AZ

İlin sonunadək Cəbrayıl şəhərində 15 minə yaxın sakinin yaşayacağı proqnozlaşdırılır

Bu ilin sonunadək Cəbrayıl şəhərində 15 minə yaxın sakinin yaşayacağı proqnozlaşdırılır.

Azərbaycanın cənub-qərbində, Araz çayının sol sahilində yerləşən Cəbrayıl rayonu strateji mövqeyi, zəngin tarixi və mədəni irsi ilə seçilən bölgələrimizdəndir. Uzun illər Ermənistan silahlı qüvvələri tərəfindən talan edilərək xarabalığa çevrilən Cəbrayıl bu gün dövlətin dəstəyi ilə sürətlə bərpa olunur. Mədəni irs nümunələrinin və infrastrukturun yenidən qurulması şəhərə yeni həyat gətirir.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, hazırda Cəbrayıl şəhərində genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır. Dağıntılar fonunda yenidən tikilən şəhər hər gün daha da müasirləşir. Son bir il ərzində artıq 663 ailə öz dədə-baba yurduna qayıdıb. Çoxmənzilli binalarda mənzillərlə təmin olunan ailələr 24 saat fasiləsiz su, elektrik enerjisi, qaz və rabitə xidmətləri ilə təmin edilib. Otuz ildən sonra doğma torpaqlarında işıqlarını yandıran cəbrayıllılar doğma yurda qayıdışın sevincini və qürurunu yaşayırlar.
Cəbrayıla qayıdan sakinlərdən biri 86 yaşlı Cavad Ağayevdir. O, 1993-cü ildə dörd övladı ilə birlikdə doğma yurdunu tərk etmək məcburiyyətində qaldığını xatırladır. Bu gün isə ahıl yaşında Cəbrayıl şəhərində yeni mənzilində nəvələrini qonaq qəbul etməyin sevincini yaşadığını deyir. Onun sözlərinə görə, illər sonra doğma torpağa qayıtmaq həyatının ən unudulmaz anlarından biridir.
Cəbrayıl rayonu təkcə müasir şəhərsalma baxımından deyil, həm də zəngin tarixi-mədəni irsi ilə seçilir. Rayon ərazisində yerləşən qədim yaşayış məskənləri, alban məbədləri, orta əsrlərə aid qayaüstü yazılar Cəbrayılın minilliklərə söykənən mədəniyyət mərkəzi olduğunu təsdiqləyir. Yerli sakinlərin sözlərinə görə, rayon ərazisində hələ də tədqiqata ehtiyacı olan çoxsaylı qədim yaşayış məkanları və tarixi izlər mövcuddur.
Şəhərə qayıdan ahıl sakinlər də yenidənqurma prosesində fəal iştirak edirlər. Köçkünlük həyatına son qoyduqdan sonra özlərini daha gümrah hiss edən yaşlı insanlar ətraf mühitin bərpasına töhfə verir, əraziləri kol-kosdan təmizləyir, ağaclarda budama işləri aparırlar. Onlar bu işləri doğma şəhərlərinin daha da gözəlləşməsi üçün mənəvi borc hesab edirlər.
Qeyd edək ki, “Cəbrayıl şəhərinin inkişafına dair Baş plan”a əsasən, şəhərin bərpası və inkişafı dörd mərhələdə həyata keçiriləcək. Bu ilin sonunadək Cəbrayıl şəhərində 15 minə yaxın sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb. Burada az və orta mərtəbəli çoxmənzilli binaların, həmçinin həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulur. Planlara görə, əhalinin 82 faizi çoxmənzilli binalarda, 18 faizi isə fərdi evlərdə yaşayacaq. Layihələndirmə zamanı müasir memarlıq üslubu və şəhər ərazisindən səmərəli istifadə əsas götürülüb.
Bu gün Cəbrayıl yalnız bərpa olunan bir şəhər deyil, eyni zamanda gələcəyə doğru inamla addımlayan, yenidən dirçələn bir yaşayış məkanıdır.

Seçilən
69
teleqraf.com

1Mənbələr