AZ

Öncə 4, indi 11 erməni Ermənistana təhvil verilir: Bakı və İrəvan nəyə hazırlaşır?

Azərbaycan və Ermənistan arasında humanitar əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Ötən illərdə ölkəmiz tərəfindən İrəvana təhvil verilmiş Ermənistanın Əmək və Sosial Məsələlər naziri Arsen Torosyan deyib ki, Azərbaycan Qarabağda qalan 10 erməni və bir Rusiya vətəndaşını (Ermənistan vətəndaşı) İrəvana təhvil verib.

“Onlar Qarabağın 2023-cü ilin sentyabrında Azərbaycanın nəzarətinə tam keçməsindən və əhalinin Ermənistana köçməsindən sonra orada qalıblar. Onlar Ermənistan və Azərbaycanın səlahiyyətli orqanlarına müraciət edib və bu müraciətlər əsasında Ermənistan tərəfinə ötürülüblər”, – o bildirib.

Azərbaycan bundan əvvəl də Ermənistanla əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekçyanı Ermənistana təhvil vermişdi.

Elnur Ənvəroğlu

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu bildirib ki, Qarabağda qalmış 10 erməni və bir Rusiya vətəndaşının (Ermənistan pasportu daşıyan) rəsmi müraciətlər əsasında İrəvana təhvil verilməsi göstərir ki, Bakı prosesi hüquqi çərçivədə aparmağa xüsusi diqqət yetirib:

“Yəni bu addım humanitar jest kimi təqdim olunur və beynəlxalq hüquq prizmasında “məsuliyyətli davranış” mesajı verir. Bu, Azərbaycanın son dövrdə qurduğu narrativlə tam üst-üstə düşür. Qarabağ məsələsi artıq bağlanıb, indi isə post-münaqişə mərhələsi başlayıb.

Mən bunu Davosda görüşlə əlaqələndirməzdim. Əksinə, Azərbaycan bu proseslərə artıq çoxdan başlayıb.

Düzdür, zamanlama həqiqətən diqqət çəkicidir. Prezident İlham Əliyevin Davosda Donald Trampla təmasları fonunda belə bir addımın atılması bir çoxlarında fərqli təəssürat yaradır. Amma deyərdim ki, Azərbaycan bu addımla təkcə Vaşinqtona deyil, vaxtilə Bakını “aqressor” kimi qələmə verən bəzi Qərb cəbhəsinin üzvlərinə göstərir ki, Bakı eskalasiyada maraqlı deyil, humanitar mövzularda çevikdir və ən əsası da Ermənistanla texniki məsələlərdə dialoqa açıqdır”.

“Eyni zamanda, bu addım İrəvana da yönəlmiş mesajdır. Ermənistan uzun müddətdir Qarabağda qalmış ermənilər mövzusunu potensial humanitar böhran kimi gündəmdə saxlamağa çalışırdı. Azərbaycanın bu şəxsləri könüllü müraciət əsasında təhvil verməsi həmin arqumentin böyük hissəsini neytrallaşdırır. Üstəlik, bu, dırnaqarası etnik təmizləmə iddialarına qarşı praktik cavabdır. Yəni, istəsəydik, buraxmazdıq, amma buraxdıq!” – deyə ekspert bildirib.

Atilla Rzasoy

Seçilən
21
nocomment.az

1Mənbələr