AZ

Şəxsi avtomobil üçün enerjidoldurma qadağası – Qanun nə deyir? 

Azərbaycanda elektrikli avtomobillərin sayının artması fonunda bu nəqliyyat vasitələrinin doldurulması ilə bağlı hüquqi və texniki tənzimləmələr də aktuallaşıb. Son günlər “Azərişıq” ASC-nin yaşayış binalarının yeraltı dayanacaqlarında və qarajlarda quraşdırılmış enerjidoldurma cihazlarına nəzarət və yoxlamalara başlaması məsələni yenidən gündəmə gətirib. Rəsmi açıqlamalara görə, artıq hər bir enerjidoldurma cihazının qoşulduğu elektrik xətti ayrıca yoxlanılır və əgər elektrik avtomobili binanın ümumi elektrik şəbəkəsindən və ya mənzilin mövcud sayğacından birbaşa çəkilmiş xətt vasitəsilə doldurulursa, həmin xətt dərhal şəbəkədən ayrılır.

Mövcud qaydalara əsasən, sakinlər elektrik avtomobillərini şarj etmək üçün “Azərişıq” ASC-yə müraciət etməli, texniki şərt almalı və bu şərtə uyğun olaraq ayrıca elektrik sayğacı quraşdırmalıdırlar. Qaraj və ya dayanacaq sahəsində elektrik enerjisindən istifadə üçün yoxlamalar aparılmazdan əvvəl mütləq şəkildə mülkiyyət sənədi, yəni çıxarış təqdim olunmalıdır. Bu sənədlə vətəndaş “ASAN Kommunal” mərkəzinə müraciət edir, bundan sonra əraziyə və transformator imkanlarına baxış keçirilir. Uyğunluq təsdiqlənərsə, texniki şərt verilir, sayğac sifariş olunur və əlavə rüsumlar tətbiq edilir. Qüvvədə olan tariflərə görə, 10 kilovatadək güc üçün hər 1 kilovat üzrə 40 manat, 10 kilovatdan yuxarı güc üçün isə hər 1 kilovat üzrə 60 manat ödəniş nəzərdə tutulur.

Qanunvericilik prizmasından baxdıqda, hazırkı sistemdə əsas yanaşma ondan ibarətdir ki, elektrik enerjisi kommersiya və ya fərdi istifadə məqsədilə ayrıca uçot altında olmalıdır və ümumi bina şəbəkəsindən nəzarətsiz istifadə yolverilməz sayılır. Bu baxımdan “Azərişıq”ın yoxlamaları mövcud qaydalara formal olaraq zidd deyil. Lakin praktikada bu tələblər vətəndaşlar üçün həm maliyyə, həm də inzibati baxımdan ciddi çətinliklər yaradır. Xüsusilə qeyd olunur ki, söhbət kommersiya məqsədli enerjidoldurma məntəqəsindən deyil, şəxsin öz şəxsi avtomobilini gündəlik istifadəsi üçün şarj etməsindən gedir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Elmin Mahmudov bildirir ki, mövcud yanaşma hüquqi baxımdan birtərəfli inzibati nəzarət mexanizmi üzərində qurulub və texnoloji inkişafın reallıqları ilə tam uzlaşmır.

“Bir vətəndaşın öz mülkiyyətində olan avtomobil üçün yaşadığı binada və ya ona məxsus qarajda elektrik enerjisindən istifadə etməsi prinsip etibarilə qadağan edilə bilməz. Əgər bu istifadə binanın ümumi təhlükəsizliyinə, elektrik şəbəkəsinin dayanıqlığına zərər vurmursa və istehlak olunan enerji düzgün uçota alınırsa, əlavə rüsumlar və faktiki olaraq yeni bir “mini-istehsalçı” kimi yanaşma hüquqi baxımdan mübahisəlidir”.

Hüquqşünasın fikrincə, qanunvericilikdə fərdi istifadə ilə kommersiya fəaliyyəti arasında aydın fərq qoyulmalıdır:

“Yəni bir şəxs öz həyatında, öz avtomobilini şarj etmək üçün enerjidoldurma cihazı quraşdırırsa, bu, xidmət göstərilməsi və ya gəlir əldə edilməsi kimi qiymətləndirilməməlidir.

Əslində isə mövcud mexanizm vətəndaşı əlavə texniki şərtlər, rüsumlar və bürokratik prosedurlarla üz-üzə qoyaraq elektrikli avtomobildən istifadənin cazibədarlığını azaldır.

Düzgün yanaşma fərdi enerjidoldurma cihazları üçün sadələşdirilmiş icazə mexanizminin tətbiqi, mövcud mənzil sayğacları üzərindən ayrıca uçot imkanlarının yaradılması və ya aşağı güclü şarj cihazları üçün xüsusi normativlərin müəyyən edilməsidir”.

“Hazırda qüvvədə olan qaydalara görə, vətəndaş öz elektrik avtomobilini istənilən yerdə və istənilən formada şarj edə bilməz və bunun üçün mütləq “Azərişıq”dan texniki şərt almalı, ayrıca sayğac quraşdırmalı və əlavə ödənişlər etməlidir. Halbuki texnoloji və ekoloji baxımdan elektrikli nəqliyyatın təşviq edilməli olduğu bir dövrdə bu sahədə daha çevik, fərdi istifadəni nəzərə alan və hüquqi balansı qoruyan yanaşmanın formalaşdırılması zərurəti açıq şəkildə ortaya çıxır” , – deyə Elmin Mahmudov qeyd edib.

Seçilən
33
nocomment.az

1Mənbələr