AZ

Azərbaycan diplomatiyasının Davos ZİRVƏSİ – Prezidentin tarixi mesajları, ölkəmizin qlobal NÜFUZU

Məlum olduğu kimi, Prezident İlham Əliyev 19-22 yanvar tarixlərində İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunun İllik toplantısında iştirak edib. Dövlət başçısının səfəri həm diplomatik və həm də iqtisadi əməkdaşlıqların inkişafı baxımından bir sıra mühüm hadisələrlə yadda qalıb.

Prezident İlham Əliyev 4 gün ərzində dövlət və hökumət başçıları, rəsmilər və şirkət rəhbərləri də daxil olmaqla 19 görüş keçirib. Bundan əlavə, Dövlət başçısı “Euronews” kanalına müsahibə verib, “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasda, “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə, Ümumdünya İqtisadi Forumu çərçivəsində panel iclasda, “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimində iştirak edib.

Bizim.Media Prezident İlham Əliyevin Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlər və iştirak etdiyi tədbirlərdən qısa xülasəni təqdim edir:

Dünyanın nüfuzlu şirkətləri ilə əməkdaşlıq müzakirələri

Yanvarın 19-da Prezident İlham Əliyevin “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm ilə görüşündə bu şirkətin ölkəmizdə bərpaolunan enerji, xüsusilə külək enerjisi sahəsində fəaliyyətinə toxunulub, mövcud əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Bundan əlavə, yanvarın 19-da Prezident İlham Əliyev dünyanın ən böyük liman operatorlarından biri olan “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb. Görüşdə ölkəmizin mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyi vurğulanaraq, son dövrlərdə Azərbaycanda müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində icra edilən layihələrdən bəhs olunub. Bu xüsusda “DP World” şirkəti ilə əməkdaşlığın genişləndirilməsinin potensialının olduğu vurğulanıb.

“Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşdə tam yerli xammal əsaslı məhsulun buraxılması istiqamətində artıq bir sıra layihələrin həyata keçirildiyi qeyd edilib. Yakob Aarup-Andersen “Carlsberg Group”un Azərbaycanda istehsal etdiyi məhsulun ixracının 2025-ci ildə əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Görüşdə Azərbaycanda xarici investorlar üçün yaradılmış şəraitdən məmnunluq ifadə olunub.

İlham Əliyev yanvarın 21-də dünyanın IT texnologiyaları üzrə nüfuzlu şirkətlərindən biri olan Amerika Birləşmiş Ştatlarının “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Adrian Makdonald ilə görüşüb. Söhbət zamanı Azərbaycanda mövcud əlverişli investisiya mühitinin xarici sərmayədarlar üçün də cəlbedici olduğu vurğulanıb. “Dell Technologies”in Azərbaycanda fəaliyyəti və bu şirkətin iştirakı ilə ölkəmizdə superkompüter mərkəzinin yaradılması qeyd edilib, onun resurslarının süni intellekt və qərar qəbuletmə sahələrində tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.


“Vitol” şirkətinin baş icraçı direktoru Rassel Hardi ilə görüşdə isə Azərbaycanda həyata keçirilən neft strategiyası barədə məlumat verilib, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində roluna toxunulub. Bu xüsusda bir neçə Avropa ölkəsinin, o cümlədən Avropa İttifaqına bir sıra üzv dövlətlərin Azərbaycan qazı ilə təchiz edilməsi vurğulanıb. Görüşdə ölkəmizlə bu şirkət arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Beynəlxalq təşkilatlarla əməkdaşlıq perspektivləri

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşdə Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, ölkəmizin təşkilatın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi layihələrə dəstəyi qeyd edilib. Bu xüsusda COVID-19 pandemiyası zamanı Azərbaycanın bir sıra ölkələrə könüllü maliyyə yardımı göstərməsi xüsusi olaraq vurğulanıb. Görüşdə Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


İlham Əliyev yanvarın 21-də Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosla görüşüb. Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəlilədilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, enerji, regional nəqliyyat bağlantıları, humanitar minatəmizləmə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunulub. Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu vurğulanıb.

Maliyyə bazarında etibarlı tərəfdaşlıq

Yanvarın 19-da Prezident İlham Əliyevin Braziliyanın aparıcı investisiya banklarından və aktivlərin idarə edilməsi şirkətlərindən biri olan “BTG Pactual” şirkətinin sədri Andre Esteves ilə görüşündə qlobal iqtisadi proseslər, beynəlxalq maliyyə bazarlarında mövcud vəziyyət və institusional investorların müxtəlif regionlara yanaşması, həmçinin inkişaf etməkdə olan bazarlarda investisiya mühiti, uzunmüddətli investisiya yanaşmaları və qarşılıqlı investisiya layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Yanvarın 20-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı qlobal maliyyə institutlarından biri olan Amerika Birləşmiş Ştatlarının “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon ilə görüşüb. Görüşdə dövlətimizin başçısı Azərbaycan Respublikası Dövlət Neft Fondu və ölkəmizin digər qurumları ilə “J.P. Morgan” arasında mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətinə toxunaraq, bunun uzunmüddətli xarakter daşıdığını və qarşılıqlı etimada əsaslandığını vurğulayıb. Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini yüksək qiymətləndirən Ceymi Daymon isə  ölkəmizdə sabit investisiya mühitinin olduğunu deyib.


Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşdə ölkəmizlə AYİB arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olunub, bankın Azərbaycanda bir sıra uğurlu layihələr icra etdiyi bildirilib. Söhbət zamanı Azərbaycanda bank sektoru, həmçinin sahibkarlığın inkişafı, yerli və xarici iş adamları üçün səmərəli investisiya mühitinin yaradılması istiqamətində dövlət tərəfindən həyata keçirilən işlərdən danışılıb.

Yeni investisiya imkanları

“BlackRock”un baş icraçı direktoru Larri Fink və bu şirkətin tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşdə Dövlətimizin başçısının Davosa səfəri çərçivəsində Dövlət Neft Fondu ilə “BlackRock” və bu şirkətin tərkibinə daxil olan, qlobal infrastruktur investisiya idarəetmə şirkəti olan “Global Infrastructure Partners” arasında uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun imzalanmasının əhəmiyyətinə toxunulub.


Qeyd edək ki, Niyyət protokoluna əsasən, ARDNF-nin “GIP” tərəfindən idarə olunan infrastruktur fondlarına və birgə investisiya imkanlarına 3-4 il müddətində 1,5 milyard ABŞ dollarınadək kapital qoyuluşu imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır. Əməkdaşlıq çərçivəsində Azərbaycanda regional bulud və süni intellekt tələbatına xidmət edən məlumat mərkəzləri və infrastruktur üzrə potensial investisiya imkanlarının dəyərləndirilməsi, hava limanı infrastrukturu sahəsində “Global Infrastructure Partners”in əməliyyat və idarəetmə təcrübəsi nəzərə alınmaqla tərəfdaşlığın perspektivlərinin araşdırılması nəzərdə tutulur.

Yanvarın 21-də isə Prezident İlham Əliyev Davosda “Brookfield Asset Management” şirkətinin prezidenti Konnor Teski ilə görüşüb. Görüş çərçivəsində ARDNF ilə “Brookfield Asset Management” arasında uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Sənəd mövcud strateji münasibətlərin institusional əsasda daha da dərinləşdirilməsini, Fondun qlobal miqyasda nüfuzlu investisiya platformalarına çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur. Bununla yanaşı, ARDNF-nin “Brookfield” tərəfindən idarə olunan fondlara və birgə investisiya layihələrinə 3-4 il müddətində ümumilikdə 1,4 milyard ABŞ dollarınadək kapital qoyuluşu imkanlarının dəyərləndirilməsi planlaşdırılır.

Xarici ölkələrlə əlaqələrin inkişafı

Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb. Görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, “Nordic-Baltic Eight” qrupuna üzv ölkələrlə Azərbaycan arasında əməkdaşlığın perspektivlərinə toxunulub. Eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri qeyd edilib.

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşdə isə əlaqələrimizin mövcud səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın bir çox istiqamətlər üzrə, o cümlədən iqtisadi-ticari müstəvidə inkişafı üçün geniş potensialın olduğu vurğulanıb, ölkələrimiz arasında mövcud sıx münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik bildirilib.

İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşdə iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşüb. Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, maşınqayırma, nəqliyyat və digər sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Münasibətlərimizin dərinləşdirilməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunulub.


Bundan əlavə, İlham Əliyevin yanvarın 21-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşü keçirilib. Görüşdə Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı vurğulanıb. İqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib. 

“Euronews” televiziyasına müsahibə - Prezidentin dünyaya mesajları

Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində bir sıra mühüm mesajlar verib. Dövlətimizin başçısı beynəlxalq münasibətlərin yeni eraya qədəm qoyduğunu, bu erada vəziyyəti qanunun aliliyinin deyil, güc qaydasının idarə etdiyini vurğulayıb.

Regional proseslərlə bağlı fikirlərini bölüşən İlham Əliyev Cənubi Qafqazın yeni inkişaf mərhələsinə daxil olduğunu da diqqətə çatdırıb:

“Düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur”.


Dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığından da söz açıb:

“Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir”.

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibəsindən sonra bu telekanalın təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə də iştirak edib. Dövlətimizin başçısı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırıb.

Aleksandar Vuçiç: “İlham Əliyev müasir dünyada böyük, dahi liderlərdən biridir”

Yanvarın 20-də Prezident İlham Əliyev “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edib. Sözügedən iclasa Serbiyanın Prezidenti Aleksandar Vuçiç, Türkiyədən “Limak Holdinq”in İdarə Heyətinin sədri Ebru Özdəmir və Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan da qatılıb.

İclasda İlham Əliyev Avrasiya məkanında əməkdaşlıq perspektivlərindən, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərindən bəhs edib.

Vaaqn Xaçaturyanın Dövlətimizin başçısının fikirlərinə münasibəti isə xüsusilə diqqət çəkib: 

“Prezident İlham Əliyevdən sonra nəsə demək çox çətindir. Çünki Prezidentin söylədiklərini təkrar etməliyəm. Prezident İlham Əliyevin söylədiyi fikirlər bizim fikirlərimizlə, prinsiplərimizlə üst-üstə düşür”, - deyə Ermənistan Prezidenti bildirib.


Serbiya Prezidenti Aleksandar Vuçiç isə İlham Əliyevin fikirlərinə bu cür münsibət bildirib:

“Cənab Prezident İlham Əliyevin söylədiyi fikirlərlə bağlı bir mövqe var: o, həqiqətən də müasir dünyada böyük, dahi liderlərdən biridir və indiki dövrdə belə bir lideri çox nadir halda görmək olur. Bunun çox böyük təsir effekti var və bu, danılmamalıdır. Bəli, biz müasir Azərbaycanı görürük”.

Panel iclası və “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimi

Ümumdünya İqtisadi Forumu çərçivəsində yanvarın 21-də Davosda ABŞ Prezidenti Donald Tramp xüsusi müraciətlə çıxış edib. Sonra Donald Trampın iştirakı ilə panel iclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər.


Yanvarın 22-də Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədini imzalayıblar. Bununla da Azərbaycan Sülh Şurasının təsisiçi üzvlərindən biri olub.

Donald Trampla tarixi görüş

Yanvarın 22-də Davosda Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü baş tutub. görüşdə Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmaların əldə edilməsində Prezident Donald Trampın tarixi rolu vurğulanıb.


Dövlətimizin başçısı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlara toxunub. Artıq regionda sülhün mövcud olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bunun iki ölkə arasında ticarət münasibətlərinin yaranmasında da özünü göstərdiyini bildirib. Dövlətimizin başçısı Zəngəzur dəhlizinin, o cümlədən TRIPP layihəsinin regional bağlantılar baxımından mühüm rol oynadığını qeyd edib.

Söhbət zamanı ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasının əhəmiyyətinə toxunulub, Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və ölkəmizin dünyada sülhün təşviqində oynadığı rolun təcəssümü kimi qiymətləndirilib.

Bizim.Media-nın analitik qrupu

Seçilən
37
bizim.media

1Mənbələr