23 yanvar 2026-cı il tarixində Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı rayonunun Boradigah qəsəbə inzibati ərazi dairəsinə daxil olan Mollaoba kəndində səyyar görüş-qəbul keçirmişdir.
Səyyar görüş-qəbul zamanı rayon rəhbəri ilk olaraq Boradigah qəsəbəsinin tarixi haqqında iştirakçılara ətraflı məlumat vermiş, 1924-cü ildə Boradigahın rayon kimi də fəaliyyət göstərdiyini qeyd etmişdir. O, həmçinin 1857-ci ildə inşa edilmiş məscidin tikintisində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin iştirakını xüsusi vurğulamışdır.
Rayon İcra Hakimiyyətinin başçısı daha sonra Boradigah, Babaser və Mollaoba kəndlərinin ziyalıları, alimləri, din xadimləri, yazıçı və şairləri, eləcə də elmlər namizədləri barədə məlumat vermiş, onların bölgənin ictimai-mədəni həyatındakı rolunu qeyd etmişdir.
Daha sonra söz Masallı rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri Niyazi Bağırova verilmişdir. O, çıxışı zamanı Vətən müharibəsi şəhidi İbrahim Rükabzadənin adını daşıyan küçəyə asfalt örtüyünün salındığını, ərazidə uşaq bağçasının tikintisi ilə bağlı aidiyyəti qurumlara müraciət edildiyini, pay torpaqlarına gedən yolların zəbt olunmuş hissələrinin azad edildiyini bildirmişdir.
Həmçinin aztəminatlı ailələrə maddi yardımların göstərildiyini, Babaser kəndində şəhid atasının yaşadığı evin 8 000 manat vəsait hesabına təmir edildiyini, yol kənarı kanalizasiya xətlərinin təmizləndiyini, 121 aztəminatlı ailəyə məktəbli ləvazimatlarının paylandığını qeyd etmişdir.
Bununla yanaşı,Boradigah qəsəbə 1 saylı tam orta məktəbin həyətyanı sahəsinin təmir edildiyi, qəsəbənin giriş lövhəsinin yeniləndiyi, 800 metr yolun qreyderlə hamarlanaraq təmir olunduğu, "Konstitusiya və Suverenlik" ili çərçivəsində ərazidə 377 ədəd ağac əkildiyi və məişət tullantılarının mütəmadi olaraq ərazidən daşındığı iştirakçıların diqqətinə çatdırılmışdır.
Daha sonra iştirakçılar tərəfindən Masallı rayon İcra Hakimiyyətinin başçısına müxtəlif məzmunlu müraciətlər edilmişdir.
Belə ki, çayın məcrası və axını ilə bağlı mövcud vəziyyətə dair məsələ qaldırılmışdır. Bununla yanaşı, Babaser kənd tam orta məktəbinin istilik qazanxanasının yenilənməsi, məktəbin dam örtüyünün dəyişdirilməsi, həmçinin həmin təhsil müəssisəsində akt zalının və idman zalının olmaması ilə bağlı müraciətlər səsləndirilmişdir.
Eyni zamanda Boradigah qəsəbəsində yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə radar qurğusunun quraşdırılması, eləcə də qəsəbə sakinləri üçün ictimai nəqliyyatın gözləmə dayanacağının olmaması məsələsi diqqətə çatdırılmışdır.
Mollaoba kəndində mövcud stadionun bərpa olunması ilə bağlı müraciət edilmiş, habelə bir vətəndaş yaşadığı evin ünvanının və ev nömrəsinin olmaması ilə əlaqədar problemini bildirmişdir.
Bundan əlavə, bir vətəndaş övladının xəstəliyi ilə əlaqədar müvafiq dərəcə ala bilmədiyini qeyd etmiş, digər vətəndaş isə səhhəti ilə bağlı müalicə almaq istədiyini vurğulamışdır.
Görüş zamanı həmçinin qaz sayğacının yeni smart tipli qaz sayğacı ilə əvəz olunması ilə bağlı müraciət səsləndirilmişdir. Sonuncu müraciət isə sakin tərəfindən həyətində yerləşən ağacların elektrik xətlərinə yaxın olması səbəbindən təhlükə yaratdığını bildirərək, həmin ağacların budanması üçün icazə verilməsi ilə bağlı olmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən səsləndirilən bütün müraciətlər diqqətlə dinlənilmiş, onların bir qismi yerindəcə həllini tapmış, digər müraciətlərin isə aidiyyəti üzrə müvafiq qurumlara yönləndirilməsi təmin edilmişdir.