Çin mənşəli “TikTok” şirkəti ABŞ-də platformanın qadağan olunmasının qarşısını almaq məqsədilə 14 milyard dollarlıq razılaşma əldə edib.
NOCOMMENT.az xəbər verir ki, “Politico”nun məlumatına görə, saziş “TikTok”un ABŞ üçün ayrıca hüquqi strukturunun yaradılmasını və bu struktur üzərində nəzarətin amerikalı investorlar qrupuna verilməsini nəzərdə tutur.
Razılaşmaya əsasən, “Silver Lake”, Əbu-Dabidən MGX şirkəti və “Oracle” yeni yaradılacaq birgə müəssisədə hər biri 15 faiz pay alacaq. “TikTok”un ana şirkəti “ByteDance” isə təxminən 20 faiz payını saxlayacaq. ABŞ versiyasında “TikTok” müstəqil şirkət kimi fəaliyyət göstərəcək, ayrıca idarə heyəti və öz rəhbərliyi olacaq.
Saziş ABŞ-də qəbul edilən və “TikTok”un ya amerikalı sahibə satılmasını, ya da ölkə ərazisində qadağan olunmasını tələb edən qanuna cavab olaraq bağlanıb. Vaşinqtonun əsas şərtlərindən biri tövsiyə alqoritmi üzərində tam nəzarətin ABŞ tərəfinə keçməsi olub. Bildirilir ki, bu alqoritm ABŞ istifadəçilərinin məlumatları əsasında yenidən öyrədiləcək.
ABŞ Prezidenti Donald Tramp razılaşmanı açıq şəkildə dəstəkləyərək, “”TikTok”-u xilas etdiyimə şadam”, – deyə bəyan edib. Bununla belə, tənqidçilər “ByteDance”in payını saxlaması səbəbindən Çinin platforma üzərində təsir imkanlarının qalacağını iddia edirlər.
Aliyə