AZ

“Şəhərsalma və Memarlıq İli”ndə əsas diqqət piyada infrastrukturu və inklüzivliyə yönəlməlidir - ŞƏRH

Bakı, 23 yanvar, AZƏRTAC

Müasir şəhərlərdə piyada hərəkəti şəhər nəqliyyat iyerarxiyasında ən üstün yerdə dayanır. Bu yanaşma şəhər infrastrukturunda da öz əksini tapmalıdır. Belə ki, baryersiz səkilər, qısa və təhlükəsiz piyada zolağı, işıqforla tənzimlənən piyada keçidləri və bəzi hallarda qısa yollar piyadalar üçün rahat şəhər mühiti yaradır.

AZƏRTAC-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, Bakıda piyada infrastrukturu davamlı deyil və bir çox hallarda baryerlərlə doludur.

“Bu isə insanların piyada hərəkətini azaldır. Digər tərəfdən, əhalinin təxminən 38 faizi - yəni 3,8 milyon nəfər azmobilli insanlardır. Son illər Bakı həm də turistik mərkəzə çevrilib və şəhərə gələn turistlərin yüklərlə rahat hərəkəti də nəzərə alınmalıdır. Bu səbəbdən piyada infrastrukturu xüsusilə vacibdir. Turistlər tez-tez piyada işıqforlarının azlığından şikayət edirlər. Onlar şəhəri piyada gəzmək istəyirlər, lakin bunun üçün qısa və işıqforla təmin olunan keçidlər olmalıdır. Qısa marşrutlar dedikdə, eyni zamanda, şəhərdə ən dəyərli resurslardan biri olan torpaqdan səmərəli istifadə də nəzərdə tutulur. Hazırda bəzi ərazilərdə bu resursdan qeyri-effektiv istifadə halları müşahidə olunur. Məsələn, bir çox müəssisələrin qarşısında hasarlar mövcuddur. Bu hasarlar piyadaların hərəkətini məhdudlaşdırır. Əgər bu baryerlər aradan qaldırılsa, piyadalar üçün daha rahat və qısa yollar yaranar. Universitetlərin yerləşdiyi ərazilərdə böyük piyada axını müşahidə olunduğu üçün bu müəssisələrin küçələrə inteqrasiyasının yaxşılaşdırılması vacibdir. Bir çox ali məktəblərin qarşısında mövcud olan hasarlar, dar səkilər və dekorativ maneələr həm piyada təhlükəsizliyini azaldır, həm də qısa piyada marşrutlarının formalaşmasına imkan vermir. Xüsusilə Koroğlu Rəhimov küçəsi boyunca:

- Azərbaycan Dillər Universiteti,

- Pedaqoji Universitetin Kampusu,

- Odlar Yurdu Universiteti,

- Turizm Universiteti,

- İdman Akademiyası,

- Pedaqoji Universitetin Gənclik Kampusu,

- Nərimanov Tibb Mərkəzi,

- Dövlət Sərhəd Xidmətinin Hospitalı istiqamətində intensiv piyada axını mövcuddur.

Bir çox hissədə səkilər ensizdir, hasarlar və qeyri-funksional dekorativ elementlər piyada hərəkətini məhdudlaşdırır (xüsusilə “İdman Akademiyası” və “Azərbaycan Dövlət Pedaqoji Universiteti”nin “Gənclik Kampusu” ərazilərində).

Bundan əlavə bir neçə vacib qısa piyada marşrutu da maneələrlə üzləşir: “Dədə Qorqud Park”ından “Gənclik” metrostansiyasına ADA Universitetinin yan sahəsindən keçid imkanlarının genişləndirilməsi; Ayna Sultanova küçəsindən Məhəmməd Rahim küçəsinə AzMİU ərazisindən qısa piyada keçidinin təmin edilməsi; Məhəmməd Rahim küçəsindən Bəxtiyar Vahabzadə küçəsinə Elmlər Akademiyasının hasarlarının optimallaşdırılması ilə daha birbaşa marşrutun yaradılması. Bu ərazilərdə hasarların azaldılması, səkilərin genişləndirilməsi, piyada keçidlərinin açılması və mövcud maneələrin aradan qaldırılması vacibdir. Ümumilikdə bütün universitet kampuslarının ətrafı sistemli şəkildə təhlil edilməli, oxşar problemlər müəyyənləşdirilməli və onların həlli üçün vahid yanaşma hazırlanmalıdır. Bu, həm tələbələr üçün rahatlıq yaradacaq, həm də şəhərin piyada şəbəkəsinin funksional inkişafına töhfə verəcək”, - deyə Rauf Ağamirzəyev vurğulayıb.

R.Ağamirzəyev qeyd edib ki, bu ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması fonunda əsas diqqət piyada infrastrukturu və inklüzivliyə yönəlməlidir: “Buraya səkilərin abadlaşdırılması, baryerlərin aradan qaldırılması, işıqforlu qısa keçidlərin yaradılması, həmçinin müəssisələrin küçə mühitinə inteqrasiya olunması daxildir. Bütün bunlar şəhərdə qısa marşrutların formalaşmasına və daha rahat, əlçatan urban mühitin yaradılmasına xidmət edəcək”.

Seçilən
44
azertag.az

1Mənbələr