O, Qrenlandiyada güc tətbiqi ideyasından imtina etdi, amma yenə də Avropanı rüsvay etdi...
The Wall Street Journal nəşri
Dini düşüncəyə meyilli insanlar nəhəng sərvəti, şəxsi təyyarəsi, gözəçarpan ikiüzlülüyü və adamı üşüdən təkəbbürü ilə stereotip “Davos adamı”nı qürur günahında ittiham edə bilərdilər. Bu halda ABŞ prezidenti Donald Trampın çərşənbə günü Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı bir növ ilahi cəza təsiri bağışlayırdı.
Gün kifayət qədər gərgin keçdi: Tramp Avropanı sərt tənqid etdi və eyni zamanda Qrenlandiyaya müdaxilə etməyəcəyini bəyan etdi. Şənbə günü ABŞ-nin müttəfiqləri (və Konqresdəki çoxsaylı əleyhdarları) Trampın Danimarkadan Arktika adasını almaq cəhdinə mane olacağı təqdirdə bir sıra ölkələrə qarşı tariflər tətbiq edəcəyi ilə hədələməsindən sonra şok vəziyyətində idilıər.
Çərşənbə axşamı bazarlardakı bir enişin necə fərq yaratdığını görmək kifayətdir. Çərşənbə günü ABŞ fond indeksləri müdaxilə olmayacağına dair xəbərlərdən sonra kəskin yüksəldi. Bir neçə saat sonra isə Tramp NATO ilə Qrenlandiya üzrə “gələcək müqavilə üçün çərçivə razılaşması”na nail olduğunu və buna görə də tariflər tətbiq etməyəcəyini açıqladıqdan sonra indekslər yenidən artdı. Detalların sonradan açıqlanacağı bildirildi.
Bununla belə, bütün bunlar Avropa üçün xüsusilə narahat görünür. Tramp açıq şəkildə dedi ki, Danimarka və digər avropalı müttəfiqlər Qrenlandiyanı – istər ABŞ-dən, istərsə də başqa istənilən tərəfdən – müdafiə etmək gücündə deyillər.
“Bu nəhəng torpaq sahəsini, bu böyük buz parçasını qorumaq, inkişaf etdirmək və yaxşılaşdırmaq yalnız Birləşmiş Ştatların gücündədir”, deyə Tramp bildirdi. Və bu, həqiqətdir.
Ardınca Avropanın çoxsaylı iqtisadi disfunksiyalarına, xüsusilə enerji siyasətinə dair uzun tənqidlər gəldi. O, Avropa İttifaqının flaqman iqlim təşəbbüsü olan “Yaşıl Yeni Kurs”u “yaşıl yeni fırıldaq” adlandırdı, Böyük Britaniyanı Şimal dənizi neftinin hasilatını yetərincə genişləndirməməkdə qınadı və son illərdə “hər bir Avropa ölkəsinin üzərinə çökmüş fəlakətli enerji kollapsı”nı istehza ilə dilə gətirdi. Bunlar da reallığa uyğundur.
Buna “Davos yarığı” demək olar. Bu forumlara toplaşan mötəbər siyasi və biznes liderləri demokratiya və azad bazarlardan ibarət “liberal nizam”ı tərənnüm edirlər. Amma eyni zamanda bu dəyərlərin dünyada qorunmasını təmin edəcək güc kimi ABŞ-yə arxalanır, üstəlik ABŞ-nin yaratdığı qlobal rifah hesabına artımı boğan sosial dövlətlərini və iqlimlə bağlı “xeyirxah” siyasətlərini maliyyələşdirirlər – öz silahlı qüvvələri hesabına isə yox.
Trampın onlara xatırlatdığı kimi, Avropa liderlərinə öz təhlükəsizliklərini təmin etmək üçün müdafiə xərclərini artırmaq yoluna getməkdən ötrü ABŞ-nin uzunmüddətli və israrlı təzyiqi lazım gəlib. Onlar Rusiyanın hücumunu dəf edən Ukraynanın dəstəklənməsində də ABŞ-dən asılıdırlar; Avropa bu müharibəni nə önləyə bildi, nə də dayandıra bildi.
Tramp bu acizliyə bəzən həddən artıq ilişib qalır və Qrenlandiya ilə bağlı təhqir və hədələri Avropanı lazımsız yerə özündən uzaqlaşdırdı. Bu hədələr Konqresdə və ABŞ seçiciləri arasında da yaxşı qarşılanmır.
Amma onun istehzaları Davos auditoriyası üçün xüsusilə ağrılıdır, çünki onlar ABŞ-dən asılılığın istədiklərindən daha dərin olduğunu bilirlər və bunun məsuliyyətinin öz üzərlərində olduğunu anlayırlar. Bununla belə, Tramp müttəfiqlərə Amerikanın dəstəyini sual altına qoyduğu bir vaxtda belə, onların bir çoxu yeganə alternativin heç olmasa iqtisadi baxımdan Çinlə yaxınlaşma olduğunu düşünür.
Bunu çərşənbə axşamı Davosda çıxışı ilə alqışlar qazanan baş nazir Mark Karninin timsalında görmək olar. O, “qaydalara əsaslanan nizam”ın sona çatmasından gileyləndi və Kanada kimi “orta gücləri” böyük dövlətlərə qarşı durmaq üçün yeni, realist ittifaqlar qurmağa çağırdı.
“Böyük güclərin rəqabəti şəraitində arada qalan ölkələr seçim qarşısındadır: ya rəğbət qazanmaq uğrunda bir-biri ilə yarışmaq, ya da real təsirə malik üçüncü yol yaratmaq üçün birləşmək”, deyə Karni bildirdi.
Kanadanın baş naziri bunu Pekinə səfərindən cəmi bir neçə gün sonra dedi; səfər zamanı isə məhz kommunist rejimin rəğbətini qazanmağa çalışdı. Neft də daxil olmaqla zəngin təbii resurslara və yüksək təhsil səviyyəsi ilə tanınan əhaliyə malik Kanada NATO çərçivəsində müdafiə xərclərinə görə xeyli geridə qalır. Kanadanın NATO xərcləri ÜDM-in 2 faizlik hədəfinə güclə çatır. Ona görə də “Orta güc” lap yerinə düşən ifadədir.
ABŞ ilə müttəfiqləri arasındakı dərinləşən uçurum bu qədər təhlükəli olmasaydı, bu ikiüzlülük gülməli görünə bilərdi. Amma Çin və Rusiya bunu diqqətlə izləyir. Onlar Trampı NATO tərəfdaşları kimi etibarlı müttəfiqlərlə münaqişəyə nə qədər asan təhrik etməyin mümkün olduğunu və bu müttəfiqlərin nə dərəcədə həssas olduqlarını görürlər.
Rəqiblərimiz Qrenlandiyanın NATO-nu partlada biləcək davamlı transatlantik parçalanmanın səbəbinə çevrilməsindən yalnız məmnun olardılar.
Onlar həmçinin bütün tərəflərin nə qədər asan diqqətdən yayınan olduğunu görürlər. NATO-nun baş katibi Mark Rütte çərşənbə günü xəbərdarlıq etdiyi kimi, Qrenlandiya farsı diqqəti daha təcili problemdən – Ukraynadan – yayındırır.
Qərbə Qrenlandiya ətrafındakı mübahisəni elə tənzimləyə biləcək dövlət xadimləri lazımdır ki, bu, ABŞ və NATO-nun təhlükəsizliyini gücləndirsin. Ümid qalır ki, Trampın “çərçivə razılaşması” Davosdakı parçalanmanın aradan qaldırılmasının başlanğıcı olar.
Tərcümə Poliqon-a aiddir
Poliqon.info