AZ

BDU-nun əcnəbi tələbəsi: Çinə qayıdan kimi sazı dostlarıma tanıdacam - MÜSAHİBƏ

Bakı, 23 yanvar, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan dili ixtisası üzrə əlavə təhsil alan Liu Xinao həm də Çin Xalq Respublikasının Pekin Xarici Dillər Universitetinin tələbəsidir. O, BDU və Pekin Xarici Dillər Universiteti arasında imzalanmış anlaşma memorandumu çərçivəsində BDU-nun 2021-2030-cu illəri əhatə edən “Strateji İnkişaf Planı”nın beynəlxalq mobillik proqramları üzrə əlavə təhsil alır. Azərbaycan dilinə və mədəniyyətinə göstərdiyi maraq onu dilimizi öyrənən əcnəbi tələbələr arasında fərqləndirir. AZƏRTAC BDU-ya istinadla onun keçdiyi təhsil yolu, Azərbaycan mədəniyyəti ilə tanışlığı və gələcək planları barədə müsahibəsini təqdim edir.

- Təhsil aldığımız proqrama görə, seçdiyin dilin ölkəsində bir semester ərzində oxumalısan. Səyahət etməyi də çox sevdiyim üçün seçdiyim yad ölkə Azərbaycan oldu. Ölkənizin mədəniyyəti, ədəbiyyatı, insanlarının düşüncə tərzi mənə yaxındır. Azərbaycan dilində ucadan danışmaq, kiminləsə söhbətləşmək çox xoşuma gəlir, çünki mən bu dildə ölkəmdə həmişə öz-özümə danışırdım. İndi burada - bu dilin vətənində danışmaq mənim üçün böyük təcrübədir.

- Artıq beş aydır ki, dilimizi məhz BDU-da öyrənirsən, dərslərin necədir?

- Məncə, təhsilin ən yaxşı göstəricisi müəllimlərdir. Onlar bizi öyrətmək üçün fərqli üsullardan, audiovizual materiallar və filmlərdən istifadə edirlər. Çində biz daha çox qrammatika öyrənirdik, amma burada kimləsə söhbət edəndə mən dinləyirəm. Azərbaycan dilində gec öyrəndiyim əsas məqam başa düşərək dinləmək idi. Bu baxımdan buradakı beşaylıq tələbə həyatım mühüm rol oynadı.

- Azərbaycan filmlərini artıq izləmisən, ən çox hansını bəyəndin?

- Düzü, bura gəlməzdən əvvəl heç izləməmişdim. Dərslərdən sonra izləməyə başladım. Mənim üçün dilini öyrəndiyim ölkənin filmlərini izləmək çox maraqlıdır. Hamısını sevdim, amma ən yadımda qalanı “O olmasın, bu olsun” idi. Həm gülməli, həm də dili çox maraqlı gəldi. Filmləriniz kimi mədəniyyətiniz və musiqiniz də çox maraqlıdır. Mən dərslərin köməyi ilə həm filmlərlə tanış oldum, həm də musiqi alətləri ilə. Xüsusilə də sazı çox sevdim. Hətta dostumla planlaşdırırıq ki, Çinə qayıtmazdan əvvəl saz alaq. Orada da bu musiqi alətini tanıdaq.

- Yəqin Azərbaycan ədəbiyyatından nümunələrlə tanışsan. Bizim nümunələrlə Çin ədəbiyyatında hansı oxşar cəhətlər var?

- Ən sevdiyim Şah İsmail Xətainin “Dəhnamə” əsəridir. Ədəbiyyatımızın çox oxşar olduğunu düşünürəm. Bizim də əksər əsərlərimizdə məhəbbət, qəhrəmanlıq nümunələri var. Ailəyə, Vətənə məhəbbət hissləri oxşardır. Mən Azərbaycan ədəbiyyatını çox sevdim. Buradakı təhsilim bitsə də, Çinə qayıtdıqdan sonra ədəbiyyatınızdan nümunələr oxuyacam. Bu, mənim dilimi də inkişaf etdirəcək.

- Azərbaycan dilini öyrənən zaman sənə çətin gələn məqam nə oldu?

- Məncə, ən çətin şəkilçilərin çox olmasıdı. Xüsusilə də zaman şəkilçiləri. Mən danışanda düşünürəm ki, görəsən, hansı uyğun zaman şəkilçisini qoymalıyam? Bu, həm çox vaxt aparır, həm də mənə çətinlik yaradır. Azərbaycan dilində oxumaq isə daha rahatdır.

- Burada olduğun müddətdə azərbaycanlı tələbələrlə dostlaşmısan?

- Əlbəttə, buradakı tələbələr çox mehribandılar. Bura gəlməzdən əvvəl bu, məni çox düşündürürdü. Amma buradakı dostlarım mənimlə çox yaxşı davranırlar, müxtəlif mövzularda kömək göstərirlər. Maraqlı tərəflərdən biri də odur ki, burada Çin dilini öyrənmək istəyən tələbələr var. Mən də təhsil aldığım dövrdə onlara bu mövzuda dəstək oldum. Dilinizi öyrəndim və öz dilimizi öyrətməyə çalışdım.

- BDU-da nəyi ən çox xatırlayacaqsan?

- BDU mənim ağlımda yaxşı təhsili və mehriban tələbələri ilə qaldı. Bu böyük ailənin parçası olmaq çox xoş oldu.

- Çinə qayıdandan sonrakı planların nədir?

- Çinə qayıdan kimi sazı dostlarıma tanıdacam. İlk işim bu olacaq. Planım isə dilinizi öyrənməyə davam etmək və biliklərimi artırmaq olacaq. Gələcəkdə çinli kimi Azərbaycan dilini tədris etmək istəyirəm.

Seçilən
39
1
azertag.az

2Mənbələr