir-biri ilə birləşdirilir. Struktur islahatları ilə paralel olaraq kadr islahatları da aparılır, daha müasir, daha gənc kadrlar önə çəkilir.

Səbuhi Abdullayevin sözlərinə görə, elm və təhsilin vəhdətdə olması gənc tədqiqatçıların elmə marağını daha erkən yaşlardan formalaşdırırmaqla yanaşı, müasir çağırışlara cavab verən gənc alimlərin yetişməsinə zəmin yaradır. Vahid mərkəzdən idarəetmə mövcud problemlərin daha operativ şəkildə aradan qaldırılmasına və qərarların daha sürətli icrasına imkan verir.

“Mərhələli şəkildə aparılan optimallaşdırma elmi baxımdan bir-birinə yaxın ixtisaslaşmış institutların birləşdirilməsini nəzərdə tutur. Növbəti mərhələdə isə universitetlərlə elmi-tədqiqat institutlarının vahid məkanda fəaliyyət göstərməsi müzakirə oluna bilər. Burada xüsusi bir məqamı da nəzərə almaq lazımdır ki, hazırda universitetlər elmi tədqiqat aparan alimlər üçün yetərli iş şəraiti yarada bilmir. Bunun əsas səbəblərindən biri iş otaqlarının məhdudluğudur. Bu problemin aradan qaldırılması üçün müvafiq institutların uyğun universitet fakültələri ilə birgə fəaliyyətinin təmin edilməsi məqsədəuyğun ola bilər. Məsələn, Riyaziyyat İnstitutu ilə BDU-nun müvafiq fakültəsinin, İqtisadiyyat İnstitutu ilə UNEC-in, Kimya İnstitutu ilə ADNSU-nun birgə fəaliyyəti kimi modellər nəzərdən keçirilə bilər. Bütün bunlar qarşıda duran aktual məsələlərdəndir. Dövlətimizin başçısının da vurğuladığı kimi, əsas məqsəd, sadəcə, elmi iş yerlərinin yaradılması deyil, yüksəksəviyyəli elmi tədqiqatla məşğul olan alimlər üçün real imkanların formalaşdırılmasıdır. Həmçinin hansı elmi jurnalda və hansı keyfiyyətdə məqalənin dərc olunması da son dərəcə vacib məsələdir. Bu baxımdan dövlətimizin başçısının qaldırdığı bu məsələlərə uyğun olaraq, elm adamlarının və gənc tədqiqatçıların qarşısında mühüm və məsuliyyətli vəzifələr dayanır”, - deyə o vurğulayıb.

Seçilən
106
azertag.az

1Mənbələr