AZ

“Adi qrip” deyib keçməyin: Bir səhv qərarın həyatı necə dəyişdirdiyinin dərsliyi

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əzələ ağrısı, öskürək, yüksək hərarət… Bu əlamətləri oxuyanda çoxumuzun ağlına bircə söz gəlir: qrip. Bir stəkan isti çay, bir ağrıkəsici və “keçər” düşüncəsi. Böyük Britaniyada pub meneceri kimi çalışan Aleks Lyuis də məhz belə düşünmüşdü. Amma onun hekayəsi göstərir ki, bəzən “adi qrip” deyə yüngül yanaşdığımız əlamətlər həyatla ölüm arasındakı sərhəd ola bilər.

2013-cü ilin noyabrında Aleks özünü pis hiss etməyə başlayanda ciddi narahatlıq duymayıb. Mövsümi xəstəliklərə bənzər simptomlar vardı və o, minlərlə insan kimi həkimə getməyi təxirə salıb. Lakin cəmi 10 gün sonra vəziyyət dramatik şəkildə dəyişib. Aleks xəstəxanaya gətiriləndə artıq şüuru pozulmuşdu, dərisinin rəngi dəyişmişdi və həyatı təhlükə altındaydı.

Həkimlər səbəbi müəyyən edəndə mənzərə daha da qorxulu oldu: A qrup streptokok bakteriyası. Geniş yayılmış, çox vaxt zərərsiz hesab edilən bu bakteriya nadir hallarda toksik şok və sepsis yaradır. Aleksin başına gələn də məhz bu idi. Həkimlər onun növbəti üç gün ərzində sağ qalma ehtimalını cəmi 1 faiz olaraq qiymətləndirmişdilər.

Onun həyatını xilas etmək üçün ən ağır qərar verildi. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün hər iki qolu və hər iki ayağı amputasiya edildi. Üz nahiyəsi də zədələndiyi üçün mürəkkəb rekonstruktiv əməliyyatlara ehtiyac yarandı. Uzun müddət Aleksin həyati funksiyaları cihazların köməyi ilə saxlanıldı. Bir “qrip” şübhəsi onu bir anda tamamilə başqa həyata aparmışdı.

Amma bu hekayə yalnız faciə deyil. Bu, eyni zamanda insan iradəsinin gücünün sübutudur. Aleks Lyuis sağ qaldı. Protezlərlə yaşamağı öyrəndi, motivasiya spikerinə çevrildi, ekstremal idmanla məşğul olmağa başladı və xeyriyyə fondu yaratdı. Bu gün o, minlərlə insana ümid verən bir simadır.

Aleksin hekayəsi təkcə Böyük Britaniya üçün deyil, Azərbaycan üçün də ciddi xəbərdarlıqdır. Bizdə də çox zaman qripə oxşar əlamətlər “əhəmiyyətsiz” sayılır. “Bir az dincəlim, keçər”, “Həkimə nə var ki, gedim?” düşüncəsi geniş yayılıb. Halbuki bəzi infeksiyalar məhz bu laqeydlikdən güc alır və ağır nəticələrə səbəb olur.

Mütəxəssislər xəbərdarlıq edir ki, yüksək hərarət uzun müddət düşmürsə, güclü halsızlıq, huşun qarışması yaranırsa, dəri rəngində dəyişiklik müşahidə olunursa, ağrılar adi qripdən daha şiddətlidirsə bu artıq “adi xəstəlik” deyil.

Aleks Lyuis bir səhvin bədəli ilə dörd əzasını itirdi, amma həyatını itirmədi. Onun hekayəsi bizə xatırladır ki, bəzən həkimə vaxtında getmək təkcə sağlamlığı deyil, həyatı xilas edir. “Qripdir, keçər” deməzdən əvvəl bir anlıq düşünmək isə hər birimizin borcudur.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
icma.az

1Mənbələr