AZ

ADPU-da imtahan sessiyası: akademik dürüstlük, şəffaflıq və obyektiv qiymətləndirmə mexanizmləri




İctimai-siyasi fəal, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Anar Salehoğlu ADPU-da payız semestrinin imtahan sessiyasının təşkili, şəffaflıq prinsipləri və akademik dürüstlüyün qorunması ilə bağlı suallarımızı cavablandırıb.

– Anar müəllim, hazırda ADPU-da payız semestrinin imtahan sessiyası davam edir. Ümumilikdə imtahanların təşkili və gedişi ilə bağlı fikirlərinizi necə ifadə edərdiniz?

– Azərbaycan Dövlət Pedaqoji Universitetində imtahan sessiyası əvvəlcədən müəyyən edilmiş qaydalara, müasir qiymətləndirmə meyarlarına və akademik etikaya uyğun şəkildə təşkil olunur. Burada əsas hədəf tələbələrin semestr ərzində əldə etdikləri bilik və bacarıqların real, obyektiv və şəffaf şəkildə qiymətləndirilməsidir. Xüsusilə qeyd etməliyəm ki, ADPU rəhbərliyi keyfiyyətli təhsilin təmin olunmasını strateji prioritet kimi müəyyənləşdirib və bu istiqamətdə yorulmadan, ardıcıl iş aparır. Bu yanaşma imtahan prosesinin bütün mərhələlərində – təşkilati, nəzarət və qiymətləndirmə mexanizmlərində aydın şəkildə hiss olunur.

– Tələbələr arasında ən çox müzakirə olunan məsələlərdən biri də qiymətləndirmənin obyektivliyidir. Bu istiqamətdə ADPU-da hansı addımlar atılır?

– Qiymətləndirmənin obyektivliyi ADPU-da əsas prinsiplərdən biridir. İmtahanlar zamanı şəffaf nəzarət mexanizmləri tətbiq olunur, müəllim-tələbə münasibətlərində subyektivliyin qarşısının alınması üçün bütün prosedurlar normativ sənədlərə əsaslanır. Tələbələr bilirlər ki, onların biliyi hansı meyarlar əsasında qiymətləndirilir və bu, inam mühitinin formalaşmasına ciddi töhfə verir. Məhz bu səbəbdən ADPU-da imtahan nəticələri cəmiyyət və tələbələr tərəfindən ümumilikdə etibarlı və əsaslandırılmış hesab olunur.

– İmtahan nəticəsindən narazı qalan tələbələr üçün hansı imkanlar mövcuddur? Apellyasiya mexanizmi necə işləyir?

– Nəticəsindən narazı olan hər bir tələbənin Apellyasiya komissiyasına müraciət etmək hüququ var və bu hüquq formal xarakter daşımır. Apellyasiya prosesi tam şəffaf şəkildə həyata keçirilir. Tələbələrin cavab vərəqləri komissiya üzvləri tərəfindən yenidən, detallı şəkildə araşdırılır, hər bir cavab sualın tələblərinə uyğun olaraq təhlil edilir. Əgər tələbənin verdiyi cavab qiymətləndirmə zamanı düzgün nəzərə alınmayıbsa, bu, obyektiv şəkildə aradan qaldırılır.

– Apellyasiya zamanı tələbələrin xeyrinə qərarların verildiyi hallar olurmu?

– Bəli, belə hallar olur və bu da sistemin sağlam işlədiyini göstərir. Tələbə haqlı olduğu təqdirdə onun topladığı bal yenidən hesablanır və nəticədə tələbənin xeyrinə dəyişiklik edilir. Bu yanaşma ADPU-da ədalət prinsipinin yalnız şüar olaraq deyil, praktik mexanizm kimi tətbiq olunduğunu sübut edir.

– İmtahan sessiyası zamanı operativ məsələlərin həlli üçün hansı strukturlar fəaliyyət göstərir?

– Bu istiqamətdə İmtahan Qərargahının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Qərargah imtahan sessiyası müddətində fasiləsiz işləyir. Tələbələr burada ətraflı dinlənilir, onların müraciət və suallarına həssaslıqla yanaşılır. İmtahan prosesində yaranan istənilən texniki, təşkilati və ya inzibati problem yerində araşdırılır və mümkün qədər qısa müddətdə həll edilir. Bu da imtahan mühitində gərginliyin azalmasına və tələbə məmnuniyyətinin artmasına xidmət edir.

– İmtahan zamanı qayda pozuntularına yol verən tələbələrlə bağlı hansı tədbirlər görülür? Bu məsələyə yanaşma necədir?

– Akademik dürüstlük ADPU-da qəti şəkildə qorunan prinsiplərdən biridir. İmtahan prosesi zamanı qayda pozuntusuna yol verən, mobil telefon, konspekt, qulaqcıq və ya digər köməkçi vasitələrdən istifadə edən tələbələr aşkar edildikdə, obyektivlik və ədalət prinsipləri rəhbər tutulur. Belə hallarda tələbələr dərhal imtahandan uzaqlaşdırılır, barələrində müvafiq protokol tərtib olunur və imtahan nəticələri ləğv edilir. Bu addımlar cəzalandırma məqsədi daşımır, əksinə, imtahan mühitində bərabər şəraitin və ədalətli rəqabətin qorunmasına xidmət edir.

– Bu yanaşmanın imtahan mühitinə təsiri necədir?

– Qaydalara ciddi riayət olunması imtahan mühitində intizamı gücləndirir və vicdanla imtahan verən tələbələrin hüquqlarını qoruyur. Tələbələr bilirlər ki, hər kəs eyni şərtlər altında qiymətləndirilir və bu, ümumi akademik mədəniyyətin yüksəlməsinə müsbət təsir göstərir.

– Ümumilikdə ADPU-da təhsil mühiti və perspektivlər haqqında nə demək olar?

– Mən əminliklə deyə bilərəm ki, ADPU-da təhsil səviyyəsi yüksəkdir və bu səviyyənin daha da yüksəldilməsi üçün məqsədyönlü islahatlar aparılır. Universitet rəhbərliyi keyfiyyətli təhsil, şəffaf idarəetmə və tələbəyönümlü yanaşma prinsiplərinə sadiqdir. Bu da ADPU-nu ölkənin aparıcı ali təhsil müəssisələrindən biri kimi möhkəmləndirir.

– Sonda tələbələrə mesajınız nədir?

– Tələbələrə tövsiyəm odur ki, imtahanlara məsuliyyətlə yanaşsınlar, öz biliklərinə güvənsinlər və qaydalara əməl etsinlər. Hər hansı sual və ya narazılıq olduqda isə universitetin yaratdığı rəsmi mexanizmlərdən çəkinmədən istifadə etsinlər. ADPU-da hər bir tələbənin hüquqları qorunur və ədalətli qiymətləndirmə əsas prinsip kimi daim ön plandadır.

R.Mehdiyeva
Seçilən
12
1
newscenter.az

2Mənbələr