AZ

Tural Mustafayev: “Karmen” tamaşasının ideyası 16 ildən sonra reallaşdı

Bakı, 23 yanvar, Günel Alıyeva, AZƏRTAC

Bu tamaşanın ideyası hələ 2010-cu ildə yaranıb. Elə həmin vaxt konsepsiya ilə bağlı ilk müzakirələr başlayıb və o dövrdə, aktyor heyəti ilə bağlı qərar verilib. Məsələn, Azərbaycanın Əməkdar artisti Həcər Ağayevanı mən ilk gündən bu tamaşada görürdüm.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində “Karmen. Xosenin hekayəsi” tamaşasının quruluşçu rejissoru Tural Mustafayev söyləyib.

“Yəqin məhz bu zaman lazım idi ki, İsmayıl İman dramaturq kimi meydana çıxsın. Biz uzun müddət birgə çalışdıq, dostlaşdıq və bir gün ona səhnələşdirmə etməyi təklif etdim. Onun səyləri sayəsində bu gün səhnə versiyamız var”, – deyə o qeyd edib.

Həmsöhbətimizin sözlərinə görə, bu, onun ən çox gözlədiyi premyera olub.

“Biz fransız yazıçısı Prosper Merimenin novellasına münasibətimizi ifadə etməyə çalışdıq. Şübhəsiz ki, orada Karmen obrazı mühümdür, lakin məni daha çox Xosenin taleyi düşündürür”, – deyə T. Mustafayev vurğulayıb.

Rejissor qeyd edib ki, hər bir tamaşa onun üçün daxili suallara cavab tapmaq və insan hisslərinin təbiətini “araşdırmaq” cəhdidir: “Bu tamaşada araşdırmamın əsas mövzusu Xosenin Karmenə sevgisinin mahiyyəti oldu. Yəni, nə baş verdi ki, gənc, məqsədyönlü, inanclı bir insan əvvəlki həyatından imtina etdi və mahiyyət etibarilə sosial boşluğa yuvarlandı, quldura və qatilə çevrildi? Biz bu barədə düşündük, mübahisə etdik, cavablar axtardıq”.

Tamaşa üzərində aparılan işlərdən danışan T.Mustafayev prosesin yaradıcı mühitdə və truppanın tam fədakarlığı ilə keçdiyini vurğulayıb. “Mənim gözəl aktyor heyətim var. Onların hər biri bu işə öz töhfəsini verib və bura özlərindən bir parça qoyublar”, – deyə rejissor əlavə edib.

Seçilən
97
azertag.az

1Mənbələr