Yanvarın 23-də Daxili İşlər Nazirliyində 2025-ci ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquq mühafizə siyasəti sayəsində ölkəmizdə möhkəm təməllərə söykənən sabitlik “Konstitusiya və Suverenlik İli” olan 2025-ci ildə də etibarlı qorunub. Cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xidməti vəzifələr layiqincə yerinə yetirilib, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə, habelə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik etibarlı təmin edilib. Ümumən qanunla müəyyən edilmiş funksiyaların icrası digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə peşəkarlıq və qətiyyətlə davam etdirilib.
Hesabat məruzəsində vurğulanıb ki, ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 31.852 cinayət qeydə alınıb, onlardan 90,5 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 310 fakt təşkil edib. Cinayətlərin 92,8 faizi və ya 29.572-i daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində araşdırılan hüquqazidd əməllər olmaqla 93,5 faizinin açılması təmin edilib. Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 90,1, qeyri-aşkar şəraitdə baş verənlərin 90,9, şəxsiyyət əleyhinə olanların 98,9, mülkiyyət əleyhinə olanların 89,5 faizi, qəsdən adam öldürmələrin, qəsdən sağlamlığa ağır zərər vurmaların, soyğunçuluqların və quldurluqların hamısı açılıb.
Xırda talamaların açılmasının nəticələri də yaxşılaşaraq 92 faizə yüksəlib.
Cinayətlərin ağır, xüsusilə ağır və transmilli mütəşəkkil növlərinin qarşısının alınması və istintaqı kimi mühüm vəzifələrin icrası sahəsində böyük bir iş həcmi yerinə yetirilib. Prokurorluq orqanları ilə birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə cəmiyyətdə rezonans doğurmuş bir sıra cinayətlərin açılması təmin edilib, eləcə də keçmiş illərdən bağlı qalmış 355 cinayət açılaraq təqsirli şəxslər məsuliyyətə cəlb olunub.