AZ

Vyanada Azərbaycan poeziyası və ədəbi tərcümə sənətinə həsr olunmuş tədbir keçirilib

Vyana, 23 yanvar, AZƏRTAC

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan poeziyası və ədəbi tərcümə sənətinə həsr olunmuş xüsusi tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Xalq şairi, dramaturq və ədəbiyyatşünas Bəxtiyar Vahabzadənin ədəbi irsinə və Azərbaycan ədəbiyyatının alman dilinə tərcüməsində müstəsna xidmətləri olan Hanspeter Əhməd Şmidenin fəaliyyəti ön planda dayanıb.

İki əsas hissədən ibarət olan tədbirdə Bəxtiyar Vahabzadənin əsərlərindən ibarət kitabın təqdimatı və Azərbaycan dilindən alman dilinə ədəbi tərcümələr üzrə “Əhməd Şmide” mükafatının qaliblərinin təltifi baş tutub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova çıxışında qeyd edib ki, bu cür ədəbi-mədəni təşəbbüslər Azərbaycanla almandilli ölkələr arasında humanitar əlaqələrin və mədəni dialoqun inkişafında mühüm rol oynayır. O vurğulayıb ki, Bəxtiyar Vahabzadə yaradıcılığı milli kimlik, azadlıq, mədəni özünüdərk ideyalarını özündə birləşdirən zəngin mənəvi irsdir və bu irsin Avropa oxucusuna keyfiyyətli tərcümələrlə çatdırılması xüsusi əhəmiyyət daşıyır.

Diqqətə çatdırılıb ki, təqdim olunan “Azərbaycan oğluyam“ adlı kitabda B.Vahabzadə yaradıcılığına dair görkəmli tərcüməçi H. Ə. Şmide tərəfindən müxtəlif kitablarda işıq üzü görmüş tərcümələri, eləcə də Mixael Raynhard Hess və Yusif Savalanın tərcümələri toplanıb.

Tədbir çərçivəsində tanınmış türkoloq alim Mixael Raynhard Hess Bəxtiyar Vahabzadənin yaradıcılığına dair məruzə ilə çıxış edib. Məruzəçi Bəxtiyar Vahabzadəni XX və XXI əsrin əvvəllərinin ən böyük Azərbaycan şairlərindən biri kimi xarakterizə edərək, onun poeziyasının milli birlik, azadlıq və mədəni özünütəsdiq ideyaları üzərində qurulduğunu bildirib.

M. R. Hess qeyd edib ki, Vahabzadənin yaradıcılığı yalnız poeziya ilə məhdudlaşmır, o, eyni zamanda alim, publisist, ictimai xadim və siyasi fiqur kimi də fəaliyyət göstərib və bütün bu istiqamətlər vahid məqsədə – Azərbaycan xalqının milli kimliyinin qorunmasına və möhkəmləndirilməsinə xidmət edib. Məruzədə vurğulanıb ki, şairin əsərlərində Azərbaycan xalq ədəbiyyatını motivləri ilə müasir poetik formalar ustalıqla birləşdirilib.

Alim sovet dövründə yazılmış əsərlərə də toxunaraq bildirib ki, Bəxtiyar Vahabzadə həmin illərdə ideoloji senzura şəraitində belə, mətnlərində ikili məna, simvolika və tarixi reminissensiyalar vasitəsilə milli mövqeyini ifadə etməyə nail olub. Onun “Gülüstan” və “Təzadlar” kimi əsərlərinin Azərbaycan tarixindəki parçalanma, azadlıq və ədalət mövzularını dərin poetik dillə əks etdirdiyi diqqətə çatdırılıb.

Sonra B. Vahabzadənin “Gülüstan“ poemasından bir hissə şairin öz səsi ilə təqdim olunub, ardınca isə həmin parça M. R. Hessin alman dilinə tərcüməsində səsləndirilib.

Tədbirdə həmçinin Azərbaycan ədəbiyyatının alman dilinə tanıdılmasında mühüm rol oynamış Hanspeter Əhməd Şmidenin həyat və yaradıcılığına geniş diqqət ayrılıb. Bildirilib ki, Azərbaycan ədəbiyyatının alman dilinə tərcüməsində xüsusi rola malik olan peşəkar tərcüməçi hələ gənc yaşlarında Azərbaycan ədəbiyyatına olan dərin maraq göstərib, elmi və ədəbi dairələrlə əlaqələr qurub, “Kitabi-Dədə Qorqud” dastanı, Azərbaycan poeziyası və folklor nümunələrinin alman oxucusuna çatdırılması istiqamətində gördüyü işlərdən danışıb. Onun Bəxtiyar Vahabzadə yaradıcılığına marağı hər ikisi arasında böyük bir dostluğa çevrilib.

Tədbirdə H. Ə. Şmidenin oğlu Həsən İnqo Şmide çıxış edərək, atasının Azərbaycana və ümumilikdə türk və İslam dünyasına olan maraq və sevgisindən danışıb. Hələ uşaq yaşlarında atasını Bakıya və Bəxtiyar Vahabzadənin Berlinə səfərlərinin canlı şahidi kimi xatirələrini bölüşən H. İ. Şmide ailə arxivinə aid fotolar təqdim edib. Təqdimatda görkəmli tərcüməçi və şərqşünas H. Ə. Şmidenin Azərbaycan ziyalıları ilə və eləcə də Bakı və Şəkiyə səfərləri zamanı çəkilmiş fotoları təqdim olunub. Həsən Şmide atasının yaradıcılığına göstərilən diqqətə görə təşəkkür edib və yeni kitab və tədqiqatlar sayəsində bu zəngin elmi-ədəbi irsin gələcək nəsillərə ötürüləcəyinə ümidvar olduğunu bildirib.

Ədəbi-bədii tədbirin əsas məqamlarından biri Azərbaycan dilindən alman dilinə ədəbi tərcümələr üzrə “Əhməd Şmide” mükafatının təqdimatı mərasimi olub. Bildirilib ki, bu mükafatın məqsədi tərcümə mədəniyyətini inkişaf etdirmək, Azərbaycan dilindən yüksək keyfiyyətli ədəbi tərcümələri təşviq etmək və Azərbaycanla almandilli ölkələr arasında ədəbi əlaqələri gücləndirməkdir.

Müsabiqənin nəticələrinə əsasən Azərbaycan Dillər Universitetinin dosenti, şair və tərcüməçi Yusif Savalan üçüncü yer (Xalq şairi Musa Yaqubun şeirlərinin tərcüməsinə görə), türkoloq alim Mixael Raynhard Hess ikinci (gənc yazıçı Samirə Əşrəfin “Açılmayan çətir“ hekayəsinin tərcüməsinə görə) və Azərbaycan Dillər Universitetinin dosenti Nilufər Məmmədzadə birinci yerə (Əhməd bəy Ağaoğlunun “Mən kiməm?“ əsərinə görə) layiq görülüblər, qaliblərə fəxri diplomlar təqdim olunub.

Müsabiqəyə gələcək perspektivlərinə də toxunularaq qeyd edilib ki, iki ildən bir veriləcək mükafata təqdim olunacaq ən yaxşı tərcümələr gələcəkdə ayrıca kitab şəklində nəşr olunacaqdır. Müsabiqənin ilk buraxılışında bir sıra maraqlı tərcümələr diqqətçəkən olub, xüsusilə gənc tərcüməçi Rəşidə Əsgərlinin tərcüməsi (Süleyman Sani Axundovun hekayələri) münsiflər tərəfindən yüksək qiymətləndirilib.

Tədbir Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş musiqi əsərlərindən ibarət konsert proqramı ilə yekunlaşıb. Elza İbrahimova, Xəyyam Mirzəzadə və Emin Sabitoğlunun əsərləri Vyanada yaşayan musiqiçilər – pianoçu Abuzar Mənafzadə və vokalçı Fərhad Soltani tərəfindən ifa olunub.

Tədbir Azərbaycan ədəbiyyatının, ədəbi tərcümə sənətinin və mədəni diplomatiyanın beynəlxalq səviyyədə təşviqi baxımından iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

 

Seçilən
88
azertag.az

1Mənbələr