AZ

Paulista “Beşiktaş”ı və anasının səhhətini çox tez unutdu

Anasının səhhətini və ailəsinin psixoloji durumunu əsas gətirərək bu qış “Beşiktaş”dan ayrılaraq vətəni Braziliyaya yollanan Qabriel Paulistanın yeni klubunun adına aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, 35 yaşlı təcrübəli mərkəz müdafiəçisi Braziliyanın köklü və iddialı klubu “Korintians”la ikiillik müqavilə imzalayıb. O, srağagün mətbuat önündə rəsmi müqaviləyə imza atıb və ilk açıqlamalarını verib. Paulistanın sözləri maraq doğurub. Onun sözlərindən belə başa düşmək olar ki, bu transferi çoxdan planlaşdırırmış.

“Korintians”ı karyerasının ən güclü klubu adlandıran “sambaçı” mətbuat konfransında anasının səhhəti və ya “Beşiktaş”dan məhz buna görə ayrılmalı olması barədə heç nə deməyib:
“Bir çox təklif almışdım. Amma “Korintians”a üstünlük verdim. Bir nöqtədə artıq menecerimə “başqa təklifləri dinləmək istəmirəm” dedim. “Beşiktaş”dakı müqaviləmdən imtina etdim, çünki bura mənim üçün daha dəyərlidi. Burda oynamaq mənim arzum idi. Bunun üçün geridə nələri buraxmağım o qədər də önəmli deyil. “Korintians” indiyə qədər karyeramda oynadığım ən böyük klubdu! Hələ də burda olduğuma inana bilmirəm. Danışıqlar davam edərkən həyəcandan gözümə yuxu getmirdi. Bu bir yuxudusa, heç oyanmaq istəmirəm. Meydanda canımı qoymaq tələb olunacaqsa, bunu da edcəcəm. Ən qısa müddətdə bu formanı əynimə keçirmək və aynada özümə baxaraq “mən bunu bacardım” demək istəyirəm”.

Yeri gəlmişkən, müqavilə ilə “Beşiktaş”a məxsus olan Elan Rikardonun yeni klubu bəlli olub. 21 yaşlı kolumbiyalı karyerasını vətənində davam etdirəcək. O, mövsümün sonuna qədər “Deportes Tolima”ya icarəyə verilib. Rikardo ilk dövrəni icarə əsasında Braziliyanın 2-ci divizion təmsilçisi “Atletiko Paranaense”də keçirmişdi. Ancaq o, burda ümidləri doğrultmayaraq cəmi 2 rəsmi oyuna çıxa bildi. Ona görə də “Atletiko” Rikardo ilə yollarını ayırdı.

Qeyd edək ki, bu futbolçu “Beşiktaş”a 2025-in fevralında 1,9 milyon avroya “İnter Boqota”dan transfer olunub. Ötən mövsümün ikinci dövrəsində dəfələrlə adı iştirak ərizəsinə salınsa da, “ağ-qaralar”da heç bir rəsmi oyunda şans qazanmadı. Bu futbolçunun “qartal” ilə 2029-un iyununa qədər müqaviləsi var.
Seçilən
30
1
football-plus.az

2Mənbələr