AZ

Lənkəranda ötən ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib - FOTOLAR

Yanvarın 23-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Prezidentin Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Milli Məclisin deputatlarıCavanşir Paşazadə, Anar  İsgəndərov, YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərlərivə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ümummilli Lideri Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri qoyublar. 

Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra ötən ilin yekunlarına dair hesabat yığıncağı öz işinə başlayıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov hesabat yığıncağında geniş məruzə ilə çıxış edib, 2025-ci ildə görülmüş işlər, sosial-iqtisadi nəticələr və 2026-cı ildə qarşıda duran prioritetlər barədə məlumat verib. 

Bildirilib ki, həyata keçirilən ardıcıl məqsədyönlü dövlət siyasəti nəticəsində ölkəmiz bu gün yalnız regionun deyil, bütövlükdə beynəlxalq miqyasda siyasi nüfuza, iqtisadi gücə və dayanıqlı inkişaf modelinə malik qabaqcıl dövlətlər sırasında özünəməxsus yerini tutub. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlətçilik xəttinin Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun inkişaf etdirilməsi nəticəsində müstəqil Azərbaycan çoxəsrlik dövlətçilik tarixinin ən qüdrətli dövrünü yaşayır. 

Qeyd olunub ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində 2025-ci ildə ölkəmizin ümumi inkişafı fonunda Lənkəran rayonunun da dayanıqlı sosial-iqtisadi inkişafı davam edib, il ərzində iqtisadi göstəricilər artan templə yüksəlib. Bu dövrdə rayonda bir sıra həyati əhəmiyyətli infrastruktur layihələr icra olunub, sənayedə, kənd təsərrüfatında, tikintidə, yol-abadlıq işlərində işin həcmi artıb, yeni iş yerləri açılıb, əhalinin yaşayış səviyyəsi yaxşılaşıb. 

İl ərzində rayonda ümumi məhsul buraxılışı 747,5 milyon manat təşkil edib. Sənayedə 171,2 milyon manatlıq  məhsul istehsal olunub ki, bu da əvvəlki ilə nisbətən 3.3 faiz çoxdur. Qeyd edək ki, sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 81,4%  olub,  hesabat ilində  2103 nəfər işlə təmin olunub ki, bunun 1025-i qadın olub.

Bu dövrdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 185 sahibkarlıq subyektinə    7 627 400 manat güzəştli kreditlər verilib. 2025-ci ildə rayonda iqtisadiyyatın və sosial sferanın inkişafına 63 milyon manat investisiya yönəldilib ki, bunun da 46 milyon 450 min manatını özəl investisiya təşkil edir. 

Lənkəran şəhərində və rayonun yaşayış məntəqələrində abadlıq və quruculuq sahəsində tədbirlər 2025-ci ildə də davam etdirilib. Magistral yollar boyu və şəhərdaxili küçələrdə 7895.2 kv.m hasar və bardürlar təmir edilərək suvaqlanıb, 20902,3  kv/m hasar, qapı və 5617 metr bardür rənglənıb və 10382,5 kv.m. tamet daşı döşənib. Həmçinin Lənkəran şəhərində 4 çoxmənzilli yaşayış binasının fasadı, pilləkən qəfəsləri və giriş qapıları rənglənib. Lənkəran şəhərində 8 və Liman şəhərində 1 küçə olmaqla ümumilikdə daxili yollara 20641 kv.metr isti asfalt döşənib.

Rayonda sahibkarlığın inkişafı, yeni istehsal obyektlərinin yaradılması və yeni iş yerlərinin açılması sahəsində də ardıcıl işlər aparılıb. Belə ki, hesabat dövründə ticarət dövriyyəsi artıb, 815.9 milyon manatlıq ticarət, 151,6 milyon manatlıq ödənişli xidmətlər göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ticarət xidməti 2.1 faiz, ödənişli xidmətlər 2.2 faiz artıb, orta aylıq əmək haqqı  697.8 manat təşkil edib. Bu da, əvvəlki dövrə nisbətən 11.0  faiz çoxdur.     

Lənkəran rayonunun ən böyük 2 problemikanalizasiya sisteminin yenilənməsi və  “zibil poliqonu”nun müasir dövrün tələblərinə cavab verən səviyyəyə gətirilməsi də artıq reallaşmaq üzrədir. Ötən il “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində dəyəri 50 milyon manat olan tenderin qalibi müəyyənləşib və işlərə yaxın müddətdə başlanılacaq. Eyni zamanda,  “2026- cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı”nda Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi layihəsi də yer alıb.

  1. ci ildə rayonda aqrar sahədə də işlər uğurla davam etdirilib, 222.6 milyon  manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da əvvəlki dövrlə müqayisədə 17.7 faiz çoxdur. 5925.7 ha sahədə əkin keçirilib ki, bu da keçən ilə nisbətən 0.6 faiz çoxdur. Ümumilikdə rayon üzrə 74614.6 ton tərəvəz,  4006.0 ton kartof, 5031.8 ton taxıl, 22998.1 ton meyvə, 395.8 ton yaşıl çay yarpağı istehsal edilib.

Xarxatan kəndində ümumi sahəsi 83 ha olan ərazinin 35 hektarında, Tükəvilə kəndində ümumi sahəsi 42 hektar olan ərazinin 18 hektarında, Şürük kəndində ümumi sahəsi 18,5 ha ərazinin 7,5 hektarında yeni kivi bağları salınıb. 

Sitrus meyvə bağları isə 932,3 ha çatdırılıb və 11332 ton məhsul istehsal edilib.  Feyxoa bağları 516.4 hektar olub və 5750,2  ton məhsul istehsal edilib.

Ənənəvi təsərrufat sahələrinin dirçəldilməsi ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar  2025-ci ildə 5426,3 kq yüksək keyfiyyətli barama məhsulu istehsal edilib.           

Hesabat dövründə rayonda təhsil, səhiyyə, mədəniyyət sahələrində məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, rayonun 2 məktəbində əsaslı təmir işləri aparılıb. 336 şagird yerlik Viyən kənd tam orta məktəbi üçün yeni binanın tikintisi davam edir. Eyni zamanda 120 şagird yerlik O.Mirzəyev adına 5 saylı Uşaq evi Sosial xidmətlər müəssisəsi publik hüquqi şəxsdə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və yenidənqurma işləri aparılıb. 

Layihə dəyəri 30,0 milyon manat, tikinti sahəsi 11624,9 kv.m olan Lənkəran Dövlət Peşə Təhsil Müəssisəsinin yeni  inzibati  binası istifadəyə tam hazır edilib. 

Səhiyyə sahəsində də infrastrukturun yaxşılaşdırılmasından ötrü 2025-ci il ərzində “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs üçün ən müasir avadanlıqların alınması təmin edilib. Eyni zamanda, layihə dəyəri 9,0 milyon manat, tikinti sahəsi 4000 kvadrat metr olan 90 çarpayılıq “Yaşat Hospitalın” binasında tikinti işləri tamamlanıb.

Vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaş müraciətlərinə baxılması istiqamətində də hesabat dövründə önəmli addımlar atılıb. Belə ki, şəhər İcra hakimiyyəti başçısı aparatında ümumilikdə 10338 vətəndaş qəbul edilib. Onlardan 5275-i icra başçısı tərəfindən ayrı-ayrı yaşayış yerlərində keçirilən 45 səyyar görüş-qəbullarda iştirak edib, 186 vətəndaşın fərdi müraciəti dinlənilib və onlar tərəfindən 206 məsələ qaldırılıb. Qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb. 

Daha sonra hesabat yığıncağında Lənkəran Rayon Mərkəzi Xəstəxanası (RMX) publik hüquqi şəxsin direktoru Nuridə Məmmədova, Lənkəran-Astara Regional Təhsil idarəsinin Lənkəran təhsil sektorunun müdiri Ağamməd Şənmədov, Lənkəran Rayon Ağsaqqallar şurasının sədr müavini Güloğlan Bağırov, Cənub Regional Enerji Təchizatı və Satışı idarəsinin Tədris Mərkəzinin rəisi Etibar Şabanov, gənc fəal, Lənkəran Dövlət Universitetinin (LDU) müəllimi, dosent Fərid Xankişiyev, Rvobələdiyyəsinin sədri Samirə Quliyeva və “ŞHİBAGRO” MMC-nin direktor müavini Əli Zeynallı çıxış ediblər.

Prezidentin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxışında Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat verib, rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri qeyd edib.

Milli Məclisin deputaı Anar  İsgəndərov çıxışında cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin daha da güclü, qüdrətli və beynəlxalq arenada söz sahibi olduğunu, onun xüsusi diqqət və qayğısı ilə Lənkəran rayonunun da günü-gündən inkişaf etdiyini, sosial-iqtisadi layihələrin uğurla həyata keçirildiyini qeyd edib.

Sonra hesabat yığıncağının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni iştirakçılarının diqqətinə çatdırılıb.

Hesabat yığıncağının sonunda rayonun 2026-cı ildə qarşıda duran vəzifələr üzrə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. 

Seçilən
35
50
unikal.az

10Mənbələr