Trampın müttəfiqi TikTok törəmə şirkətinin yeni sahibləri arasında olacaq.
QHT.az xəbər verir ki, Çin şirkəti TikTok ABŞ-da qadağanın qarşısını almaq üçün ayrıca Amerika törəmə şirkəti yaratmaq və nəzarəti ABŞ investorlarına vermək məqsədilə 14 milyard dollarlıq razılaşma imzalayıb. Razılaşmaya əsasən, yeni Amerika strukturunda Silver Lake, MGX və Oracle əsas investorlar olacaq və hər biri 15 faiz pay əldə edəcək.
TikTok-un ana şirkəti ByteDance isə təxminən 20 faiz payı özündə saxlayacaq. Birgə müəssisənin idarə heyətinə TikTok-un baş direktoru Şou Zi Çu və investor şirkətlərin yüksək vəzifəli rəhbərləri daxil olacaq. TikTok-un Əməliyyatlar, Etibar və Təhlükəsizlik üzrə rəhbəri Adam Presser yeni qurumun baş direktoru təyin edilib.
Tətbiqin tövsiyə alqoritminə görə məsuliyyət Amerika şirkətinə veriləcək və alqoritm ABŞ istifadəçilərinin məlumatları əsasında yenidən təlim keçəcək. Donald Tramp razılaşmanı açıq şəkildə dəstəkləyərək TikTok-un ABŞ-da fəaliyyətinin davam etməsindən məmnun olduğunu bildirib. Buna baxmayaraq, ABŞ-dakı bəzi tənqidçilər ByteDance-ın payı vasitəsilə Çinin təsirinin tam aradan qalxmadığını iddia edirlər.
R.İmanov