AZ

Bölgələrdə işsizlik problemi - Çıxış yolları nədir?

Bölgələrdə işsizlik problemi müasir dövrdə sosial-iqtisadi inkişafın qarşısında duran əsas maneələrdən biridir. İş imkanlarının məhdud olması əhalinin paytaxta və iri şəhərlərə kütləvi miqrasiyasına səbəb olur. Bu hal bölgələrin iqtisadi potensialından tam istifadə edilməməsinə və sosial problemlərin artmasına gətirib çıxarır. Bəs, hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Missiya.Az-a danışan deputat Arzuxan Əlizadə bildirib ki, bölgələrdə işsizlik probleminin həlli üçün yeni iş yerlərinin açılması vacib şərtdir:

"Bildiyiniz kimi, hazırda işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Bu ərazilərə əhalinin qayıdaraq məskunlaşması ilə yanaşı, onların məşğulluq məsələləri də mərhələli şəkildə həll olunur,- deyə o qeyd edib.

Deputatın sözlərinə görə, Azərbaycanda iqtisadi sahədə artıq müəyyən bir ənənə formalaşıb – sənaye parkları yaradılır. Sumqayıt Sənaye Parkı bunun bariz nümunəsidir. Bununla yanaşı, ölkənin digər bölgələrində də sənaye parkları fəaliyyət göstərir. İşğaldan azad olunmuş ərazilərdə, xüsusilə Ağdamda, Zəngilanda və digər rayonlarda da sənaye parklarının yaradılması prosesi davam edir. Bu parklar orta və kiçik sahibkarlıq subyektləri üçün əlavə imkanlar yaradır ki, onlar öz fəaliyyətlərini qursunlar və genişləndirsinlər.

Deputat qeyd edib ki, müxtəlif sahələr üzrə sənaye parklarında fəaliyyət göstərən sahibkarlar yeni iş yerlərinin açılması və işçi qüvvəsinin cəlb edilməsi baxımından mühüm rol oynayırlar:

"Ümumilikdə, yeni iş yerlərinin yaradılması məşğulluq probleminin həllinə ciddi töhfə verir.

Hesab edirəm ki, dövlət sektorunun rolu ilə yanaşı, həllini tapmalı olan bir sıra digər məsələlər də mövcuddur. Məsələn, bəzi nazirliklərin, komitələrin, eləcə də təhsil müəssisələrinin regionlara köçürülməsi təklif olunub və düşünürəm ki, bu proses mərhələli şəkildə həyata keçiriləcək. Xankəndidə Qarabağ Universitetinin açılması bu istiqamətdə atılmış mühüm addımdır. Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin və digər mərkəzi icra qurumlarının regionlara köçürülməsi də yeni iş yerlərinin açılmasına və işsizlik probleminin azaldılmasına müsbət təsir göstərə bilər",- Arzuxan Əlizadə əlavə edib.

Onun sözlərinə görə, ali təhsil və orta ixtisas təhsili müəssisələrinin bir qisminin regionlara yerləşdirilməsi də əlavə məşğulluq imkanlarının yaranmasına şərait yaradacaq:

"Paralel olaraq, xüsusilə orta və kiçik sahibkarlıq subyektlərinə güzəştli və imtiyazlı imkanlar təqdim edilməlidir ki, onlar yeni iş yerləri açmağa daha çox maraq göstərsinlər.

Son illərdə Bakı şəhərində əhalinin sıx məskunlaşması bir sıra problemlərə – nəqliyyat sıxlığına, kommunikasiya xətlərinin yüklənməsinə səbəb olur. Bölgələrdə yeni iş yerlərinin yaradılması bu problemlərin də paralel şəkildə azalmasına kömək edə bilər. Bu baxımdan, regionlarda məşğulluğun artırılması ölkənin ümumi sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək",- deputat qeyd edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
20
missiya.az

1Mənbələr