AZ

Gənclərdə özgüvən problemi və səbəbləri - Cavid Vəkilov yazır

Müasir gənclər arasında özgüvən problemi getdikcə geniş yayılır. Özlərinə inamın azalması bir çox hallarda ailədə və yaxın mühitdə formalaşan gözləntilərlə bağlıdır. Valideynlərin davamlı tənqidi və başqaları ilə müqayisəsi gəncin özünü kifayət qədər dəyərli hiss etməməsinə səbəb olur. Gənc tez-tez “başqaları kimi olmalıyam” düşüncəsi ilə yaşamağa məcbur olur və bu da onun daxili azadlığını və fərdi seçim imkanlarını məhdudlaşdırır.

Ailə xaricində isə dostlar və həmyaşıd qruplar gənclərin özgüvəninə təsir göstərir. İnsanlar tez-tez ətrafdakılarla müqayisə edilir, “kimin daha uğurlu” və “kim daha cəsarətlidir” kimi kriteriyalar əsasında dəyərləndirilir. Bu müqayisələr gəncin özünü ikinci plana atmasına, fərdi bacarıqlarını dəyərləndirməməsinə və özünü yetərsiz hiss etməsinə gətirib çıxarır.

Sosial media və virtual mühit də özgüvən problemi üçün ciddi risk mənbəyidir. Orada nümayiş olunan “mükəmməl həyat” görüntüləri gənclərdə reallıqla müqayisədə daxili təzyiq yaradır. Hər paylaşım onları öz həyatlarını və uğurlarını başqaları ilə müqayisə etməyə məcbur edir. Bu isə nəticədə “mən kifayət deyiləm” düşüncəsinin güclənməsinə, daxili narahatlıq və narazılığın artmasına səbəb olur.

Cəmiyyətdə uğurun dar çərçivədə qiymətləndirilməsi gənclərin fərdi potensialını reallaşdırmasına mane olur. Yalnız pul, status və populyarlıq əsasında ölçülən uğur meyarları fərqli bacarıqlara sahib gənclərin geri çəkilməsinə yol açır. Bu gəncləri təşəbbüskarlıqdan və yeni imkanları sınamaqdan çəkindirir, risk etmək qorxusunu gücləndirir.

Özgüvən problemi həm fərdi, həm də sosial səviyyədə risklər yaradır. Özünü dəyərsiz hesab edən gənc fikir bildirməkdən, yeni layihələrdə iştirak etməkdən və cəmiyyətdə aktiv rol almaqdan çəkinir. Uzun müddətdə bu, həm şəxsi inkişafın, həm də cəmiyyətin yaradıcı potensialının azalmasına gətirib çıxarır.

Psixoloji və sosial təzyiqlər uzun müddət davam etdikdə gəncin daxili azadlığı əriyir. Başqalarının gözləntilərinə uyğun yaşamaq və “kimin kimi olmalıyam” qorxusu uzunmüddətli öyrənilmiş davranış modelinə çevrilir. Bu vəziyyət gənclərin öz istəklərini ifadə etməkdə çətinlik çəkməsinə, passivləşməsinə və nəticədə özgüvənin daha da zəifləməsinə səbəb olur.


Cavid Vəkilov

Seçilən
300
qht.az

1Mənbələr