AZ

İlham Əliyevin Trampla görüşü Bakı-Vaşinqton münasibətlərini yeni mərhələyə daşıyır - ŞƏRH

"Cənab prezidentin Davosda iştirakı və keçirdiyi çoxsaylı mühüm görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılmasına xidmət edir və bu xüsusda İlham Əliyev Donald Trampla da görüş keçirdi. Məlumdur ki, ABŞ və Azərbaycan arasında strateji xəritənin hazırlanması üzərində gərgin iş aparılır və artıq tərəflərin, yəni işçi komissiyanın ikinci görüşü keçirilib. Burada tranzit, logistika, ticarət, süni intellekt, hərbi və təhlükəsizlik məsələləri də daxil olmaqla, çoxsaylı sahələr üzrə ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə yönəlmiş mühüm sənəd hazırlanır və ümid edirəm ki, bu sənəd qarşılıqlı faydalı əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaqdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq İlyas Hüseynov dünən Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ lideri Donald Tramp arasında görüşdən bəhs edərkən bildirdi.

O xatırlatdı ki, Tramp Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması baxımından 8 avqustda çox mühüm addım atdı və artıq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi paraflanıb:

"Ermənistanda iyun ayında keçiriləcək parlament seçkilərindən sonra böyük ehtimalla konstitusiya dəyişəcək və bunun nəticəsində Azərbaycanla Ermənistan arasında əhatəli, hərtərəfli, paraflanmış sülh müqaviləsi nəhayət ki, imzalanacaqdır. Digər mühüm istiqamət TRIPP marşrutudur və burada da ABŞ-Azərbaycan münasibətləri strateji xarakter daşıyır. TRIPP marşrutu üzrə Ermənistan ərazisində tikinti və quruculuq işlərinə ABŞ dəstək verəcəkdir. Bu, həm təhlükəsizlik zəmanəti anlamını verir, həm də eyni zamanda Azərbaycan Yaxın Şərq siyasətində aktiv rol alır. Bu xüsusda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan sülh şurasında Azərbaycanın təsisçi dövlət kimi iştirakı Azərbaycanın beynəlxalq nüfuzundan və Prezident İlham Əliyevə olan inam və etimaddan irəli gəlir. Hesab edirəm ki, məhz bu sadalanan faktorlar Bakı ilə Vaşinqton arasında münasibətləri müəyyən edir və gələcək hərtərəfli əməkdaşlıq üçün də möhkəm zəmin formalaşdırır".

Nuriyyə NATİQQIZI

Seçilən
36
redaktor.az

1Mənbələr