AZ

İranda kütləvi etirazlar fonunda yüzlərlə nəfər saxlanılıb, “məcburi etiraf” videoları yayılıb » AzadMedia.az



HRANA – İranda ölkə miqyasında davam edən etiraz aksiyaları fonunda Kirman, Tehran, Səmnan şəhərlərində və İlam vilayətinin Lumar bölgəsində azı 22 vətəndaşın saxlanıldığı bildirilir. Bundan əlavə, saxlanılanlardan beş nəfərin məcburi etiraflarını əks etdirən videolar yayılıb. Videoların hansı şəraitdə çəkildiyi barədə məlumat yoxdur.
Eyni zamanda, son günlər Nişapur şəhərində müəllim Əbdülrza Qəndəhari, Abdanan şəhərində isə Möhsən Baveri təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Xidməti isə ölkə üzrə azı 735 nəfərin saxlanıldığını və ya istintaqa cəlb edildiyini açıqlayıb.
“Mehr” xəbər agentliyinin məlumatına görə, Kirman şəhərində etirazlarla əlaqədar iki nəfər saxlanılıb. Rəsmi iddialara əsasən, onlardan biri Mossad-la əməkdaşlıqda ittiham olunur. Təhlükəsizlik qurumlarına yaxın kanallar Səmnan şəhərində də üç nəfərin oxşar ittihamlarla saxlanıldığını bildiriblər.
İran Dövlət Televiziyası (IRIB) isə Tehranda Kəşfiyyat Nazirliyinin nəzarətində olan təcridxanada 16 nəfərin saxlanıldığını açıqlayıb. Bildirilib ki, onlar ictimai əmlaka ziyan vurmaqda ittiham olunur və guya üzərlərində silahlar, əl istehsalı partlayıcılar və spirtli içkilər aşkarlanıb.
“Tasnim” agentliyi SEPAH-ın Kəşfiyyat Xidmətinə istinadən xəbər verir ki, saxlanılan və ya çağırılan şəxslər “anti-təhlükəsizlik şəbəkələri” və “xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq”da ittiham edilirlər. İddialara görə, 46 nəfər xarici kəşfiyyat xidmətləri ilə əlaqəli hesab olunur, onlardan 743 ədəd qanunsuz silah müsadirə edilib.
Müəllim Əbdülrza Qəndəharinin yanvarın 17-də Nişapurda saxlanıldığı, bundan sonra ailəsi ilə əlaqəsinin kəsildiyi bildirilir. Ailəsi onun saxlanma yeri və vəziyyəti barədə heç bir məlumat ala bilmir. Qəndəhari daha əvvəl də ictimai fəaliyyəti səbəbilə təzyiqlərlə üzləşib.
“Kurdpa” agentliyinin məlumatına görə, Möhsən Baveri yanvarın 17-də Abdananda saxlanılıb. Ailəsinin dəfələrlə müraciətinə baxmayaraq, rəsmi qurumlar onun durumu ilə bağlı açıqlama verməyib.
Hazırda saxlanılan şəxslərə qarşı irəli sürülən rəsmi ittihamlar və onların saxlanma yerləri barədə heç bir dəqiq məlumat yoxdur.
Qeyd edək ki, etirazlar və bazar dükanlarının bağlanması aksiyaları dekabrın 28-də Tehranda başlayıb və qısa müddətdə digər şəhərlərə yayılıb. Tələbələrin, müxtəlif sosial qrupların və vətəndaşların qoşulması ilə bu aksiyalar son illərin ən genişmiqyaslı etiraz dalğalarından birinə çevrilib.
Seçilən
54
1
azadmedia.az

2Mənbələr