AZ

"Onsuz da şagirdlər telefonda və internetdədirlər, dərslik də orada olmalıdır" - Şəmsi Qoca

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov dərsliklərin rəqəmsallaşdırılmasının vacibilyini bildirib.

Təhsil rəqəmsallaşdırılarsa, bunun hansı müsbət və mənfi cəhətləri olacaq?

Təhsil eksperti Şəmsi Qoca Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Ceyhun Məmmədov çox yüksək səviyyəli ziyalılarımızdandır və müasir dövrün tələbindən çıxış edib:

"Gileylənirik ki, şagird çantaları ağırdır. Dərsliklər rəqəmsallaşsa ilk bu problem həll olunacaq. Dərsliklər rəqəmsallaşmalıdır. Onsuz da şagirdlər telefonda və internetdədirlər. Dərslik də orada olmalıdır. Rəqəmsallaşma ilə bağlı dövlət proqramı var. Elm və Təhsil Nazirliyi o proqramlardan geri qalır. Rəqəmsallaşma günün tələbidir. Ceyhun müəllimin fikriylə razıyam. Təhsilə faydası o olacaq ki, şagird özü ilə dərslik gəzdirməyəcək, istədiyi materialı istədiyi yerdə açıb oxuya biləcək".

Onun sözlərinə görə, kağız dərsliklərdən fərqli olaraq rəqəmsal dərsliklərdəki məlumatlar və aşkar edilmiş səhvlər yeni çap ili gözlənilmədən operativ şəkildə düzəldilir və yenilənir:

"Xərc az olacaq. Onun üzərində hər dəfə işləmək mümkündür. Bir dəfə rus bölməsinin kitabında "Böyük Ermənistan" xəritəsi çap etmişdilər. Bütün dərslikləri yığdılar və yenidən çap etdirdilər. Bu, maliyyə vəsaiti deməkdir. Rəqəmsalda onu dərhal dəyişmək mümkündür, heç bir xərc də aparmayacaq. Rəqəmsal vəsaitlər şagirdlərə öz sürətləri ilə öyrənmək imkanı verir. Daxili testlər, video-audio materiallar və s. 2007-ci ildə biz Azərbaycan tarixinin elektron versiyasını hazırlamışdıq. Mən onun redaktoru idim. O, ilkin təcrübə idi, amma sonra davam etdirilmədi".

Müsahibimiz dərsliklərin rəqəmsallaşmasının ekologiyaya xeyrindən də danışdı:

"Ekoloji cəhətdən səmərəliliyi çoxdur. İldə nə qədər kağız istifadə olunur, bu problem də həll olunacaq. Yəni kağız sərfiyyatı azalacaq. Kağız ağac, meşə deməkdir. Ətraf mühitin qorunmasına kömək edəcək. Müəllim rəqəmsal platforma vasitəsilə şagirdlərin mövzunu hansı dərəcədə mənimsədiyini real vaxt rejimində izləyə bilir və əlavə dəstəyə olan şagirdləri müəyyən edir. Üç-beş il ərzində bu iş həyata keçirilməli və başa çatdırılmalıdır. Hazırda elektron dərslik portalı var. Müəyyən dərs vəsaitləri, dərsliklər orada var, amma bunu birdəfəlik kökündən həll eləmək lazımdır. Kağız dərsliklərdən xilas olmaq lazımdır. Bizim dərsliklərin onsuz da keyfiyyəti yoxdur, çünki ən keyfiyyətsiz kağızda çap edirlər, şagirdə ziyandan başqa heç bir xeyri yoxdur".

Şəmsi Qoca hesab edir ki, rəqəmsallaşmanın mənfi cəhəti də olacaq:

"Axı biz həmişə işin ən yaxşısından pis tərəfinə istifadə edirik. Onsuz da bu saat uşaqlar telefonla oynayırlar, o zaman bəhanə edəcəklər ki, dərs oxuyuram. Bu zaman nəzarət mexanizmi məsələsi meydana gəlir. Gərək onun üçün də müəyyən bir şeylər düşünülsün ki, şagird sinifdə başqa platformalara daxil ola bilməsin, ancaq dərsliklə, dərslə məşğul olsun. O hələ sonrakı işdir".

Aytəkin TOFİQQIZI

Seçilən
22
1
redaktor.az

2Mənbələr