AZ

Qarabağ və Şərqi Zəngəzurda məşğulluqla bağlı sistemli tədbirlər ardıcıl və effektiv şəkildə davam etdirilir - AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi məsələsinin həllinin həmin ərazilərdə məskunlaşan əhalinin dayanıqlı məskunlaşması və sosial rifahı üçün xüsusi əhəmiyyəti var. Bu baxımdan sakinlər üçün yeni iş yerlərinin və məşğulluq imkanlarının formalaşdırılması, işsiz şəxslərin peşə bacarıqlarının artırılması görülən işlərin vacib stiqamətini təşkil edir.  Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənlərlə fəal və davamlı əməkdaşlıq şəraitində ardıcıl işlər aparılmaqdadır.

Bu fikirləri İqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, Professor Elşad Məmmədov QHT.az-abildirib. Onun sözlərinə görə, doğma yurdlarına qayıdan sakinlər işədüzəltmə, özünməşğulluq proqramı, peşə hazırlığı proqramı, əmək yarmarkaları və s. kimi məşğulluq proqramları ilə sistemli şəkildə əhatə olunurlar. Hələ köçürülməzdən əvvəl onlarla görüşlər keçirilir və məşğulluq imkanları qiymətləndirilir, fərdi məşğulluq proqramları tərtib edilir ki, bu da çox önəmlidir:

"Qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərə köçürülmüş iqtisadi fəal olan şəxslərdən artıq 8 minədək şəxsin məşğulluğu təmin edilib. Ümumilikdə, Böyük Qayıdış proqramı üzrə Qarabağ və Şərqi Zəngəzura köçürülən sakinlərdən əmək qabiliyyətli olanların məşğulluğunun təminatı göstəricisi 90 faizdən yüksəkdir. Öz yurdlarına qayıdan insanların doğma torpaqlarında iqtisadi fəaliyyət sahələrində öz təsərüfatlarını qurmaları üçün özünüməşğulluq proqramı çərçivəsində mühüm işlər görülməkdədir. Köçürülən sakinlərin artıq 700 nəfəri üçün proqram çərçivəsində verilmiş avadanlıqlar hesabına kiçik biznes sahələri yaradılmışdır. Nəzərə alaq ki, məşğulluğun təmin olunmasında işaxtaran şəxslərə işəgötürənlərlə birbaşa ünsiyyət imkanı verən əmək yarmarkalarının da böyük rolu var.  Burada qeyd etmək lazımdır ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün həmin ərazilərdə indiyə kimi 27 əmək yarmarkası təşkil olunmuşdur".

Professor həmçinin bildirib ki, sakinlərin əmək bazarının tələblərinə uyğun peşə bacarıqlarının yüksəldilməsi məqsədilə Dövlət Məşǧulluq Agentliyi tərəfindən onlar üçün müvafiq sahələr üzrə peşə hazırlığı kursları da təşkil edilməkdədir. Agentlik işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərindən artıq 356 şəxsi peşə kurslarına cəlb etmişdir.  Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzi bu sahədə önəmli işlər  görür.  Belə ki, Mərkəzdə 50-dək istiqamət üzrə müvafiq peşə kursları təşkil olunmaqdadır:

"Onu da bildirək ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislər və işəgötürənlər üçün stimullaşdırıcı dəstək zərfi də icra olunmaqdadır. Qeyd edək ki, həmin mütəxəssislər birdəfəlik müavinətlə (600 manat),  hər il 5 gün əlavə məzuniyyətlə, aylıq vəzifə maaşına əlavələrlə təmin edilirlər.    Bununla yanaşı, qeyd olunan ərazilərdə fəaliyyət göstərən işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması işləri və s. də aparılır. Zənnimcə, işǧaldan azad edilmiş ərazilərdə məşǧulluqla baǧlı qeyd edilən sistemli tədbirlərin effektiv və ardıcıl şəkildə reallaşdırılması həmin ərazilərin iqtisadi inkişafına müsbət impuls verməlidir!!!"

Seçilən
61
qht.az

1Mənbələr