Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Hikmət Babaoğlu istifadə olunmayan velosiped zolaqlarının yolları daraltmasından şikayətlənib:
“Yolların işarələnməsi, yeni velosiped zolaqların salınması ilə yolların daraldılmasına şahidlik edirik. Bu, lazımdırmı? Harada zəruridirsə, orada bu işlər aparılmalıdır. Gəlin bir ölçmə aparaq, görək o yollardan neçə nəfər keçir. Əgər o yollardan 3 gün ərzində cəmi bir velosiped keçirsə, yolu daraltmağın nə əhəmiyyəti var?”.
Maraqlıdır, Bakı şəhərində velosiped zolaqları salınarkən hansı əsas meyarlar nəzərə alınır? Eyni zamanda, az istifadə olunan velosiped zolaqlarının yenidən nəzərdən keçirilməsi planlaşdırılır?
Mövzu ilə bağlı "Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, mikromobillik zolaqları yetərincə istifadə olunur və ümumi yol infrastrukturunun ayrılmaz hissəsidir:

“Statistikaya əsasən, bu tip zolaqlar salındıqca insanların mikromobillik vasitələrinə olan marağı da artır. Çünki insanlar bu zolaqlarda özlərini daha təhlükəsiz hiss edir və mənzil başına zamanında çata biləcəkləri üçün bu tip nəqliyyat vasitələrindən daha çox istifadə etməyə üstünlük verirlər.
2024-cü illə müqayisədə ümumi istifadə aylar üzrə 80 %-ə yaxın artıb. Bu zolaqlarda mikromobillik vasitələri tıxacda qalmadığından və ümumi yolun çox cüzi bir hissəsini tutduğudan zolaqlar boş görünə bilir.
Belə ki, Bakı şəhərində mikromobillik infrastrukturu qurulmağa başlayandan bugünədək bu nəqliyyat növlərinə 4 milyon 500 min dəfədən çox sifariş olub.
Bu müddətdə mikromobillik vasitələri ilə 13 milyon km məsafə qət edilib. Bu rəqəm yalnız kirayə xidmətindən istifadə edənlərə aiddir və nəzərə alsaq ki, şəxsi velosiped və skuterlərindən istifadə edənlər də var, demək, rəqəmlər daha yüksəkdir”.
O qeyd edib ki, Bakı şəhərində mikromobillik vasitələri üçün infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir:
“Məqsəd şəhər ərazisində nəqliyyatın çeşidlənməsi, alternativ nəqliyyat növləri üçün infrastrukturun qurularaq insanlara xüsusilə yaxın məsafələrə səfərlər zamanı bu növ nəqliyyat vasitələrindən istifadəyə şərait yaradılmasıdır.
Bir çox yollarda bu zolaqlar salındıqda avtomobillər üçün ayrılmış zolaqların sayı və yolun buraxılıcılıq qabiliyyəti azaldılmır. Mikromobillikdən istifadə istənilən sivil şəhərin seçimidir”.